Əsas Səhifə > Ölkə, Manşet > «Göyçay Avtonəqliyyat» ASC-nin rəhbəri yetimin malına göz dikib...

«Göyçay Avtonəqliyyat» ASC-nin rəhbəri yetimin malına göz dikib...


13-08-2016, 09:51
«Göyçay Avtonəqliyyat» ASC-nin rəhbəri yetimin malına göz dikib...
«Banklardan götürdüyümüz kreditlər hesabına tikib ortaya çıxardığımız çörəkbişirmə sexini əlimizdən almaq istəyir. Ona bu işdə rəsmi qurumlar da dəstək verir. Məsələn, sexin mövcudluğu reyestr xidməti sxemində gizlədilib və ərazi boş yer kimi göstərilir».

«ANAM XƏSTƏLİK TAPIB»

Göyçay sakini Rüstəm İsmayılov uzun illərdir ki, «Göyçay Avtonəqliyyat» ASC-nin sədri Arif Əliyevdən şikayətçi düşüb. O, AzadlıqRadiosuna danışır ki, 1994-cü ildə atası ilə birlikdə rayon icra hakimiyyətinə müraciət edərək «Göyçay Avtonəqliyyat» ASC-nin ərazisindəki 80 kvadratmetrlik ərazini qanuni yolla alıb. Ərazidə çörəkbişirmə sexi tikərək istifadə edib. 1998-ci ildə Almaniyaya köçüb. İşləri isə atasına həvalə edib. Zaman-zaman sexin ərazisini genişləndirərək 371 kvadratmetrə çatdırıblar. «Göyçay Avtonəqliyyat» ASC-nin rəhbərliyinə Arif Əliyev gələndən sonra, Rüstəm İsmayılovun deməsinə görə, sənədləri saxtalaşdıraraq ərazini onun əlindən almağa cəhd edib:

«Ailəm 22 il əvvəl Göyçay Rayon İcra Hakimiyyətinin imzaladığı müddətsiz müqavilə əsasında aldığı və şəxsi vəsaiti hesabına tikdiyi çörəkbişirmə sexindən istifadə edə bilmir. 1999-cu ildə Arif Əliyev vəzifəyə gələndən sexi əlimizdən alıb. Bütün məhkəmələr, o cümlədən Şəki və Göyçay rayon apellyasiya məhkəmələri xeyrimizə qərar çıxarıb. Müəyyən olunub ki, A.Əliyevin təqdim etdiyi kupça qeyri-qanunidir. Ailəm bu problemlə o qədər yükləndi ki, atamın və qardaşım oğlunun bağrı çatlayaraq öldü. Hazırda anam buna görə xəstəlik tapıb».

«BİR NAZİRİN ADINI ÇƏKİR»

Sahibkar qeyd edir ki, bu il iyunun 8-də sexdə təmizlik işləri aparmaq istəyərkən A.Əliyev tərəfindən təzyiqə məruz qalıblar. A.Əliyev sexin arxa divarını söküb. Rüstəm İsmayılov onun hərəkətlərindən DİN-in «102» xidmətinə zəng vurub məlumat versə də, faydası olmayıb:

«Bu adam məhkəmə qərarı saymır, deyir, «məhkəmə də, qanun da özüməm». Hər işində də bir nazirin adını çəkir. Ona arxalandığını açıq-aşkar deməkdən çəkinmir».

Şikayətçi deyir, A.Əliyev daha bir neçə şəxsin əmlakını əlindən alıb.

«İDDİALAR QANUNSUZDUR»

Arif Əliyev AzadlıqRadiosunun «Qaynar Xətt»inə bildirib ki, Rüstəm İsmayılovla müqaviləni «Göyçay Avtonəqliyyat» ASC yox, o vaxtlar fəaliyyət göstərən «Avto dəstə» bağlayıb və həmin müqavilə qanunsuzdur:

«Onun iddialarının qanunsuz olması barədə Dövlət Əmlak Komitəsi tərəfindən bizə 2008-ci ildə yazılı məlumat verilib. Uzun müddətdən sonra R.İsmayılov məhkəmədə iddia qaldırmaq əvəzinə, mətbuatda böhtan xarakterli yazılar, videolar dərc etdirməklə məqsədinə çatmaq niyyətindədir».

Qeyd edək ki, A.Əliyevlə bağlı AzadlıqRadiosunun «Qaynar xətt»inə əvvəllər «Quba Avtonəqliyyat» ASC və «Masallı Avtonəqliyyat» ASC-lərin səhmdarlarından da şikayətlər daxil olmuşdu. Səhmdarlar A.Əliyev tərəfindən hüquqlarının pozulduğunu iddia edirdilər, amma özü bunları təkzib edirdi.

Geri qayıt