Əsas Səhifə > Ölkə, Manşet > MTK-lar Azərbaycan insanını necə süründürür...

MTK-lar Azərbaycan insanını necə süründürür...


28-07-2016, 10:39
MTK-lar Azərbaycan insanını necə süründürür...
2016-cı ilin II rübündə Bakı şəhərinin Yasamal rayonunda 2, Binəqədi, Nərimanov və Səbail rayonlarının hər birində 1 və Abşeron rayonunda 1 mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) yaradılaraq dövlət qeydiyyatından keçib, bununla da ölkə üzrə MMMC-lərin sayı 28-ə çatıb .Bu barədə İqtisadiyyat Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

MMMC-lər dünyada “Kondominium” da adlandırılır (lat.– con – birlikdə, dominium — mülkiyyət). “Kondominium” anlayışı bir sıra dövlətlərdə, o cümlədən ABŞ və Qazaxıstanda geniş yayılıb (Vikipediya).

Azərbaycanda bir qayda olaraq, inşaat şirkəti binaların tikintisindən sonra özünə idarəetməni də götürür. Belə ki, inşaat başa çatandan sonra, şirkət sakinlərdən xəbərsiz olaraq mənzil-tikinti kooperativi (MTK) yaradır.

Bundan sonra isə “kooperativ üzvlərinin ümumi yığıncağı” binanın komendantını və köməkçilərini təyin edir. Komendantların və köməkçilərinin əsas vəzifəsi isə kooperativin yeni üzvlərindən pul qoparmaq olur. Beləliklə, “kooperativ üzvləri” su, işıq və qaz sayğaclarının quraşdırılması üçün pul verməli olurlar. Sakinlər həmçinin mühafizəçilərin saxlanması üçün, liftə xidmət üçün və digər şeylərə pul ödəməli olurlar.

Bəzən MTK rəhbərliklərinin fəaliyyətindən hiddətlənən sakinlər öz hüquqlarını məhkəmə yoluyla həll etməyə çalışır, lakin məhkəmələr bir qayda olaraq kooperativ rəhbərlərinin xeyrinə qərar qəbul edirlər. MMMC-lərin (kondominiuamların) yaradılması mənzil sahəsindəki problemləri aradan qaldıra bilərmi? Bu suala cavab almaq üçün, tanınmış iqtisadçı Oqtay Haqverdiyevə müraciət etdik.79726

“Gec-tez Azərbaycanda MMMC-lərin yaradılması geniş vüsət alacaq”,- deyə iqtisadçı Kavkaznews.az-a bildirdi. Lakin ekspert təəssüflə qeyd etdi ki, ölkəmizdə vətəndaşlar öz problemlərindən dolayı, bu məsələ ilə çox yaxından maraqlanmırlar.

“Ona görə də, müştərək mənzil mülkiyyətçiləri cəmiyyətlərinin yaradılması zəif templə gedir”, – deyə iqtisadçı vurğuladı. Onun sözlərinə görə, Gürcüstanda MMMC-lərin yaradılmasına hökumət özü geniş dəstək verir. “Amma təəssüf ki, Azərbaycanda bu tendensiya müşahidə olunmur”, – deyə O.Haqverdiyev əlavə etdi.

Geri qayıt