Əsas Səhifə > Ölkə, Manşet > Ağcabədidə sosial yardım düyünü...

Ağcabədidə sosial yardım düyünü...


19-07-2016, 09:46
Ağcabədidə sosial yardım düyünü...
Bu yaxınlarda Ağcabədidə Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tətbiqi məsələləri ilə əlaqədar təlim keçirildi. Ağcabədi Rayon İcra Hakimiyyətinin və rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşkilatçılığı ilə baş tutan təlimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd icra nümayəndələrinin və “Azərpoçt” MMC-nin rayon filialının nümayəndələri iştirak etdilər.

Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Babək Hüseynovun verdiyi müsahibədə təlim zamanı yeni qüvvəyə minmiş qanunvericiliyin sosial yardım üçün müraciət edən ailələrə izah edilməsi, vətəndaşların müraciətinin asan həyata keçirilməsi üçün maarifləndirilməsi üçün geniş tədbirlərin həyata keçirilməsi müzakirə edildiyini söyləmişdi. Əslində isə Ağcəbədidə bu sahədə xeyli problem var. Və bu problemi yaradan şəxs məhz elə Babək Hüseynovdur.

“Bizim Dövr” qəzetinin redaksiyasına daxil olan məlumatlarda deyilir ki, rayonda sosial yardımı ancaq imkanlı şəxslər ala bilir. Əhalinin yoxsul təbəqəsi bu imtiyazdan məhrumdur. Şikayətçilərdən biri (hələlik adları açıqlamırıq, çünki dərhal təzyiqlər başlayır vətəndaşa) deyir ki, aztəminatlı ailə kimi dövlətin ona hər ay üçün ayırdığı 112 manat məbləğində sosial yardımı ala bilmir. O, iddia edir ki, rayon Sosial Müdafiə Mərkəzi sosial yardım alanların qarşısına şərt qoyub. Belə ki, son beş ayın yardımının alınması ilə bağlı sənədə imza atıb yalnız bir aylıq məbləği ala bilərlər. Əks təqdirdə dövlət büdcəsindən ayrılan sosial yardımı almaq mümkün deyil.

Diğər şikayətçi qadın : “Altı aydır ki, sosial yardım almıram. Bütün sosial yardım alanlar beş aylıq sosial yardımın alınması ilə bağlı blanka imza atırlar. Bu məbləğin yalnız bir ayını bizə verirlər, qalan dörd ayı isə özləri mənimsəyirlər. Bununla bağlı bütün aidiyyəti qurumlara müraciət etmişik. Prezident Aparatından müraciətimizə cavab gəlib, amma nə olsun, araşdırma aparan yoxdur”.

Eyni şikayəti rayonun digər sakinlərindən də eşitdik:

- Mən onların bu şərti ilə razılaşmadım, onlardan şikayət ərizəsi yazdım. Mənə deyirlər ki, prezidentə, kimi istəyirsən şikayət et.

- Mən sənədə imza atdım. Bir ayı mənə verdilər, qalan dörd ayın pulunu özləri götürdülər. Başqa əlacım yox idi.

- Poçtalyon gətirir blankı, deyir beş aylığa imza at, bir aylığın pulunu keçiriblər bizə, istəyirsən al, istəyirsən alma. Kimə də istəyirsiniz, şikayət edə bilərsiniz.”

Babək Hüseynov anlamır ki, yaratdığı korrupsiya birbaşa dövlətçiliyə təhdiddir. Axı cəmi bir neşə ay qabaq Ağcəbədidə sosial narazılıqla bağlı iğtişaşlar olmuşdu. Hazırda eyni narazılıq rayonun bütün kəndlərində yetişir. Təkcə Taynax kəndində yüzlərlə şikayətçi var. Hər an emosiyalar alovlana bilər. Cənab nazir Səlim Müslümov bunun fərqindədirmi?

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt