Əsas Səhifə > Ölkə, Manşet > Orta məktəblərdə məzuniyyət pulu davası...
Orta məktəblərdə məzuniyyət pulu davası...13-07-2016, 09:44 |
Artıq bir neçə müddətdir ki, qəzetimizin səhifələrində Bakının Sabunçu rayonunda yerləşən 170 saylı orta məktəbin fəaliyyətində müşahidə olunan neqativ hallardan, məktəbin direktoru Nuranə Mirzəyevanın yol verdiyi özbaşınalıqlardan bəhs edən tənqidi materiallar dərc etməkdəyik. Bu xüsusda yeni aldığımız məlumatda 170 saylı və 215 saylı məkəblərin müəllimləri arasında yaranmış qarşıdurmanın qısa bir müddət ərzində bu müəssisələrin rəhbərlikləri səviyyəsində münaqişəyə çevrildiyi bildirilir. Məlumatları bizimdovr.az-a təqdim edən mənbə xəbər verir ki, dünənə qədər “can bir qəfəs” rəfiqələr, etibarlı və səmimi dostlar kimi ad çıxarmış bu iki məktəb direktoru bircə günün içərisində az qala ən barışmaz düşmənə çevriliblər. Səbəb isə əlbəttə ki, yenə də pul bölgüsüdür. Dərc etdiyimiz son materialda biz artıq göstərmişdik ki, 170 saylı məktəbdə “evdə təhsil” proqramı üzrə dərs saatlarının bölgüsü ilə bağlı artıq müəyyən problemlər yaşanmaqdadır. Həm də bu problemlər “legioner” müəllimlərlə əldə olunmuş ilkin razılaşma şərtlərinin pozulması ilə bağlıdır. Mənbənin deməyinə görə, bu müəllimlər arasında 215 saylı məktəbin təmsilçiləri üstünlük təşkil edir. Səbəb isə budur ki, həmin məktəbin direktoru Sevinc xanım Nuranə Mirzəyeva ilə yaxın rəfiqədirlər, daha doğrusu olublar. İlkin olaraq, müəllimlər öz rəhbərləri arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirərək, məktəblər arası səviyyəyə qaldırmaq ideyasını heç də dəstəkləməyiblər. Mənbənin iddiasına görə, 170 saylı və 215 saylı məktəbin müəllimləri arasında yaranmış narazılıq və qarşılıqlı ittihamlara, daha sonra isə əməlli-başlı dava-dalaşa da məhz müəllimlərə təklif olunan şərtlərin eyni olmaması səbəb olub. Gərginliyin kulminasiya nöqtəsi isə, 170 saylı məktəbin müəllimələrindən birinə çatmalı olan məzuniyyət pulunun 215 saylı məktəbin müəlliməsinin adına yazılmasından sonra yaşanıb. Belə ki, 215 saylı məktəbin müəlliməsi adına yazılmış pulu “əsil sahibinə” qaytarmaqdan imtina edib. Elə bundan sonra da tərəflər arasında əsil “müharibə” başlayıb. Əvvəlcə Nuranə Mirzəyeva öz işçisini sakitləşdirməyə çalışıb. Bunun üçün o, hətta müəllimənin anasına da telefonla zəng edib. Daha sonra isə, Nuranə xanım 215 saylı məktəbin direktoru Sevinc xanımla da əlaqə saxlayaraq, ondan öz işçisinə təsir göstərməyi tələb edib. Elə bu əsnada da direktorların sözləri “çəp gəlib” və neçə illərin “dostluğu” əməlli-başlı pozulub. Yeri gəlmişkən, kimsə düşünə bilər ki, müəllimin aldığı məzuniyyət pulu nə böyük məbləğdir ki, ona görə rəfiqələr və pedaqoqlar arasında dava da düşsün. Amma xatırladaq ki, burada söhbət məhz “evdə təhsil” proqramı üzrə tədris edən müəllimlərdən gedir. Onlara yazılan əmək haqları isə, kifayət qədər böyük məbləğlərdə ifadə olunur. Məsələn, mənbə bildirir ki, 170 saylı məktəbin müəlliməsi olan Tamilla Şirməmmədovanın adına yazılmış məzuniyyət pulu 5000 (beş min) manat təşkil edib ki, bunun da 1000 manatını həmin müəllimə direktora verib. Nuranə xanım isə, bu müəlliməni bütün məktəbə örnək olaraq göstərir. Eyni zamanda da, aldığımız açıqlamaya görə, 170 saylı məktəbdə hazırda bütün digər müəllimlərin məzuniyyət pullarından “tutmalar” həyata keçirilir. Mənbə bildirir ki, bu yığımların məbləği “evdə təhsil” proqramına cəlb olunmuş müəllimlər üçün 500-600 manat, digərləri üçün isə 250-350 manat civarında müəyyənləşdirilib. Sonda bir neçə kəlmə də 170 saylı məktəbdə dərs deyən bəzi müəllimlərin “pedaqoji səviyyələri” barədə fikir söyləmək istərdik. Deməliyik ki, Nuranə xanımın müavini, Ofeliya Mehdiyevanın “facebook” səhifəmizdə dərc olunmuş yazılara verdiyi şərhlərdə işlətdiyi ifadələrlə tanış olarkən adamın tükləri biz-biz olur. Sanki bu şərhlərin müəllifi bir pedaqoq, həm də xanım pedaqoq yox, bütün ömrünü küçə və bazarlarda keçirmiş, ədəb-ərkan qaydalarından, etik normalardan tam bixəbər olan bir kişidir. Nə deyəsən belə müəlliməyə? Və nə gözləyəsən bu müəllimənin dərs dediyi məktəbin işindən? Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq. Geri qayıt |