Əsas Səhifə > Ölkə, Manşet > Astara sakini imdad diləyir

Astara sakini imdad diləyir


11-05-2016, 09:40
Astara sakini imdad diləyir
Bir neçə gün bundan öncə üzləşdikləri sosial problemlərin varlığı ilə bağlı, Astara rayonu Ərkivan qəsəbə sakini Məmmədov Tofiq Oruc oğlu “Gündəm Xəbər” qəzetinin redaksiyasına şikayət ərizəsi ünvanlamışdı. O, yazdığı şikayət ərizəsində bildirir ki, “bizim evdə 7 nəfər ailə üzvü var. Atam Məmmədov Oruc Şafilan oğlu, anam Məmmədova Səmayə Vəlıi qızı, bacım Məmmədova Fatma Oruc qızı, qardaşım Məmmədov Adil Oruc oğlu, bacımın həyat yoldaşı Quliyev Şahin Zaman oğlu və bacımın övladı Məmmədov Kənan Şahin oğludur. Ailəmizdə yalnız anam Ərkivan kənd orta məktəbində xadimə işləyir və ayda 100 manat əməkhaqqı alır. Ailə üzvlərimizin sayı çox olduğundan, dolanışıq vəziyyətimiz də olduqca ağır durumdadır. 2015-ci ilin oktyabr ayına kimi 130 manat ünvanlı sosial yardım alırdıq, amma çox keçmədi ki, onu da kəsdilər. Belə olan halda bir neçə dəfə deputat Rəşad Mahmudovun qəbulunda oldum. Az sonra isə icra başçısı Qəzənfər Ağayevin qəbulunda olsam da, üzləşdiyimiz problemlərlə bağlı onun cavabı o oldu ki, “darıxma hər şey düzələr”. Elə ki, onun vədi öz həllini tapmadı, o halda yenidən icra başçısının qəbuluna getməyə qərar verdim. Həmin vaxt Qəzənfər müəllimin verdiyi cavab o oldu ki, “daha sən məni bezdirmisən, bəsdir daha” deməklə, məni başından etdi.
Bu gün dolanışıq vəziyyətimiz olduqca ağır durumdadır. Qəsəbəmizin yaxınlığında bir hektar əkin sahəmiz olsa da, heç cür əkib becərə bilmirik. Çünki, bizim ailəyə güzəştli kredit vermirlər. Belə olan halda tək mən yox, ümumi dolanışığı bizim ailə kimi ağır durumda olanlar qərara gəldik ki, 18 aprel 2016-cı il tarixdə yüz nəfərin iştirakı ilə aksiya keçirək. ƏƏSMN-nin önündə keçirdiyimiz aksiyaya reaksiya verən oldu. Səlahiyyət sahibi olan bir neçə şəxs problemlərmizlə maraqlansa da, çox keçmədi ki, polis əməkdaşları aksiyamızı darmadağın etdilər. Həmin vaxtdan bu günə kimi döymədiyim qapı, narahat etmədiyim vəzifə sahibləri qalmayıb. Bir kimsə bizim ailənin problemləri ilə maraqlanmır, hər hansı köməkliyini belə göstərmir. Elə ki, mən üzləşdiyimiz problemlərlə bağlı “Azərbaycan saatı” proqramında canlı surətdə danışdım, o halda yaşadığımız evin mavi qazını, elektrik enerjisini də kəsdilər. Növbəti dəfə belə bir olayla üz-üzə qalmağımız, ailəmizin çətin durumunu daha da ağırlaşdırdı”.
Sözsüz ki, bütün bunlar sosial problemlər məngənəsində boğulan bir ailə üzvlərinin düşdüyü müsibət, yaşadığı dözülməz anlardır. Çünki aylıq gəliri yüz manat, ailə üzvlərinin sayı isə 7 nəfər olan Məmmədovlar ailəsi, bu gün sözün həqiqi mənasında çıxılmaz durumdadırlar.
Problemin varlığını diqqətdə saxlayacağıq.

Geri qayıt