Əsas Səhifə > Ölkə, Manşet > İdris İsayev himayə edir, işçisi də özbaşınalıq...

İdris İsayev himayə edir, işçisi də özbaşınalıq...


5-05-2016, 09:36
İdris İsayev himayə edir, işçisi də özbaşınalıq...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bəzi yerli şöbələri, məsələn Niyazi Ələkbər oğlu Əliyevin direktoru olduğu Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi (ƏSMM) imkansız, maddi durumu ağır olan vətəndaşlara ünvanlı sosial yardımların verilməsi zamanı bir sıra əyrintilərə, neqativ hallara qol qoyur. Bu isə bir daha onu təsdiqləyir ki, Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş alıb gedən özbaşnalıqlar, mərkəzin yetkili şəxsləri tərəfindən vətəndaşların hüquqlarının kobudcasına və kütləvi şəkildə pozulması halları dövlətin bu sahədə apardığı islahatlarının tam gücü ilə həyata keçirilməsini əngəlləyir. Qeyd edək ki, məsələ ilə bağlı əldə etdiyi informasiyanı Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi özünün yarıtmaz fəaliyyəti, mərkəzin direktoru Niyazi Əliyevin isə işində yol verdiyi ciddi qanun pozuntuları və aztəminatlı vətəndaşların problemlərinə biganəliyilə analoji qurumlar arasında daha çox seçilən idarələr sırasındadır. Mənbə iddia edir ki, bu sahədə rüşvət və korrupsiyanın qarşısını almaq məqsədilə plastik kartların tətbiq olunduğu vaxtdan yaranmış üsul - kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması bu gün də Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən geniş istifadə olunur: «Deyilənlərə görə, məhz bu cür üsullarla aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitləri mənimsənilir, yol verilmiş bu kimi əməllər nəticəsində Suraxanı rayonunda yaşayan aztəminatlı ailələr dövlətin onlara hər ay üçün ayırdığı maddi yardımdan kənar qalırlar. Aztəminatlı ailələr neçə vaxtdır Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün müraciət etsələr də, vətəndaşlar müəyyən süni əngəllərlə üz-üzə qalırlar. Sakinlər iddia edir ki, rayon əhalinin sosial müdafiəsi mərkəzi sosial yardım alanların qarşısına şərt qoyub. Belə ki, son beş ayın yardımının alınması ilə bağlı sənədə imza atıb yalnız bir aylıq məbləği ala bilərlər. Əks təqdirdə dövlət büdcəsindən ayrılan sosial yardımı almaq mümkün deyil». Məlumatlı şəxsin bildirdiyinə görə, Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin səlahiyyətli şəxsləri əvvəlcə və sonradan şəxsi büdcələrinə müəyyən məbləğ girməsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adından istifadə edərək əhaliyə əlavə problemlər yaradırlar: «Deyilənlərə görə, əgər Niyazi Əliyevin direktoru olduğu mərkəzin yetkili şəxslərinin «şərtləri»nə əməl olunarsa, o zaman işiniz qısa müddət ərzində yoluna qoyulacaq və heç kim sizə problem yaratmayacaq. Nəzərinizə çatdırım ki, bütün sosial yardım alanların yardımı 6 aylıqdırsa beş aylıq sosial yardımın alınması ilə bağlı blanka imza atılır. Bu məbləğin yalnız bir ayını vətəndaşa verirlər, qalan dörd ayını isə özləri mənimsəyirlər. Düzdür, Suraxanı sakinləri məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, hələ ki, bunun heç bir faydasını görməyiblər. Belə ki, indiyədək heç bir qurum Niyazi Əliyevin rəhbərlik etdiyi mərkəzdə yaşanan neqativ hallarla bağlı araşdırma aparmayıb, onun yol verdiyi nöqsanlarla əlaqədar müvafiq tədbir görməyib. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru kimlərsə tərəfindən ciddi şəkildə müdafiə olunur. Deyilənlərə görə, onun himayədarı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevdir. Bu səbəbdən də Niyazi Əliyev heç kimdən və heç nədən çəkinmədən öz bildiyini edir, əhaliyə ünvanlı sosial yardımı özünün tətbiq etdiyi «qayda»larla verir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt