Əsas Səhifə > Ölkə, Manşet > Onun Azərbaycan təhsilindəki şəbəkəsi tam çökdürülməyib...

Onun Azərbaycan təhsilindəki şəbəkəsi tam çökdürülməyib...


2-05-2016, 10:18
Onun Azərbaycan təhsilindəki şəbəkəsi tam çökdürülməyib...
Bakının Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseydə cərəyan edən hadisələr, getdikcə daha çox gərginliyə səbəb olur. Bu barədə bizimdovr.az-a daxil olan son məlumatlarda xəbər verilir. Xatırladaq ki, bir neçə gün bundan əvvəl redaksiyamızın elektron ünvanına daxil olmuş müraciətdə liseyin direktor əvəzi Umud Babaşovun 1-ci siniflərə qəbulla bağıl həyata keçirdiyi maxinasiyalardan, eləcə də yol verdiyi bir çox digər özbaşınalıqlardan bəhs olunmuşdu. Aldığımız açıqlamada Umud Babaşov əmək qanunvericiliyinin maddələrini kobud şəkildə pozmaqda, əməkdaşlara qarşı qeyr-etik davranış üsullarına yol verməkdə, liseyə qəbul məsələlərində ciddi qanun pozuntuları törətməkdə ittiham edilirdi. Daha sonra aldığımız növbəti məlumatda isə bildirilmişdi ki, Umud Babaşov bu addımları özünün Təhsil Nazirliyində havadarları hesab etdiyi Fuad Qarayevə və Emin Əmrullayevə güvənərək atır. Bundan başqa, Umud Babaşovun əvvəllər Mingəçevirdə fəaliyyət göstərən “Çağ Öyrətim” liseyində çalışması və bu səbədən də nurçuluq təriqətilə sıx bağlılığı da Heydər Əliyev adına liseydə təhsil alan şagirdlərin valideynlərini son dərəcə narahat edən məqamlardan biri kimi çıxış edir. Buna görə də, ilkin olaraq 21 nəfər valideyn tərəfindən imzalanmış və ölkə rəhbərliyinə ünvanlanan şikayət ərizəsində Umud Babaşovun liseyin direktoru vəzifəsində təsdiqlənməsinə qarşı ciddi etirazlar öz əksini tapmışdı. Dünən aldığımız son açıqlamada isə, artıq Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya, Prezidentin Administrasiyasına, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova və digər instansiyalara ünvanlanan şikayət ərizələrinin 138 nəfər valideyn və müəllim tərəfindən imzalandığı bildirilir. Bütün bu şikayətlərin əsasında isə, eyni ittihamlar durur – Umud Babaşov tərəfindən şagirdlərə və pedaqoji heyətə qarşı sərgilənən kobudluq, özbaşınalıqlar və ən əsası da liseydə nurçuluğun təbliği. Mənbələr xüsusi olaraq vurğulayırlar ki, direktor əvəzi müəllimləri məktəbdən qovmaqla, özünün nurçu məsləkdaşlarına burada yer hazırlamağı qarşısına məqsəd qoyub. Hal-hazırda isə, liseyin xüsusilə yaşlı və təcrübəli müəllimləri Umud Babaşovun təhqirlərinə dözmək məcburiyyətində qalıblar. Bu barədə aldığımız açıqlamalardan birində deyilir: “Direktor əvəzi dəhlizdə qarşısına çıxan 50-55 yaşlı xanım müəllimələri açıq-aşkar təhqir etməkdən utanıb-çəkinmir. Onlara deyir ki, qocalıb əldən düşmüsüz, sizin artıq Xoşqədəmin verilişinə baxan vaxtınızdır, hamınızı qovacağam...”

Yenə də dünən aldığımız daha bir başqa məlumatda isə, Umud Babaşovun Təhsil Nazirliyi tərəfindən keçirilən Ümumrespublika fənn olimpiadalarının gedişində də müəyyən saxtakarlıqlara və maxinasiyalara yol verildiyi bildirilir. Konkret olaraq göstərilir ki, liseyin IX “d” sinif şagirdi Xudiyev Cavidan Azər oğlu və XI “d” sinif şagirdi Qasımzadə Nail İbrahim oğlu müvafiq olaraq, fizika və coğrafiya fənnləri üzrə olimpiadaya qatılaraq, respublika mərhələsində iştirak etmək hüququ əldə etmişlər. Lakin Umud Babaşov nə yollasa, bu faktı gizlədə bilmiş və şagirdlərin növbəti mərhələdə iştiraklarını əngəlləmişdir. Uşaqlar yalnız olimpiadanın respublika mərhələsi başa çatdıqdan sonra məlumat almışlar ki, əslində onlar ilkin mərhələdə tələb olunan keçid balını yığmışdılar. Umud Babaşov isə, həmin şagirdlərə nəticələrinin aşağı olduğunu bildirmişdir. Mənbənin deməyinə görə, bu faktın gizlədilməsində məqsəd, Umud Babaşovun TN-də olan himayədarı Fuad Qarayevə olimpiadanın nəticələrinin saxtalaşdırılması yönümündə köməklik göstərmək olub...

Materialda adı keçən bütün tərəflərin mövqeini işıqlandırmağa hazırıq.

Geri qayıt