Əsas Səhifə > Ölkə, Manşet > MTN Antiterror Mərkəzinin qurbanı təcridxanada intiharın astanasında...

MTN Antiterror Mərkəzinin qurbanı təcridxanada intiharın astanasında...


19-04-2016, 09:40
MTN Antiterror Mərkəzinin qurbanı təcridxanada intiharın astanasında...
Ötən il sentyabrın 26 - da MTN əməkdaşları tərəfindən oğurlanaraq sonradan qondarma ittihamlarla cinayət məsuliyyətinə cəlb olunan Qədimov Ramil Tahir oğlunun vəziyyəti kritikdir və hər an intihar edə biləcəyi təhlükəsi var.

Bunu Moderator.az - a açıqlamasında Ramilin atası Tahir Qədimov bildirib. Bazar günü Bakı İstintaq Təcridxanasında saxlanılan oğluna baş çəkən ata övladının psixi durumundan şoka düşərək ədliyyə naziri Fikrət Məmmədova, baş prokuror Zakir Qaralova müraciət edib.

Tahir Qədimov bildirir ki, oğlu şərlənərək günahsız olaraq törətmədiyi cinayətə görə 7 aydır zindanda çürüyür. Bu azmış kimi həbsinin ilk ayında MTN-də üzləşdiyi fiziki və psixoloji işgəncənin sarsıdıcı təsirindən sağlamlıq durumu acınacaqlı həddə çatıb, depressiya və şüurun itməsi, anlaqsız hal yaşaması kimi bərpası mümkünsüz ağır fəsadlarla üz-üzə qalıb. Tahir Qədimov deyir ki, bu günə qədər adıçəkilən səlahiyyət sahiblərinə çoxsaylı müraciət edərək oğlunun başına bir iş gələ biləcəyindən qorxduğunu, hər hansı bədbəxt hadisə yaşanacağı təqdirdə məsuliyyətin onların boynunda qalacağı xəbərdarlığını edib. Eyni zamanda T. Qədimov saytımız vasitəsilə bir daha ədliyyə nazirinə və baş prokurora müraciət edərək övladının başına gətirilən müsibətlərə biganə qalmamalarını xahiş edib.

Xatırladaq ki, martın 4-də saytımızda "MTN Antiterror Mərkəzinin daha bir tükürpədici əməliyyatı" adlı material getmişdi. (həmin materialı bu linkdən oxumaq olar---moderator.az/news/124796.html)
Həmin yazıda MTN əməkdaşlarının törətdiyi quldurluqdan bəhs edilirdi. Maraqlıdır ki, MTN-də daş daş üstə qalmasa da bu qurumun quldurları tərəfindən şərlənərək həbs edilən Ramil Qədimov azadlığa qovuşmaq əvəzinə daha da acınacaqlı duruma düşdü və indi onun neçə il cəza çəkməsi deyil, həyatda qalıb-qalmaması söhbət mövzusuna çevrilib. Bu azmış kimi artıq 7 ay məhbəsdə qalan Ramil Qədimovla bağlı normal istintaq hərəkətləri də aparılmayıb və vəkili Bəhruz Bayramov bununla bağlı dəfələrlə vəsatətlə çıxış etsə də istintaq orqanları, konkret olaraq Baş Prokurorluğun Ağır Cinayətllərə Dair İstintaq İdarəsi bu müraciətlərə saymazyana davranış sərgiləməkdə davam edir.

Mövzunu diqqətdə saxlayacağıq.

Geri qayıt