
DİA.AZ: - Salyan vaxtilə aqrar göstəricilərinə görə respulikamızın qabaqcıl rayonlardan olub. Əhalisinin təxminən 2/3 hissəsinin kənd yerində yaşamağına və onlarıın torpaq mülkiyyətçisi olmağına baxmayaraq, elmi-texniki tərəqqinin bu yüksəliş dövründə bu sektor, 30 il əvvələ nisbətən nəinki bir addım qabağa gedə bilməyib, bəlkə də üç addım geri düşüb. Torpaq həmin torpaq, insan həmin insandır. Üstəlik ölkə imperiya boyunduruğundan azad olub, kəndli əməyini istismar edən, fərdlərin müstəqil fəaliyyətini buxovlayan kollektiv təsərrüfat formasından imtina olunub, bütün qabaqcıl ölkələri uğura aparan azad bazar iqtisadiyyatı yolu seçilib. Bəs necə olur ki, insanlar torpağı, suyu olduğu, vergilərdən azad edildiyi, əvvəlki vaxtlardan da daha çox zəhmət çəkdiyi halda, nəinki varlana, özünə yüksək həyat səviyyəsi qura, hətta dolanışacaqlarını təmin edə bilmir?
Əksər rayonlar kimi, bu il Salyanda da kənd təsərrüfatı torpaqlarında daha çox taxıl əkilib. Rəsmi məlumatda bu göstərici 17500 hektardır. Təyinatına uyğun istifadə edilməyən fond torpaqlarında təxminən 3 min hektar taxıl əkilməsi barədə qeyri-rəsmi məlumat dolaşmaqdadır. “Gizli torpaq” Salyanla yanaşı, qonşu Sabirabad və digər ərazıləri də əhatə edir. Bu 10 min hektardan çox ərazinin konkret olaraq kimlərə məxsus olduğu da ictimaiyyətə bəllidir. Bu faktı qeyd etməkdə məqsədimiz heç də kimlərinsə qanunsuz yolla varlanmasını təftiş etmək deyil. Belə baxanda, “çörək bol olarsa, basılmaz Vətən.”Amma bu xüsusi zonalar və imtiyazlı şəxslər aqrar sektorun inkişafını, sağlam rəqabət mühitini öldürür, sadə zəhmət adamını min bir problemlə üz-üzə qoyur.
Hazırda kəndli min bir əziyyətlə yetişdirdiyi taxılı biçə bilmir. Səbəbsə texnika çatışmazlığıdır. Bu problem müstəqillik əldə edəndən, kollektiv təsərrüfat dağılandan bəri mövcuddur. Maraqlıdır, dövlət kənd təsərrüfatı bitkiləri yetişdirməyə kəndlini həvəsləndirmək üçün onun xərclərinin bir hissəsini qarşılayır- məhsul istehsalçılarına subsidyalar və güzəştli şərtlə gübrə ayırır. Amma nədənsə məhsulun itkisiz yığılması qayğısına qalmır, həyata keçirilən tədbirlər yetərli olmadığı halda, vəziyyəti dəyişmək üçün zəruri addımlar atmır.
2004-cü ildən bəri sosial-iqtisadi inkişafla bağlı beş illik dövlət proqramları həyata keçrilir. Bundan əlavə, 2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına, 2008-2015-ci illər üzrə yoxsulluğun azaldılması və davamlı inkişafa dair, 2011-2015-ci illər üzrə məşğulluq strategiyasının həyata keçirilməsi ilə bağlı dövlət proqramları qəbul edilib. Ölkə prezidentinin sərəncamı əsasında 2004-cü ildən başlayaraq mineral gübrələrin, pestisidlərin, texnoloji avadanlıqların, tinglərin, buğda toxumlarının, cins damazlıq heyvanların gətirilib istehsalçılara çatdırılması və kənd təsərrüfatında aqro-texniki işlərin görülməsi üşün “Aqrolizinq” ASC yaradılıb. Amma həyata keşirilən bu tədbirlər nə əhalinin ərzaq təminatını etibarlı təmin edə bilib, nə yoxsulluğun səviyyəsini azaldıb, nə də məşğulluğu artırıb.
“Aqrolizinq” ASC-nin Salyan rayonunda “Aqroservis” mərkəzi yarananda, çoxları bu quruma böyük ümidlə yanaşırdı. Düşünülürdü ki, əhalinin texnika sarıdan problemi yoluna qoyular. Axı dəyəri 50 min manatdan yuxarı müasir texnikaları almağa sadə kəndliyinin gücü çatmır. Amma bütün sahələrdə olan korrupsiya bu qurumu da iflic etdi, çox qısa müddətdə onun sükanını başqa səmtə yönəltdi. Son 5 ildə “Aqroservis”in tabeliyində 36 taxıl kombaynı olub, onun 27-si müxtəlif rayonlardan olan fiziki şəxslərə satıb. Qalan 9 kombaynın 2-si istisimara yarasızdır, 7-si isə biçin başlayandan yuxarıda qeyd etdiyimiz “gizli torpaq”da çalışır. Zəmilərdə məhsulunu gün döyən, külək sovuran, qarğa dənləyən kəndli isə növbə gözləyir. Kolxoz dönəmindən ayrı-ayrı şəxslərdə əmlak payı kimi qalan 10-15 kombayn belə çətin vaxtda kara gəlir, amma onların da apardığı biçin zamanı dənin yarsı sahəyə tökülür. Çox güman ki, bu texnikalar olmasaydı, əhali orta əsrlərdə olduğu kimi, zəmini oraqla biçərdi.
Biçin vaxtı “Aqroservis”in rəhbəri Fərid Sehranovu tapmaq müşkül məsələyə çevrilir. Artıq 3 gündür ki ardıcıl olaraq rayonun müxtəlif kəndlərindən ağsaqqallar icra başçısı Tahir Kərimovun qəbuluna gedir. Rayon rəhbəri vəziyyətdən çıxış yolunu başqa rayonlardan kömək istəməkdə görür. Amma digər bölgələrdə də vəziyyət ürəkaçan deyil.
Son illər rayonların sosial-iqtisadi inkişafı üçün Prezidentin ehtiyat fondundan milyonlarla manat vəsait ayrılır. Bu vəsait bir qayda olaraq rayon mərkəzlərinin abadlığına, yol kənarlarına barı çəkilməsinə, səkilərin, istinad divarlarının bəzəkli daş örtüyünə sərf olunur. Halbuki hər bələdiyyəyə əvəzsiz olaraq, yaxud güzəştli şərtlərlə zəruri kənd təsərrüfatı texnikaları ayırmaqla vəziyyəti dəyişmək olardı. Kənd təsərüfatı nazırliyinin nəzdində kifayət qədər lüzumsuz qurumlar, komissyalar var ki, onların fəaliyyəti hiss olunmur. Halbuki il ərzində həmin təşkilatıların saxlanılması üçün büdcədən xeyli vəsait ayrılır. Bu yerdə müdrik el tövsiyəsini xatırlatmaq istərdik: “Çörəyi ver çörəkçiyə.”
Bu yazını bir tapmaca ilə bitirmək istəyirik:
İyulun 25-dək 17 500 hektar sahədə biçin işi aparılıb yekunlaşmalıdır. 1 kombayn gün ərzində 10 ha sahədə arpa və ya buğda biçə bilir. Qeyd olunan vaxta qədər bütün sahənin biçilməsinə nə qədər kombayn tələb olunur? Sual aidiyyətı rəsmi şəxslərə ünvanlanıb və ən tez cavab yazanı mükafat gözləyir. infom.az









