Əsas Səhifə > Sosial, Manşet > Dövlətin təyin etdiyi sığorta vəsaitləri niyə ünvanına çatmır?
Dövlətin təyin etdiyi sığorta vəsaitləri niyə ünvanına çatmır?21-01-2016, 09:13 |
Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşmüş hərbi qulluqçuların və şəhidlərin ailə üzvlərinə dövlət tərəfindən sığorta pulu verilir. Sığorta pulunun verilməsi üçün qanuna müvafiq surətdə itkin düşənin ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmalıdır. 1991-1994-cü illərdə yenicə yaranmaqda olan Milli Ordu hissələrinin tərkibində torpaqlarımızın müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında xeyli sayda hərbi qulluqçumuz itkin düşüb. 1994-cü ilin may ayında atəşkəs elan olunduqdan sonra itkin düşən hərbi qulluqçularımızın axtarışı üçün aidiyyəti dövlət qurumları tərəfindən işlər görülüb. Lakin əlaqədar təşkilatların köməyi ilə də aparılan axtarışlar heç bir nəticə verməyəndə 1997-ci ildən başlayaraq itkin düşən hərbçilərin ailələri döyüş əməliyyatlarında itkin düşən ailə üzvləri barəsində sənədləşmə aparmaq məqsədilə məhkəmələrə üz tutmağa başladılar. Həmin vaxtdan başlayaraq indiyə qədər bu kateqoriyadan olan xeyli sayda hərbi qulluqçu məhkəmə qaydasında ölmüş elan olunub. Qanunla da itkin düşənin ölmüş elan edilməsi barəsində məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün həmin şəxsin öldüyü gün hesab olunur. Şəhid ailələri və Qarabağ əlilləri artıq neçə müddətdir ki, sığorta pulunun ödənilməsində yaranan problemlərə etiraz edirlər. Belə ki, 2006-cı ilə qədər sığorta haqqını ala bilməyən şəhid ailələri və müharibə əlilləri indi onlara qanundakı son dəyişiklikdə qeyd edilən məbləğin ödənilməsini tələb edirlər. Qeyd edək ki, 1997-ci ilin may ayının 20-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanun qəbul edilib. Orada göstərilib ki, Azərbaycan ordusunun əsgər və zabitləri yaralananda və ya şəhid olanda ona sığorta haqqı verilməlidir. Həmin qanunda yazılıb ki, qanun qüvvəyə minənədək sığorta hadisəsi baş verdiyi andan 3 il müddətinə qədər sığorta pulu ödənilməlidir. 2006-cı ildə verilən qərara əsasən, şəhid olan şəxsin ailəsinə sığorta pulu 11 min manat məbləğinə qaldırıldı. Birinci qrup əlil olanlara həmin məbləğin 80 faizi - 8800 manat, ikinci qrup əlil olanlara 60 faizi - 6600 manat, üçüncü qrup Qarabağ əlillərinə 40 faizi - 4400 manat ödənilməlidir. Ancaq hazırda bu pullar həmin şəxslərə ödənilmir. "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 27-ci maddəsinə əsasən, hərbi xidmətə çağırılan hər bir şəxs dövlət tərəfindən məcburi qaydada sığorta olunur. Həmin hərbi qulluqçunun həyatına dəyən ziyandan asılı olaraq dövlət ona sığorta ödənilməsini öhdəsinə götürür. Qanunun bu tələbi 1 yanvar 1992-ci il tarixdən indiyə qədər qüvvədədir. Sadəcə olaraq keçən illər ərzində sığorta məbləğində dəyişikliklər olub. Təəssüf ki, bu gün bu kateqoriyadan olan insanların müəyyən bir hissəsi bu məbləği adi qaydada yox, məhkəmə yolu ilə almaq məcburiyyətindədirlər. Dövlət Sığorta Şirkəti heç bir qanuni əsas olmadan, 1997-ci ildə qəbul olunmuş "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununu əsas götürərək həmin kateqoriyadan olan hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulan sığortanın verilməsindən imtina edir. İmtinanı da onunla əsaslandırır ki, guya 1997-ci ilə qədər hərbi qulluqçulara sığortanın verilməsi üçün heç bir hüquqi sənəd olmayıb. Halbuki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununda olan "Hərbi qulluqçuların dövlət tərəfindən məcburi sığortalanması" adlı maddə, həmin qanun qəbul edilən vaxtdan, yəni 25 dekabr 1991-ci il tarixindən mövcuddur və həmin vaxtdan da bu qanun hərbi xidmətə başlayan bütün hərbi qulluqçuların dövlət tərəfindən məcburi sığortalanması üçün hüquqi əsasdır. Belə ki, hərbi qulluqçuların sığorta edilməsı barəsində olan qanunun 27-ci maddəsində göstərilir ki, "Hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmək), xəsarət almaq (yaralanmaq, kontuziya almaq), səhhəti korlanmaq, hərbi xidmət keçirilməsi ilə bağlı bədbəxt hadisələr və ya xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəkildə sığortalanmalıdırlar. Bu da onu göstərir ki, 1991-ci ilin dekabrından, yəni Silahlı Qüvvələrimiz yarandığı gündən onun sıralarında xidmət edən hər bir hərbi qulluqçu iradəsindən asılı olmayaraq dövlət tərəfindən məcburi sığorta olunmalıdır. Bütün bunlar qarşı tərəfin sığortanın ancaq 1997-ci ildən sonra xidmət edənlərə düşməsi ilə əlaqədar şəxsi maraqlarına xidmət edən mülahizələrinin əsassız olduğunu təsdiq edir. Lakin bütün bunlara baxmayaraq, bu kateqoriyadan olan onlarla şəhid ailəsinin hüquqları sözügedən şirkət tərəfindən pozularaq onlara ödənilməli olan sığorta məbləği indiyə qədər ödənilməyib. Ümidvarıq ki, yuxarı instansiyalar bu məsələ ilə maraqlanıb incidilən şəhid ailələri və Qarabağ əlillərinə sığorta pulunun ödənməsini təmin edəcəklər. Geri qayıt |