Əsas Səhifə > Sosial, Manşet > 1-ci Avropa Oyunları Azad Rəhimovun da ulduzunu parlatdı...

1-ci Avropa Oyunları Azad Rəhimovun da ulduzunu parlatdı...


8-07-2015, 09:30
1-ci Avropa Oyunları Azad Rəhimovun da ulduzunu parlatdı...
Avropa Oyunları ərəfəsində böyük əksəriyyətdə o qənaət formalaşmışdı ki, olimpiadadan sonra Azərbaycan hakimiyyəti dəyişikliyə gedəcək. İndinin özündə də buna ümid edənlər az deyil və gözlənti içindədir.

JAM.AZ xəbər verir ki, Avropa Yay Oyunlarının sonlarına doğru isə baz nazir postu uğrunda mübarizənin qızışdığını təsdiq edən bəzi proseslər baş verdi. Məsələn, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov özü haqqında mətbuata məlumat çıxararaq, dövlət başçısı ilə birlikdə medalların paylanmasını əks etdirən fotolarını əsas gətirməklə baş nazir postuna əsas namizəd olduğunu nümayiş etdirməyə başladı. Hətta bu yazılarda birmənalı olaraq vurğulanırdı ki, Heydərovun prezidentin «ən yaxın ətrafı»dır və ona olan sədaqət sonsuzdur. Və medalların paylanılması prosesində FHN şefinin iştirak etməsi isə ona olan etimaddan irəli gəlir və bu səbəbdən də baş nazir o olacaq.

Amma siyasətin çox üzü var və belə təbliğatlar hakimiyyət rəhbərləri üçün ciddi əsas sayılmır. Elə buna görədir ki, Kəmaləddin Heydərovun arzuları ilə reallıq üst-üstə düşə bilməyə bilər. Həmçinin baş nazir postu uğrunda aparılan mübarizədə digər rəqiblərin də olmasını nəzərdən qaçırmaq olmaz.

JAM.AZ xəbər verir ki, Artur Rəsizadədən sonra hökumətin idarəçiliyi başqa bir nazirə verilə bilər. Əldə etdiyimiz bilgilərdə qeyd edilir ki, baş nazir postuna real namizədlərdən biri Gənclər və idman naziri Azad Rəhimovdur. Adı nurçu qalmaqalına qarışmış bu şəxsin birdən birə «ulduzunun» parlaması heç də təsadüfi deyil. Məlumatlarda iddia edilir ki, Rəhimovun şanslarının çoxalması onun Avropa Oyunlarının təşkil olunmasında böyük rolunun olması ilə bağlıdır. Üstəlik, GİN-in rəhbəri dövlət başçısı və Olimpiya Komitəsi üçün möhtəşəm tədbirlər hazırlamaqla gözə girməyi bacarıb.

JAM.AZ-a məlumat verən mənbə iddia edir ki, Azad Rəhimovun iddiasız olması və hökumət işindən anlaması da hakimiyyət dairələrinin işinə yarayır. Bu səbəbdən də seçimlər sırasında onun şanslılar arasında ən birincilər sırasında olduğu vurğulanır.

Bu əsnada, Azad Rəhimovun müavininin ABŞ-ın Müstəqillik Günü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyinin tədbirinə hakimiyyət tərəfdən nümayəndə olaraq qatılmasını da baş nazirlik postu yolunda atılmış addım kimi qiymətləndirənlər var. Bu fikirdə olanların düşüncəsinə görə, hakimiyyət Qərb ölkələrinə kimin hökumətin başına keçəcəyinə dair mesaj verməyə çalışıb.

Ancaq bütün bunların hamısı versiyadır və zaman içində ölkənin ikinci şəxsinin kimliyi məlum olacaq.

Geri qayıt