Əsas Səhifə > Sosial, Manşet > Xəzərin icra başçısı öz adamı ilə baş edə bilmir?
Xəzərin icra başçısı öz adamı ilə baş edə bilmir?1-07-2015, 10:10 |
Hələ bir neçə il bundan öncə mövzuya dair dərc etdiyimiz materiallarda da qeyd olunduğu kimi, məmur özbaşınalıqlarının acı fəsadlarını hər gün müşahidə etmək məcburiyyətində olan Türkan qəsəbə sakinləri, bu günün özündə də yaranmış vəziyyətdən hansısa bir çıxış yolunun axtarışındadırlar. Qəsəbə sakinlərini problemli vəziyyətə salan məmur isə əlbəttə ki, Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevdir. Bu xüsusda redaksiyamıza hələ bir müddət əvvəl daxil olan şikayət məktublarında bildirilirdi ki, qəsəbədə torpaq sahələri sakinlərin xəbəri olmadan satışa çıxarılır, kənar şəxslərə satılır və ərazilər zəbt edilir. Qəsəbənin dəniz hissəsində 100 hektarlarla ərazi ayrı-ayrı şəxslərə satılsa da, bu ərazidə qəsəbə sakinlərinə pay torpaqların verilməsi qadağan edilib. Həmin torpaqlarda yalnız rayonun vəzifəli məmurları özləri üçün restoran və istirahət mərkəzləri tikdirməklə bizneslərini artırır, qəsəbə sakinlərinin minimum dolanışıqlarını təmin etmələrinə isə, hər vəchlə mane olurlar. Bu torpaqların daha rahat satışa çıxarılması üçün isə, R.Babayev hektarlarla əraziləri əvvəlcədən öz qohumlarının və yaxın adamlarının adına sənədləşdirir. Bütün bunların müqabilində isə qəsəbənin heç bir probleminin həllinə maraq göstərilmir.Qeyd olunduğu kimi son 4-5 il ərzində Rahil Babayev bir neçə dəfə növbəli olaraq Xəzər Rayon İcra Hakimiyyətinin Türkan qəsəbə nümayəndəsi və qəsəbə bələdiyyəsinin sədri vəzifələrini tutub. Məlumatlarda xüsusi olaraq vurğulanır ki, R.Babayevin yüksək çinli məmurlardan birinin himayəsində olması səbəbindən, onun qəsəbədə iki vəzifə arasında yerdəyişmələri heç kəsi təəccübləndirmir. Digər tərəfdən isə Rahil Babayevi tutduğu vəzifələrdən uzaqlaşdırsalar da, yerinə təyinat zamanı mütləq şəkildə onun rəyi nəzərə alınır. Həmçinin Qəsəbədə böyük səlahiyyətlərə sahib olan Hacı Rahilin razılığı olmadan Türkanda bircə qarış belə olsun torpaq alqı-satqısı həyata keçirilə bilməz. Eyni zamanda da qəsəbədə fəaliyyət göstərən əksər daş karxanalarına nəzarəti məhz R.Babayev həyata keçirir. Digər tərəfdən isə redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Türkan qəsəbəsinə sanki Bakı ətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafına dair qəbul olunmuş dövlət proqramı şamil olunmur. Məlumatlarda vurğulanır ki, icra nümayəndəsi Hacı Rahil Babayevin törətdiyi qanunsuzluqlar sakinlərin sözün əsil mənasında səfalət içərisində yaşamalarına səbəb olur. Bir neçə müddət bundan əvvəl isə, redaksiyamıza təqdim olunan açıqlamalarda Rahil Babayevin saxladığı qoçu dəstəsi ilə birgə qəsəbə sakinlərini neçə təzyiqlərə məruz qoymasından bəhs olunmuşdu. Belə ki, qəsəbə sakinlərinin 20 ildən artıq müddət ərzində istifadə etdikləri torpaq sahələrinə göz dikmiş icra nümayəndəsi, həmin vətəndaşları öz torpaqlarından əl çəkməyə məcbur etmək üçün hətta xüsusi “cəza dəstəsi”nin xidmətlərindən belə yararlanmağa cəhd göstərmişdi. Bu məqsədlə Rahil Babayevin başına topladığı 60-70 nəfərlik dəstənin nə kimi əməllər törətməyə qadir olmaları isə, növbəti açıqlamalardan da aydın olur: “Bu adamlar kimdir - bilmirik. Nə bələdiyyədə, nə də icra nümayəndəliyində bu qədər işçi yoxdur. Rahil Babayev bu adamları yığıb gətirmişdi. Bilirdi ki, sakinlər söküntüyə etiraz edəcək. Kim ki, etiraz edirdi, 3-4 nəfər üstünə gedirdi. Deyirdilər “yaxşı edirik”. Heç biri nə bələdiyyənin, nə də icra hakimiyyətinin işçisi deyil...” Göründüyü kimi, Rahil Babayevin Türkanda törətdiyi əməlləri nə ifşa etmək, nə də bu əməllərə görə onu məsuliyyətə cəlb olunması üçün səy göstərmək elə də təhlükəsiz iş deyil. Amma, bu “təhlükə” qarşısında Xəzər rayonunun hüquq-mühafizə orqanlarının da geri çəkilmələri qətiyyən anlaşılan deyil... Mövzuya qayıdacağıq və qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Geri qayıt |