Əsas Səhifə > Sosial, Manşet > Bakıda daha bir bank ətrafında qalmaqal yarana bilər...

Bakıda daha bir bank ətrafında qalmaqal yarana bilər...


27-05-2015, 10:34
Bakıda daha bir bank ətrafında qalmaqal yarana bilər...
Bəzən yaşlı nəsil "çox pis zəmanəyə gəlib çıxmışıq" dediklərində, ya onlara əhəmiyyət verilmir, yaxud da gülümsəyib keçilir. Lakin deyilən sözlərdə həqiqət var və bu danılmazdır. Bugünkü günümüzdə on nəfərdən doqquzunun banklara borcu var desək, yəqin ki, yanılmarıq. Banklarla bağlı ən çox gözəçarpan problem isə, təbii ki, kreditlərin yüksək faizlə verilməsidir. Əslində, bu, çox ciddi problemdir.

Məsələn, əvvəllər xaricdən 5-8 faizlə uzunmüddətli vəsait cəlb etmək mümkün idisə, artıq bu rəqəm 10-15 faizədək bahalaşıb. Banklararası bazarda da pulun qiyməti çox yüksəkdir. Qiymətlər baha olduqca, banklar faizlə daha çox qazanmaq istəyir. Ümumiyyətlə, bu gün respublikamızda istehlakçı hüquqlarının ən çox pozulduğu sahələrdən biri məhz bank sektorudur. Xüsusilə kreditlərin ödənilməsinin vaxtı ilə bağlı vətəndaşlarla banklar və kredit təşkilatları arasında daim narazılıqlar yaşanır ki, bunun da mediadan şahidi oluruq. Bir tərəfdən vətəndaşların bağlanılan kredit müqavilələri ilə yaxından tanış olmaması, digər tərəfdən isə, məhkəmələrin bu işləri yetərincə araşdırmaması səbəbindən insanlar çox vaxt əmlaklarını itirirlər. Zaman-zaman insanların kredit borcunu qaytara bilməməsindən özlərinə qəsd etmələri hallarına da rast gəlirik. Hətta bu kimi durumlar bu günlərdə daha geniş vüsət alıb ki, bu da çox acınacaqlı bir durumdur. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərmanda kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstəriş vermişdi. Fərmana görə, Mərkəzi Banka (MB) kommersiya banklarının kreditləri üzrə, eləcə də kreditlər və tənzimləyicinin uçot dərəcəsi üzrə faiz dərəcələri arasında fərqin azaldılması ilə bağlı faiz dərəcələrinin aşağı salınması barədə tədbirlər görmək tapşırılıb. Fərmana uyğun olaraq, MB 6 aydan bir Azərbaycan Prezidentini görülmüş işlər barədə məlumatlandırmalıdır. Mərkəzi Bank artıq xeyli vaxtdır ki, kredit faizlərinin aşağı düşəcəyini bəyan etsə də, reallıqda dəyişən heç nə yoxdur. Aydındır ki, məsələnin dövlət başçısı tərəfindən özü də rəsmi fərmanla gündəmə gətirilməsi problemin ciddiliyini və miqyasını təsəvvür etmək üçün kifayətdir. Ümumiyyətlə, hazırda fəaliyyət göstərən bankların durumu heç də qənaətbəxş hesab edilə bilməz. Bizdə bank sektorunda kredit faizlərinin dərəcələrinin aşağı salınması ilə bağlı bəzi işlər görülsə də, yenə də qonşu dövlətlər və Avropa ölkələri ilə müqayisədə bu dərəcələr çox yüksəkdir. Məsələn, Avropada kredit almaq istəyən şəxs götürdüyü məbləğin 2-6 faiz civarında əlavə vəsait ödədiyi halda, bizdə bu rəqəm iki, bəzən də üç dəfə yuxarı olur. Ümumiyyətlə, hazırda bizdə banklarda baş verən fırıldaqçılıq daha geniş vüsət alıb. Yalnız reklamlarda bankların daha sərfəli kreditlər təklif etdiklərini, faizlərin aşağı olmasını, çox asan şəkildə kreditlərin əldə edildiyini görürük. Amma banklara yaxınlaşdıqda, edilən reklamın, təklif edilən şərtlərin yalan olduğu bəlli olur. Bu kimi durumlardan vətəndaşlar hər zaman şikayətçi olsalar da, amma məcburiyyətdən bankların təklif etdikləri şərtlərlə razılaşmalı olurlar. Hətta ölkənin ən iri və nüfuzlu banklarında belə, müştərilərin incidilməsi, aldadılması hallarına yol verilir. Bu cür banklardan biri də məhz "Parabank" ASC-dir. İlk öncə qeyd edək ki, "Parabank" ASC-nin bir çox rayonlarda filialları var ki, zaman-zaman həmin filiallardan şikayətlər daxil olur. Daxil olan şikayətlərdə müştərilərin incidildiyi, get-gələ salındığı, faiz dərəcələrinin yüksək olması kimi hallar sadalanır. Məsələn, "Parabank" ASC-də hesabdan pul götürməyin müşkülə çevrildiyi söylənir. Və pul çıxarmaq üçün ən azı 1 həftə öncə sifariş verməlisən. Əks halda bu əməliyyatı həyata keçirə bilməzsən. Lakin əldə etdiyimiz məlumatlara əsasən deyə bilərik ki, digər banklarda hesabdan pul çıxarmaq üçün əvvəlcədən hansısa sifarişə ehtiyac yoxdur. Yəni müştəri istirahət və bayram günlərindən başqa, istənilən vaxt heç bir problemlə üzləşmədən pulunu götürə bilər. Həmçinin daxil olan şikayətlər sırasında "Parabank" ASC-nin müştərilərə kredit verən zaman onlardan yüksək məbləğdə "şapka" istəməsi də yer alır. Belə ki, "Parabank"ın təqdim etdiyi kredit faizlərinin kifayət qədər yüksək olduğu halda, bu azmış kimi kreditlərin verilməsi zamanı müştərilərdən tələb edilən "şapka" kreditin onsuz da az olmayan faizinin daha da yüksəlməsinə səbəb olur. Bununla da, son nəticədə vətəndaş pulu ödəməkdə çətinlik çəkir. Belə olan halda isə, təbii ki, problemli kreditlərin artma ehtimalı da yüksək olur. Digər bir məlumata görə isə, "Parabank"ın fəaliyyətində nəzərə çarpan digər bir neqativ hal isə vətəndaşların girovlarının su qiymətinə əldən çıxması üçün qurulan mexanizmdir. Ki, bu proses zamanı vətəndaşlara külli miqdarda ziyan dəyir, bank isə asan yolla əlavə qazanc əldə edir. Müvafiq qaydalara görə, bankda girov qoyulan əmlakın hərracda satılan qiyməti müştəriyə məktubla göndərilməlidir. Bu isə edilmədiyindən bank öz işini asan şəkildə həyata keçirir. Çünki reallıqda heç bir avtomobil və ya mülk hərracda satılmır. Avtomobillər bazarda satılır, hərracdan isə filan əmlakın, filan qiymətə satılması haqqında sənəd verilməsi xahiş edilir.

Onu da diqqətinizə çatdıraq ki, sadalanan durumlar, faizlərin yüksək olması, vətəndaşlardan hansı şərtlər altında alınması barədə bank işçiləri müştəriləri bilgiləndirməli olduqları halda, heç bir məlumat vermirlər. Elə bu durumun özü də, yuxarıda sadalanan qanunsuzluqlarla eynidir ki, bu da təbii olaraq banka sərf edir. Bu səbəbdən də, vətəndaşlar sözügedən "Parabank" ASC ilə müqavilə imzalamadan, şərtlərlə daha dəqiq və ciddi şəkildə tanış olmalıdırlar ki, sonradan aldananlar sırasında olmasınlar. Əslində, qeyd edilən nöqsanlar, qanunsuzluqlar, şikayətlər barədə dəfələrlə söz açmış, gündəmə gətirmişik. Lakin məsələ ilə bağlı hələ ki, heç bir ciddi ölçü götürülməyib.
\\ gundelik-baku.com \\
Geri qayıt