Əsas Səhifə > Sosial, Manşet > Ağstafada əkməyə bir qarış torpaq da qalmayıb

Ağstafada əkməyə bir qarış torpaq da qalmayıb


7-02-2015, 18:04
Ağstafada əkməyə bir qarış torpaq da qalmayıb
Bu gün rayon rəhbərliyinin fəaliyyətindən çoxsaylı narazılıqların əks olunduğu şikayət məktublarının ölkə mətbuatına ünvanlandığı bölgələrimizdən biri də Ağstafa rayonudur. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin rayonda yol verdiyi əsas qanun pozuntularından biri kimi daxil olan məlumatlarda torpaq satışı ilə bağlı maxinasiyalar göstərilir. Mənbələrin bu xüsusda iddialarına görə, rayonda bir qarış torpaq qoymayan Məhərrəm Quliyev müavini Ramiz Tatarovla əlbir olaraq əraziləri satmaqla məşğuldurlar. Məlumatda qeyd olunur ki, hazırda Ağstafa rayonunun mərkəzində yerli sakinlər ev tikmək üçün torpaq sahəsi tapa bilmirlər. Səbəb isə budur ki, qonşu Tovuz və Qazax rayonlarının imkanlı adamları Məhərrəm Quliyevin keçirdiyi özünəməxsus “torpaq hərraclarında” iştirak edərək Ağstafada geniş torpaq sahələrinə yiyələniblər. Ona görə də, ağstafalılar məcburiyyətdən yaxınlıqdakı kəndlərə üz tutaraq, oradan torpaq əldə etməyə çalışırlar.Daxil olan digər məlumatlara əsasən hazırda Ağstafa rayonunda müxtəlif sosial problemlər də bir sıra çətinliklər yaradıb. Bunlara misal olaraq təhsil, səhiyyə, yolların təmiri və əhalinin sosial müdafiəsi sahəsindəki nöqsanları göstərmək olar. Mənbələr bildirirlər ki, Ağstafada ünvanlı yardımlar dövlətin təsdiq etdiyi formada verilmir. Biz əvvəllər də bu rayonda fəaliyyət göstərən ƏSMM-də baş alıb gedən özbaşnalıqlardan, bu mərkəzin əməkdaşları tərəfindən vətəndaşların hüquqlarının kobudcasına pozulması hallarından bəhs edən yazılar dərc etmişik. Redaksiyamıza daxil olan yeni məlumatlarda isə iddia olunur ki, Ağstafa ƏSMM özünün yarıtmaz fəaliyyətində bu gün də heç bir dəyişiklik etməmişdir. Mərkəzin direktoru isə özünü Ağstafa RİH başçısı Məhərrəm Quliyevə yaxın olan adam kimi göstərərək rayondakı mövqeylərini daha da möhkəmlətməyə çalışır. Rayon sakinlərini xüsusilə narahat edən əsas problemlərdən biri də Ağstafanın yolları ilə bağlıdır. Məlumatlarda bildirilir ki, rayon mərkəzi istisna olmaqla, bütün yollar yaman gündədir. Yağış, qar yağan kimi xüsusən kəndlərdə nəqliyyatın hərəkəti iflic olur. Palçıq əlindən tərpənmək mümkün olmur. Halbuki hər il dövlət büdcəsindən Ağstafada yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə böyük məbləğlərdə vəsaitlər ayrılır. Lakin rayon rəhbərliyinin qabarıq iştahası bu vəsaitlərin nəzərdə tutulan layihələrə xərclənməsini əngəlləyir.Həmçinin rayonun təhsil və səhiyyə sistemi də bu gün acınacaqlı haldadır. Rayon Mərkəzi Xəstəxanasına müraciət edən vətəndaşların səhhəti ilə maraqlanmaq əvəzinə, həkimlər onların cibində pulun olub-olmadığını soruşurlar. Daha sonra məlumatlarda qeyd olunur ki, Məhərrəm Quliyev Kənd Təsərrüfatı Nazirliyinin Ağstafa rayonundakı heyvandarlıq təsərrüfatlarını da az qala özünün şəxsi obyektinə çevirib. Bu barədə bizə daxil olan məlumata görə icra başçısı rayonda Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən təsərrüfatlarının direktorlarını aylıq ödəmə yığımları ilə bezdirib. Daxil olan məlumata əsasən Ağstafada Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən M.Mikayılov adına qoyunçuluq təsərrüfatı və Səməd Vurğun qəsəbəsində Yardımçı Təcrübə Təsərrüfatı mövcuddur. İcra başçısı Məhərrəm Quliyev bu iki təsərrüfatı özünə şəxsi obyekti hesab edir və həmin təsərrüfatların gəlirlərini öz gəlirləri kimi idarə edir. Aldığımız bir başqa məlumatda isə vurğulanır ki, Məhərrəm Quliyev Ağstafada tikinti işlərinə sifarişlərin alınması üçün keçirilən tenderlərin də hamısına şərik olur. Belə ki, bu tederləri yaxınları və ya qohumlarının nəzarətindəki şirkətlərə qazandıran icra başçısı ayrılmış vəsaitin 20 faizə qədərini özünə götürür...

Geri qayıt