Əsas Səhifə > Sosial, Manşet > Şəki məhkəməsinin hakimi Azərbaycan qanunlarından bixəbərdirmi?

Şəki məhkəməsinin hakimi Azərbaycan qanunlarından bixəbərdirmi?


25-12-2014, 10:46
Şəki məhkəməsinin hakimi Azərbaycan qanunlarından bixəbərdirmi?
DİA.AZ: - "Şəki-Bazar" ASC-nin sabiq müdiri olmuş Ürfət İbrahimovun başı cəncəldədir. Hər halda redaksiyamıza müraciət edən, 27 zərəçəkmişin hüquqlarını müdafiə etdiyini bildirən Valeh Yusiflinin sözlərindən belə anlaşılır. DİA.AZ olaraq hüquqşünasın müraciətini təqdim edirik:

“Hazırda hüquqlarını müdafiə etdiyim 27 nəfər zərərçəkmiş "Şəki-Bazar" ASC-nin sabiq müdiri olmuş Ürfət İbrahimova qarşı "Pul tələbinə dair" iddia ərizəsilə 3-cü dəfədir ki, Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. 40-a yaxın iddiaçı 2 iddia ərizəsilə kollektiv olaraq müraciət edirlər ki, "Ticarət Mərkəzi" tikmək adı ilə onlardan aldadılaraq alınmış pullar geri qaytarılsın.

Əvvəlki müraciətlər hakim Cahid İmanov tərəfindən ədalətsiz qərardad qəbul edilərək geri qaytarılmışdır ki, hər bir iddiaçı ayrı-ayrılıqda dövlət rüsumu ödəməklə, ayrıca iddia yazaraq məhkəməyə müraciət etməlidir. Mən artıq 3-cü dəfədir ki, ərizədə xatırladıram ki, eyni tərəflər, eyni əsaslar və predmet üzrə olan iddia ərizəsi kollektiv surətdə verilə bilər. Və hələlik müstəqil Azərbaycan məhkəmə tarixində hakimin iradları yalnız Şəki Rayon Məhkəməsində praktiki olaraq baş vermiş və verməkdədir.

Sonuncu 5 dekabr ərizəsinə də 2 gün əvvəl hakim C. İmanov yenə də əvvəlki kimi qərardad qəbul edərək geri qaytaracağını bildirdi. ( Amma 20 gündür ki, nə qərardad qəbul olunub, nə də ərizə icraata götürülüb) Məsələni Məhkəmə Hüquq Şurası ilə müzakirə etdim. Qeyd etdilər ki, appelyasiya şikayəti verin, ədalət bərpa olunacaq.

Bəli, appelyasiya şikayəti veriləcək. Amma yaxşı olardı ki, Şəki Rayon Məhkəməsi Azərbaycan Respublikasının qanunvericiliyi üzrə qərardad qəbul etsin, yaxşı olardı ki, rayonda kimsədən asılı olmayaraq müstəqil qərarlar qəbul etsin. Yaxşı olardı ki, hörmətli hakimlər insanların kasıbçılığını nəzərə alaraq onları 30 manat 20 qəpik dövlət rüsumunu hər birinə ayrı ayrılıqda ödətməyə məcbur etməsin. Yaxşı olardı ki, hakim öz işini də çətinləşdirməsin. Eyni tərəflər, eyni predmet və eyni əsaslarla olan iş materiallarını ayrı-ayrılıqda icraata götürməklə yükünü ağırlaşdırmasın, çəkişməni ədalətlə bir yerdə aparsın”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt