Əsas Səhifə > Sosial, Manşet > Rəsmi Tiflis Rövnəq Abdullayevin adamlarına qarşı yeni ittihamlar səsləndirir

Rəsmi Tiflis Rövnəq Abdullayevin adamlarına qarşı yeni ittihamlar səsləndirir


6-02-2014, 12:36
Rəsmi Tiflis Rövnəq Abdullayevin adamlarına qarşı yeni ittihamlar səsləndirir
DİA.AZ: - Bu günlərdə belə bir məlumat yaymışdıq ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Gürcüstandakı biznesinə nəzarət edən şəxs görəvdən alınacaq. Xatırladaq ki, hazırda «Socar-Georgia»da vitse-prezident postunu tutan Mahir Məmmədovun eyni zamanda ARDNŞ şefinin Gürcüstandakı qeyri-leqal biznesinin yönəticisi olduğu barədə də ciddi faktlar var.

Və zaman-zaman Mahir Məmmədov özünün yarıtmaz fəaliyyəti ilə Rövnəq Abdullayevin əsəblərini də yetərincə tarıma çəkməyə müvəffəq olub. Məsələn, 2012-ci ilin sonlarında Gürcüstanın yeni hökuməti ilə «Socar-Ceorgia» arasında ciddi toqquşma yaşandı və hətta qonşu ölkənin vergi polisi «Socar-Georgia»nı vergidən yayınmada ittiham etdi. İttihamlarda qeyd olunurdu ki, Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan uzantısı olan «Socar Georgia» rəsmi Tiflisdən təxminən 26 milyon lari (13 milyon ABŞ dolları) həcmində vəsaiti gizlədib. Bildirək ki, həmin ittihamlar səbəbindən həbs olunacağını bilən Mahir Məmmədov Tiflisdən bir ay qaçaq da düşmək zorunda qaldı.

Sonradan bu işə qol qoyan, daha dəqiqi, müdaxilə etmək məcburiyyətində qalan Rövnəq Abdullayev Tiflisə səfər etmək zorunda qaldı və Gürcüstana özü ilə yanaşı gürcü dövləti tərəfindən iqtisadi cinayətkarlığa görə ittiham olunaraq rəsmən axtarışa verilən Mahir Məmmədovu da apardı. Və barışıq əldə olundu. Rövnəq Abdullayev Azərbaycan dövləti adından Gürcüstana yeni güzəştlər vəd etdi. Mahir Məmmədov da beləcə Tiflisdəki işinin başına qayıtdı.

Amma DİA.AZ-a daxil olan informasiyalarda qeyd olunur ki, ARDNŞ şefi həmin 13 milyon ABŞ dollarının ödənməsində Mahir Məmmədovu cavabdeh kimi göstərsə də, vergidən yayındırılan pulları Mahir Məmmədov yox, Rövnəq Abdullayevin həvalə etdiyi başqa bir ARDNŞ yetkilisi ödəyib. Məlumatı verən qaynaq iddia edir ki, ən maraqlı olanı da bu maliyyə vəsaiti ARDNŞ-nin şesabından deyil, qeyri-rəsmi hesabdan gürcü dövlətinə ödənilib. Bu isə «Socar-Georgia»nın fəaliyyətinin qeyri-şəffaflığı təəssüratını yaratmaqdadır.

Redaksiyamıza Gürcüstandakı qaynaqlardan daxil olan son informasiyada isə qeyd olunur ki, artıq bununla bağlı da rəsmi Tiflis «Socar-Georgia»dan hesabat istəyib, şəffaflıq tələb edib. Göründüyü kimi, gürcülər istədiklərini alsalar da, iddia olunan vergidən yayındırılan məbləği ödətdirsələr də, prosesin qeyri-həffaf olduğunu iddia edərək ARDNŞ-nin üzərinə yeni öhdəliklər qoymağa çalışırlar.

Rövnəq Abdullayev isə hələ də bütün bu problemləri yaradan işçisini əzizləməklə, vəzifə başında saxlamaqla baş verənlərdən rəsmi Bakını məlumatsız qoymaqdadır. Məlumatlara görə, hələlik bu məsələ ilə bağlı rəsmi Bakı bilgiləndirilməyib və Rövnəq Abdullayev yenə də problemi «şəxsi imkanları» hesabına həll etməyə çalışır.


Geri qayıt