Əsas Səhifə > Sosial, Manşet > Abdulla Abdullayevin kitabı birdəfəlik bağlanır: “AMAY”ın yeni sahibləri kimlərdir?

Abdulla Abdullayevin kitabı birdəfəlik bağlanır: “AMAY”ın yeni sahibləri kimlərdir?


30-01-2014, 10:11
Abdulla Abdullayevin kitabı birdəfəlik bağlanır: “AMAY”ın yeni sahibləri kimlərdir?
DİA.AZ: - Məlum olduğu kimi, Bakının mərkəzində 5 ulduzlu otel, ofis və biznes mərkəzləri kimi istifadə olunan üç bina xarici daşınmaz əmlak şirkəti vasitəsilə satışa çıxarılıb. Bu məlumat daşınmaz əmlak biznesindəki mənbələrdən daxil olub. Söhbət Bakının daşınmaz əmlak baxımından ən bahalı küçəsində – “Köhnə dəyirman” kimi tanınan keçmiş taxıl emalı zavodunun yerində tikilmiş “Landmark Baku” otelindən, “Landmark-2” ofis mərkəzindən və “Landmark Plasa”dan gedir.

Binaların satışı üçün daşınmaz əmlakın satışı üçün “Basar İnternational Group” adlı beynəlxalq daşınmaz əmlak və maliyyə xidmətləri şirkətinə sifariş verilib. Şirkət obyektləri müştərilərə ayrı-ayrılıqda və ya birlikdə təklif edir.

Elanda göstərilir ki, binaların birində 5 ulduzlu, 115 yerlik unikal otel yerləşir. Digəri “Landmark-2” ofis mərkəzi kimi istifadə olunur. Üçüncü bina isə biznes mərkəzi kimi nəzərdə tutulub. Binaların hərəsi 135 milyon dollara satışa çıxarılıb. Potensial müştərilər binaların hər üçünü birdən ala bilər. Eyni zamanda binaların tək-tək satılması da mümkündür.

Elanda göstərilir ki, otel Bakının daşınmaz əmlak baxımından ən prestijli rayonunda, Hökumət Evindən 10 dəqiqəlik piyada məsafəsində yerləşir. Otelin də daxil olduğu üç binadan ibarət kompleks Bakıya səfərləri zamanı beynəlxalq təşkilatların rəhbərlərinin və diplomatların tez-tez baş çəkdikləri yerdir. Ofis mərkəzində bir çox xarici şirkətlərin ofisləri yerləşir. Otel və ofis binaları bir-biri ilə xüsusi yollarla birləşdirilib ki, bu da biznesmenlər, rəhbər şəxslər və diplomatlar üçün çox rahatdır.

Binaları satışa hansı mülkiyyətçinin çıxardığı məlum deyil. Bakıdakı biznes və rəsmi çevrələrdən də binaların sahibinin kimliyini dəqiqləşdirmək mümkün olmayıb.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, satışa çıxarılan binalar arasında məşhur qalmaqallı «A.M.A.Y» Ticarət Mərkəzinə aid bina da var. Mötəbər mənbənin bildirdiklərinə görə, yaxın günlərdə binanın alqı-satqısı prosesi həyata keçirilə bilər.

Xatırladaq ki, Azərbaycanda tək-tük bahalı binalardan hesab olunan «A.M.A.Y» Ticarət Mərkəzinin binası uğrunda uzun müddət mübarizə də aparıldı. İlk əvvəl «Azərsun» Holdinqin prezidenti Abdolbari Goozal «A.M.A.Y» Ticarət Mərkəzi şefi Abdulla Abdullayevi hədəfə aldı və onu çökərtməyə çalışdı. Sonradan Abdulla Abdullayev «TexnikaBank»ın köhnə rəhbərliyi ilə çəkişməyə girdi. Ardından da Mərkəzi Bank rəhbərliyini məhkəməyə verən Abdulla Abdullayev özünün kimlər tərəfindən hədəfə alındığını mətbuata açıqladı da.

Məhz TÜRK OLMASI səbəbindən hədəfə alındığını bildirən Abdulla Abdullayev iqtidardaxili kürd qruplaşması ilə çəkişmədə ictimaiyyətdən dəstək də istədi. Hətta Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyi adlı təşkilat yaradaraq ictimai-siyasi fəallığa da maraq göstərdiyini ortaya qoydu.

Təbii ki, rəqibləri onu hər zaman nişangahda saxladıqlarından «AMAY» şefini «qurşaqdan aşağı» zərbə təsiri bağışlayan bir təhlükə ilə də üz-üzə qoydular. Doğrudur, sonradan bu plandan imtina olundu. Amma yenə də Abdulla Abdullayev böyük bir təhlükənin astanasında idi. Söhbəğ Abdulla Abdullayevin adının dövlət çevrilişinə cəhd layihəsində hallandırılmasından gedir. Xatırlayırsınızsa, iki il əvvəl belə bir hadisə yaşandı və nüfuzlu qəzetlərdən biri bu barədə rəy yaratmağa çalışdı.

«A.M.A.Y» Ticarət Mərkəzinin rəhbəri bütün bu basqılara paralel olaraq əlindəki maddi imkanları qorumağa müvəffəq olsa da, siyasətdə öz naşılığının bəlasını kifayət qədər çəkməli oldu. Nəticədə Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyinin fəaliyyəti dayandırıldı.

DİA.AZ-a daxil olan son informasiyalardan isə aydın olur ki, artıq Abdulla Abdullayevə son şanslar verilib: «Bu şansını istifadə etməklə o, yalnız əlindəki mülkləri pula çevirə bilər. Bu qədər. Onun daha hansısa formada parlaması imkansızdır».

Məlumatlara görə, yaxın günlərdə bu böyük alqı-satqı ilə bağlı rəsmi məlumatlar da yayıla bilər.

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt