Əsas Səhifə > Sosial, Manşet > Elşad Abdullayevin mülklərinə qarşı hücum əmri verildi

Elşad Abdullayevin mülklərinə qarşı hücum əmri verildi


25-01-2014, 11:29
Elşad Abdullayevin mülklərinə qarşı hücum əmri verildi
DİA.AZ: - Fransada mühacir həyatı yaşayan keçmiş ABU rektoru Elşad Abdullayevlə bağlı redaksiyamıza maraqlı informasiyalar daxil olub. Bu barədə danışan məlumatlı mənbə iddia edir ki, keçmiş rektorun Bakıdakı mülklərindən biri ilə bağlı bir tədarük yaşanır.

Mənbənin söylədikləri: «Söhbət Bakının mərkəzində yerləşən və ərazisi 321 kvadratmetr olan bir yaşayış sahəsindən gedir. Zamanında Elşad Abdullayev həmin ərazini satın alsa da, indi bu yaşayış sahəsi əvvəlki sahibinin adına yenidən rəsmiləşdirilib».

Və artıq yaşayış sahəsi üzərində hüquqları olmayan Elşad Abdullayevin həmin mənzili ilə bağlı məsələnin işi məhkəmə instansiyalarına da çıxarılacaq: «Artıq bu barədə hazırlıqlar var. Və yaxın günlərdə təkrarən mənzil üzərindəki hüquqlarını əldə edən vətəndaş məhkəmə yolu ilə hazırki durumunu rəsmiləşdirməyi düşünür».

Bu barədə məlumatı verən mənbə onu da bildirir ki, əslində bu addım Elşad Abdullayevin mülklərinin əlindən alınması prosesinin başlanğıcı kimi də qəbul oluna bilər: «Yəni bunu start düyməsinin basılması kimi qəbul edə bilərik. Keçmiş rektor digər sürprizlərə də hazır olmalıdır».

Məlumata görə, həmin mübahisəli hesab olunan mənzilin qiyməti 600 min manatdan çoxdur.

Onu da xatırladaq ki, Elşad Abdullayev hazırda vəzifə başında olan bir çox nüfuzlu məmurlarla bağlı kompramat xarakterli gizli videoçəkilişləri gündəmə gətirməsi ilə məşhurlaşıb. Belə ki, rəhbəri olduğu Azərbaycan Beynəlxalq Universiteti bağlandıqdan sonra sabiq rektor Fransaya sığınaraq, oradan əlində olan gizli videoçəkilişləri yaymağa başladı ki, bunun da nəticəsində neçə tanınmış sima həbsə atılıb və proses hələ də davam etməkdədir.

Geri qayıt