Əsas Səhifə > Sosial, Manşet > Heydər Əsədov İsmət Abbasova qarşı ilginc faktlar aşkarlayıb

Heydər Əsədov İsmət Abbasova qarşı ilginc faktlar aşkarlayıb


24-01-2014, 10:32
Heydər Əsədov İsmət Abbasova qarşı ilginc faktlar aşkarlayıb
DİA.AZ: - Dünən kənd təsərrüfatı nazirliyi daxilində cərəyan edən ilginc faktları diqqətinizə təqdim etdik. Məlumatlardan aydın olurdu ki, əslində Hesablama Palatasından kənd təsərrüfatı naziri postuna transfer olunan Heydər Əsədov heç də iddia olunduğu kimi sakit oturmayıb və bir-birinin ardından keçmiş nazir, hazırda baş nazirin müavini vəzifəsini daşıyan İsmət Abbasovun bütün gəlir nöqtələrini ələ keçirib. Bu barədə DİA.AZ-a mötəbər mənbələr informasiya verib.

Dünənki məlumatımızda onu da vurğulamışdıq ki, Hesablama Palatasındakı imkanlarını hələ də qoruyan və bu imkanlarından KTN-də İsmət Abbasova aid olan gəlir rıçaqlarının müəyyənləşdirilməsi və ələ keçirilməsi yönündə ustalıqla yararlanan Heydər Əsədovun məhz məlum fəaliyyəti səbəbindən bu gün KTN-nin «gəlirgətirən» yerlərində rüşvətin də qiyməti qalxıb.

Məsələn, iddia olunur ki, artıq «Aqrolizinq», Dövlət Baytarlıq İdarəsi, «Fitosanitar» İdarəsi, «Aqrokredit» və digər bu kimi xidmətlərə müraciət edənlər daha artıq rüşvət vermək zorunda qalırlar ki, rüşvətdə nəzərə çarpan 5 faizlik artım Hesablama Palatasının ekspertlərinin payı kimi ölçülür. Bununla yanaşı, subsidiyaların verilməsində, habelə spirtli içki istehsalı ilə məşğul olanlar üçün verilən lisenziyalarda da ciddi şəkildə rüşvət bahalaşması müşahidə olunur.

Amma təbii ki, bu, hamısı deyil. Elə keçən yazımızda da vurğulamışdıq ki, bir-birinin ardından İsmət Abbasova aid iqtisadi rıçaqları ələ keçirən Heydər Əsədov özünün bu gəlir sahələri üzərindəki nəzarətini rəsmiləşdirmək və möhkəmləndirmək üçün keçmiş nazirə qarşı siyasi alibilər də toplamağa girişib. Artıq bu yöndə çox ciddi faktlar əldə edən yeni KTN şefinin «yuxarılara» ötürdüyü həmin faktların bəziləri ilə bağlı DİA.AZ-a informasiyalar daxil olub.

Məlumatlı mənbənin verdiyi bilgiyə görə, Heydər Əsədov İsmət Abbasovun bu hakimiyyətlə siyasi bağlarının şübhəli olduğunu sübutlayan dəlillər əldə edib. Həmin dəlillərdən aydın olur ki, məsələn, İsmət Abbasovun qaynatası Yunus Rzayevin bacısı oğlu Vaqifin qızı hazırda həbsdə saxlanılan və hakimiyyətə qarşı sərt açıqlamaları ilə diqqətə gələn keçmiş səhiyyə naziri Əli İnsanovun gəlinidir.

Hər halda, belə bir qohumluq əlaqəsinin tərəflər arasında əlavə səmimiyyət öhdəliklərinin yaradacağını önə sürən Heydər Əsədov cinahı ortaya əlavə bilgilər də qoyur. Və sübutlamağa çalışırlar ki, bu gün əslində Əli İnsanovun yalnız və yalnız prezident İlham Əliyevi və onun xalası oğlu, ədliyyə naziri Fikrət Məmmədovu yeganə hədəf kimi seçib, onların üzərinə yeriməsi də təsadüfi deyil, araşdırılması vacib olan bir məqamdır. Ən azından ona görə ki, Əli İnsanov da onun həbsində maraqlı olan qüvvələrin kimliyindən xəbərdardır. Amma bu barədə danışmaq istəməyən sabiq səhiyyə naziri öz siyasi rəqibliyini prezidentə qarşı bəyanatları fonunda qorumağa çalışır ki, əslində bu məsələnin İsmət Abbasova da yetərincə dəxli var.

Onu da bildirək ki, İsmət Abbasovun qaynatası Yunus Rzayevin bacısı oğlu Vaqifin həyat yoldaşı da hazırda Şəmkir rayonuna rəhbərlik edən Nazim Veysovun qardaşı qızıdır. Və bu faktlar çözələnərkən məlum olur ki, vergilər naziri Fazil Məmmədovun «adamı» kimi ad çıxaran Nazim Veysov bu gün Əli İnsanov üzərində yeganə təzyiq vasitəsi rolunu oynayır və onun adından həbsxanaya - Əli İnsanovun ünvanına yetərincə «ksivalar» da göndərilib. Yəni Nazim Veysov İsmət Abbasovun başında daandığı şəbəkə vasitəsilə Əli İnsanovu nəzarətdə saxlama öhdəliyi götürüb ki, bu da keçmiş kənd təsərrüfatı nazirinə siyasi baxımdan zərbə vurma fürsəti əldə etməyə çalışan Heydər Əsədov üçün gözəl bir tapıntıdır.

Redaksiyamıza ötürülən məlumatlardan aydın olur ki, Heydər Əsədov artıq əldə etdiyi bu bilgiləri daha da şiddətli hala gətirərək müvafiq dairələrə ulaşdırmağa müvəffəq olub: «Artıq İsmət Abbasovla bağlı siyasi rəy də formalaşıb və tam olaraq yeni nazirin istəklərinə uyğun şəkildə. Bundan sonra nə baş verəcək? Bunu isə zaman göstərəcək və Heydər Əsədovun faktlarının təsir etmə qabiliyyəti»…

Geri qayıt