Əsas Səhifə > Sosial, Manşet > Əli İnsanov iqtidar elçiləri ilə məxfi danışıqlarda

Əli İnsanov iqtidar elçiləri ilə məxfi danışıqlarda


10-01-2014, 13:23
Əli İnsanov iqtidar elçiləri ilə məxfi danışıqlarda
DİA.AZ: - Məlum olduğu kimi, keçmiş səhiyyə naziri Əli İnsanov yanvarın 17-də yenidən məhkəmə qarşısına çıxarılacaq. Bildirək ki, Əli İnsanovun 11 il azadlıqdan məhrum edilməsi barədə hökmdən, eləcə də keçmiş nazirin işgəncəyə məruz qalmasıyla əlaqədar Ədliyyə Nazirinə və Penitensiar Xidmətə qarşı şikayəti üzrə birinci məhkəmə instansiyasının qərarından apelyasiya şikayətlərinə baxılacaq.

Qeyd edək ki, Avropa Məhkəməsi 14 mart 2013-cü il tarixli qərarı ilə hər iki iş üzrə Əli İnsanovun Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması) və 3-cü (işgəncəyə məruz qalmamaq) maddələrilə təminat ilə təminat verilən hüquqlarının pozulduğunu təsdiqləmiş, buna görə Azərbaycan hökumətini cərimələmişdi. Ali Məhkəmənin Plenumu da oktyabrda Avropa Məhkəməsinin sözügedən qərarı əsasında hər iki iş üzrə vaxtilə apelyasiya və kassasiya məhkəmələrinin çıxardığı qərarları ləğv edərək, işləri yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdi.

Ədliyyə naziri və Penitensiar Xidmətə qarşı şikayət üzrə vaxtilə çıxarılmış qərardan apelyasiya şikayətinə 17 yanvar saat 11-də hakim Sənan Hacıyevin sədrliyilə baxılacaq. Sabiq nazirin 11 il azadlıqdan məhrum edilməsinə dair Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündən şikayətə də elə həmin gün, amma saat 14.30-da hakim Qədim Babayevin sədrliyilə baxılacaq.

DİA.AZ-ın əldə etdiyi informasiyalardan aydın olur ki, məhkəmə proseslərində Əli İnsanovun özü də iştirak edəcək. Məsələ burasındadır ki, Avropa Məhkəməsi ədliyyə naziri və Penitensiar Xidmətə qarşı vaxtilə yerli məhkəmələrdə şikayətinə baxılarkən onun özünün iştirakının təmin olunmamasını da ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirmişdi.

Bu arada Əli İnsanovla bağlı redaksiyamıza maraqlı bir informasiya da ötürülüb. Bilgili qaynaqlardan verilən xəbərdə qeyd olunur ki, artıq yaranmış situasiyanın gərginliyindən yorulan sabiq səhiyyə nazirliyi azadlığa çıxa bilməsi üçün hakimiyyət nümayəndələri ilə danışıqlara hazır olduğunu söyləyib. Məlumatı DİA.AZ-a verən mənbə iddia edir ki, Bu barədə Əli İnsanov saxlanıldığı təcridxananın rəhbərliyi ilə müzakirə aparıb:

«Təbii ki, buna qədər Əli İnsanov nəinki danışıqlara gəlirdi, hətta əfv ərizəsi yazmayacağını, sonna qədər mübarizə aparacağını bildirirdi. Halbuki bu gün Azərbaycanda hər kəs etiraf edər ki, Əli İnsanova qarşı silsilə cinayət işlərinin açılması üçün yetərincə faktlar əldə etmək mümkündür. Yəni əslində ona qarşı ittihamlar yox, bu gün onun saxlanılması zamanı işgəncəyə məruz qalması faktları qabardılır ki, bu da dolayı yolla sabiq nazirin GÜNAHLARINI ETİRAF ETMƏSİ kimi qəbul edilməlidir».

Mənbə iddia edir ki, amma keçmiş nazirə kənardan dəstək olan qüvvələr bu anna qədər onun iqtidar nümayəndələri ilə hər hansı təmasını məsləhət görmürdülər: «Çünki Əli İnsanovla artıq bütün körpülər yandırılıb. Eyni zamanda maraqlı dairələrə sərf etmir ki, Əli İnsanov da Fərhad Əliyev kimi azadlığa çıxma fürsəti əldə etsin. Yəni bir oyun oynanılırdı və hətta bu oyunun içində tanınmış simalar da var. Son günlər isə vəziyyət dəyişib. Bəziləri bunu Əli İnsanovun yorulması kimi də qiymətləndirə bilərlər. Fakt isə ondan ibarətdir ki, artıq sabiq nazirlə hakimiyyətin elçiləri arasında danışıqlar başlayıb. Bu danışıqlar isə onun azadlığa çıxmasına nədən ola bilər».

Geri qayıt