Əsas Səhifə > Sosial, Manşet > Rusiya və İranın Azərbaycana qarşı yeni təzyiq dalğası
Rusiya və İranın Azərbaycana qarşı yeni təzyiq dalğası9-01-2014, 10:56 |
DİA.AZ: - Rusiya və İran Cənubi Qafqaz regionunda, xüsusən də Azərbaycanla bağlı siyasətdə yenidən ortaq hərəkət barədə qərar qəbul ediblər. Belə ki, hər zaman bu iki ölkə Cənubi Qafqaz siyasətlərini uzlaşdırmağa çalışıb. Eyni zamanda Tehranla Moskvanın ümumi düşmənlərinin bir olması, habelə Qərbin Cənubi Qafqaza nüfuz etməsi siyasətinə eyni tərzdə etirazla yanaşmaları da onların paralel xətti tutmalarını labüd etməkdədir. Amma DİA.AZ-ın əldə etdiyi informasiyalardan aydın olur ki, bu dəfə Kremlə rəsmi Tehran arasında konkret olaraq Azərbaycana yönəlik bir sıra anlaşmalar üzərə hərəkət planı təsdiqlənib. Məlumatlı mənbələrdən redaksiyamıza ötürülən informasiyalardan aydın olur ki, Azərbaycanda keçirilmiş son prezident seçkilərinə münasibətdə və seçkilərdən sonrakı dönəmlə bağlı baş verənlərdə öz maraqlarının təhdid altında olduğunu hiss edən Kreml dəyişkən dəst-xətt tutmalı olub. Mənbənin söylədikləri: «Rusiya Azərbaycanı birdəfəlik itirdiyinin tam fərqindədir. Amma hələ də ümid edirlər ki, Bakını geri qaytara biləcəklər. Ona görə də ənənəvi üsullarla yenidən Azərbaycana qarşı növbəti təzyiq dalğasının yönəldilməsi planı üzərində iş gedir». Mənbə iddia edir ki, bu konuda Rusiyaya əsas tərəfdaşlıq edən ölkə isə İrandır: «Rusiya ilə İran regionda ciddi müttəfiqdirlər. Çünki hər ikisi Cənubi Qafqazda Qərbin nüfuzuna qarşıdırlar. İran bununla Qərbin sərhədlərinə qədər yaxınlaşmasının fərqindədir, Rusiya isə Xəzər dənizi hökmranlığını itirə biləcəyindən ehtiyat edir. Xəzər dənizi isə Avropa üçün ən yaxın ciddi enerji qaynağı hesab olunduğundan bu məsələdə həm Rusiyanın və həm də İranın enerji maraqları arxa plana keçmiş olur. Yəni artıq nə Rusiya və nə də ki İran Qərbə enerji təzyiqinin hesabına hansısa şərtlərini diqtə edə bilməyəcəklər». Məhz qeyd olunan istiqamətdə Azərbaycanın ciddi önəm daşıdığını bildirən mənbəmiz əlavə edir ki, artıq rəsmi Bakı yeni təzyiq planı ilə bağlı xəbərdar edilib: «Təbii ki, rəsmi Bakı meydanda təklənmiş vəziyyətdə deyil. Bunu hesab edənlər yanılırlar. Çünki son zamanlar Azərbaycan rəsmən bir çox güclərə meydan oxudular. Konkret olaraq Rusiyada rəsmi Bakının bəzi addımları ciddi qəzəb yaradıb. Belə olan halda, Azərbaycanın hansısa qüdrətli gücə söykənməsi nəzərdən yayınmadı». Amma buna rəğmən Azərbaycanla ənənəvi dildə danışma yolunu tutan Rusiyanın məhz məlum separatizm-bölücülük aləti ilə ölkəmizi təhdid edəcəyini bildirən mənbə bu müstəvidə Kremlin əsas tərəfdaşının İran olduğunu da vurğuladı: «İranın bu yöndə kifayət qədər «təcrübəsi» var. Yəni buna qədər də rəsmi Tehran Azərbaycanda məlum əməllərlə məşğul olub. Odur ki, rəsmi Bakı növbəti dalğanı qarşılama tədarükündədir». Geri qayıt |