Əsas Səhifə > Sosial, Güney Press, Manşet > Əsabil Qasımov milyonları hansı yolla əldə edib?

Əsabil Qasımov milyonları hansı yolla əldə edib?


30-12-2013, 11:30
Əsabil Qasımov milyonları hansı yolla əldə edib?
Vaxtilə tramvaya verəcəyi 3 qəpiyə qənaət edən Əsabil Qasımov, milyonlara necə sahib olub?

DİA.AZ: - DİA.AZ bildirir ki, infom.az-ın araşdırma qrupu seçici-deputat münasibətlərini öyrənməkdə davam edir. Bu dəfə haqqında söhbət açacağımız şəxs 79 saylı İmişli seçki dairəsindən parlamentə vəsiqə qazanan Əsabil Qasımovdur

Yerli sakinlərin söylədiyinə görə, onlar hələ ki deputatlarının indiyə qədər parlamentdə çıxışını, ya hansısa məsələ ətrafında müzakirəyə qoşulmağını eşitməyib. Bəzən seçicilər düşünür ki, görəsən iş adamının mandata nə ehtiyacı olub?

Mandat Əsabil Qasımova heç də ucuz başa gəlməyib. 2010-cu ilin parlament seçkilərinə start verilən vaxt “Yeni Müsavat” iddia edirdi ki, bu məbləğ 3 milyon manat həddində olub. Onun qələbəsinin təmin edilməsi üçün sabiq deputat, müsavatçı İltizam Əkbərlinin namizədliyinin müdafiəsi üçün verilmiş seçici imzaları etibarsız hesab edilib. Hələ seçkiyə qədər olan illər ərzində un dəyirmanı bir çox obyektlər “üyüdüb”. Onlardan biri də Ə. Qasımovun doğulduğu Qaralar kəndində tikilən möhtəşəm məktəb binasıdır.

Yerlli icra hakimiyyəti və təhsil şöbəsinin ilkin hesabatlarında binanın, iş adamının öz vəsaiti ilə inşa olunmağı qeyd edilib. Sonradan obyekt məlum mərkəzin adına çıxılıb. Əsabil bəyin bir elə dərin siyasi savadı, dünyagörüşü yoxdur. Bütün rəsmi açıqlamalarla ziddiyyət təşkil etsə də, hər bir məclisdə, hətta möhtəşəm yığıncaqlarda bəyan edir ki, həmin məktəbi öz puluyla tikib, üstəlik İmişli şəhərindəki 5 saylı orta məktəb də onu vəsaiti ilə yenidən qurulub.

Seçiləndən dərhal sonra ölkədə un bahalaşdı və yerli əhali arasında söz-söhbət gəzdi ki, bəs o cənab mandata qoyduğu mayanı çıxarır. Dərhal Əsabil bəy jest etdi: iri tutumlu, içərisi un və un məmulatları ilə dolu yük maşınlarını İmişliyə göndərib, əhaliyə pulsuz paylatdırdı. Gənc yaşlarında Bakıda fəhlə işləyərkən tramvaya verəcəyi 3 qəpiyə qənaət etmək üçün neçə kilometr yolu piyada əlinə alıb gedən Əsabil bəyin, milyonçu olmağının sirrini çox az adam bilir. İndi onun biznesi barədə soraqlar yaxın-uzaq xaricdən də gəlir.

Bir ara KİV-də belə məlumat yayıldı ki, Gürcüstan hökuməti vergidən yayınan şirkət sahibinin Azərbaycan parlamentində təmsil olunduğunu öyrənərək, onunla bağlı ölkəmizə rəsmi müraciət edib. Parlamentdə gözə dəyməsə də, Əsabil Qasımov İmişlidəki rəsmi tədbirlərin əksəriyyətində iştirak, hətta çıxış da edir. Belə vaxtda rəsmilər narahat olur ki, birdən adam “cazaylayıb” ağzından başqa söz çıxarar. Necə ki, deyir: “Ölkədə unun qiymətini yerində mən saxlamışam, yoxsa çoxdan qalxardı”.

Elə bil mandatı acığa alıb qoyub cibinə ki, desin: “Üstümü unlu görüb düşünməyin dəyirmançıyam.” Mili Məclis qanun qəbulu ilə məşğul olduğundan, belə “mənasız” işə ayrılan vaxta Əsabil bəyin heyfi gəlir. Bir də axı orada oturub nə edəsidi- danışmağa sözü, verməyə təklifi yox. Buna görə parlamentdəki düyməsini qonşularına həvalə edib, “Karatholding”in haqq-hesabını aparır. Əsil söz dəyirmandakıdı...

Geri qayıt