Əsas Səhifə > Sosial, Manşet > "Bank müflis durumdaydısa, “Aqrolizinq”lə niyə işləyirdi?"
"Bank müflis durumdaydısa, “Aqrolizinq”lə niyə işləyirdi?"16-11-2020, 10:36 |
“Texnika almaq üçün banka pul köçürdüm, bu günədək nə pulumu ala bilmişəm, nə də texnikanı. “Bank müflis olub, sizə verməyə pulu yoxdur”, - deyirlər. Mən anlayıram, amma texnikanın 40 faiz pulunu ödəmək üçün borc aldığım insanlar bunu anlamır. Çox pis durumda qalmışam”. DİA.AZ bildirir ki, Ucarın Məlikballı kəndinin sakini Eyvaz İbrahimov belə deyir. O, 2019-cu il dekabrın 24-dən bu yana başına oyun gədiyini, altından çıxa bilmədiyini söyləyir: ““Aqrolizinq” ASC-yə müraciət etmişdim. Yeni traktor almaq istəyirdim. İstəyim qəbul edildi. Qanunla həmin texnikanın dəyərinin 40 faizini mən, 40 faizini dövlət, yerdə qalan 20 faizini isə bank verməli idi. Sonra mən həmin 20 faizi aybaay banka köçürəcəkdim. Nə isə məni Bakıya, “Aqrolizinq” ASC-yə dəvət etdilər”. Şikayətçi deyir ki, orda 4 bankın stendi olub. Ona işini bu banklardan biri ilə həll etmək lazım olduğunu deyiblər: “Yəni birinin vasitəsilə kreditlə texnika götürə bilərdim. Orada mənə ilk yaxınlaşan “NBC Bank”ın işçisi oldu. Sənədləri yazdı, hər şeyi həll etdi. Dekabrın 27-də zəng etdi. Dedi “2 nəfər zamin götür gəl”. Getdim. Sənədləri hazırlamışdı. Mən də imzalayıb, “NBC Bank”ın Nəsimi filialına 10 min 292 min manat pul köçürdüm”. Ödənişdən sonra Eyvaz İbrahimova deyilib ki, yanvarın 7-dək ona zəng edəcəklər. O da kəndə dönüb və bankdan zəng gözləyib. Deyilən vaxtdan günlər keçib, ancaq zəng gəlməyib: “Fevralda özüm maraqlanmalı oldum. Dedilər ki, dövlət tərəfindən güzəşt edilən 40 faizlik məbləğ hələlik, köçməyib. Ancaq Kənd Təsərrüfatı Nazirliyindən elektron ərizəmə cavab gəlmişdi ki, həmin güzəşti ödəyiblər. Bunlar dirəndi ki, yox, yalan demirik, ödənməyib. Sonra koronavirus dövrü başladı. Bakıya gediş-gəliş çətinləşdi. Aprelin 24-də birtəhər Bakıya getməyə nail oldum. Yenə sənədlər yazdılar, ödəniş qrafiki müəyyən etdilər. Hətta sığorta ödənişi də etdim. Sonra mənə traktorun bütün sənədlərini verdilər. Hətta may ayı üçün nəzərdə tutulan aylıq ödənişi də aldılar. Bir neçə gün sonra mənə zəng gəldi ki, bank bağlanır, sistem dayandırılır. Ondan sonra mənimlə əlaqə saxlamadılar”. Eyvaz İbrahimov deyir ki, sonra çox çətinliklə də olsa yenə Bakıya gedib. Bu zaman bank ona texnikanı vercəkləri ilə bağlı sənəd imzaladıb. Ancaq bu günədək nə pulunu, nə də texnikanı ala bilib: “Öyrəndim ki, bağlanan banklarda əmanəti olanların pulları geri qaytarılır. Sevindim. Zəng etdim, dedilər, “sənin pulun əmanət kimi yox, lizinq yolu ilə texnika almaq üçün yatırılıb. Geri qaytara bilmirik, çünki pulumuz yoxdur”. Axırda da dedilər ki, qaytarılan pulları Əmanətlərin Sığortalanması Fondu verir. Mənə aid deyil”. Eyvaz İbrahimov çıxılmaz durumda olduğunu deyir. Ödədiyi pulun çoxunu borc aldığını və borcluların qapısına dirəndiyini söyləyir: “Anlaya bilmirəm, əgər bank müflis durumdaydısa, “Aqrolizinq”lə niyə işləyirdi? Yəni onu dövlətin proqramına kim qoşmuşdu? Əlimlə pulumu ödədim, bütün sənədlərim var, sübutlarım var, ancaq geri ala bilmirəm. Heç pulu da istəmirəm, işi başqa banka versinlər, texnikamı alım. Sonra aylıq krediti də ödəməyə hazıram. Ancaq etmirlər. Uzlaşmaq üçün hər hansı addım atılmır”. Şikayətçi bu yaxınlarda sonuncu dəfə bankın keçmiş əməkdaşı ilə əlaqə saxlayıb. “Bank bağlanıb, sənin ödədiyini geri verməyə pulumuz yoxdur”, - cavabını alıb: “Bir sözlə, əlimlə pul vermişəm, ayağımla düşmüşəm dalınca - ala bilmirəm. Aidiyyatı qurumlara müraciət etmişəm, işə yaramır. Prezident Administrasiyasından tutmuş, Heydər Əliyev Fonduna qədər - hər yerə yazmışam. İşimə baxmırlar”. Eyvaz İbrahimovun 2-ci qrup əlilliyi var. Deyir, ailəsini təsərrüfatla dolandırır. Başqa heç yerdə çalışmır: “Mən illərin traktor sürücüsüyəm. Kənddə insanların işini görür, özüm əkin-biçin, heyvandarlıqla dolanıram. Köhnə traktorum istismar müddətini çoxdan başa vurub, artıq istifadə ediləsi durumda deyil. Məcbur qalıb, borcla-xərclə yenisini almaq qərarına gəldim. Nədir ki, bir tikə çörəyimi qazana bilim. Onun da axırı belə oldu. İndi nə edim, kimə şikayətlənim bilmirəm”. Eyvaz İbrahimov artıq nə edəcəyini bilmədiyini söyləyir: “Şokdayam, belə çıxır ki, məni aldatdılar, pulumu aldılar, ortada isə nə pul var, nə də texnika”. Geri qayıt |