Əsas Səhifə > Sosial, Manşet > Səfər Mehdiyevin qara günə qalan YAŞIL DƏHLİZİ...

Səfər Mehdiyevin qara günə qalan YAŞIL DƏHLİZİ...


3-06-2020, 11:14
Səfər Mehdiyevin qara günə qalan YAŞIL DƏHLİZİ...
DİA.AZ: - Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 21 dekabr tarixli, 427 saylı Fərmanına əsasən “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq edilib. Təbii ki, cənab Prezident bu qərarı verərkən ölkədə sahibkarlığın inkişafını, ölkə əhalisinin rifah halının yüksəldilməsini başlıca məqsəd və hədəf kimi seçmişdi. DİA.AZ bildirir ki, amma görünəni və bu gün gömrük sistemində müşahidə olunanlar da təsdiqləyir ki, başda Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev olmaqla, gömrük çalışanları dövlətin sözügedən siyasətini də öz cılız maraqlarına qurban verməkdədirlər...

Ümumilikdə gəlin nəzər salaq "Yaşıl Dəhliz" nədir?

Yaşıl Dəhliz – şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün fərdi və sürətli xidmətlərin göstərilməsi prinsipidir. Yəni normal olanı, qanunlarla qorunanı budur. Amma realda bu gün "Yaşıl Dəhliz"dən yalnız Səfər Mehdiyev və onun çevrəsi gen-bol yararlanmaqdadır. Bu barədə DİA.AZ-a danışan sahibkarlar da təsdiqləyir ki, bu vaxta qədər dövlətin məlum qərarından digər sahibkarların faydalanması nadir hadisəyə çevrilib. Bu barədə danşıan sahibkarlardan biri isə dia-az.life-a açıqlamasında qeyd edib ki, ümumiyyətlə əksər iş adamlarının belə bir dövlət qayğısından məlumatları yoxdur və bu da nəticədə DGK-dakı bəlli şəbəkənin işinə yarayır.

Biz də DİA.AZ olaraq sahibkarlarımıza bu yöndə dəstək olmaq məqsədilə "Yaşıl Dəhliz" kimlər üçün olmasını bir daha xatırlatmaq istədik. Elə dia-az.life-a danışan sahibkarlar da belə bir bilgiləndirmənin zəruri olduğunu vurğulyırlar.

dia-az.life bildirir ki, aşağıdakı meyarlara cavab verən vergi ödəyiciləri “Partnyor vergi ödəyicisi statusu” əldə edə bilər:

-vergi hesabatlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə təqdim edən;

-vergiləri tam həcmdə və vaxtında ödəyən;

-muzdlu işçilərininin sayını və əmək haqlarını düzgün bəyan edən;

-mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına əsasən aparan;

-gücləndirilmiş elektron imzaya sahib olan və yazışmaların elektron şəkildə aparılmasına üstünlük verən;

-saxta sənədlər (o cümlədən ciddi hesabat sənədləri) qəbul və təqdim etməyən (əmtəəsiz əməliyyatlar aparmayan);

-son 3 il ərzində iqtisadi sahədə cinayətin törədilməsinə görə barəsində cinayət təqibi aparılmayan (bəraətverici əsaslarla icraatına xitam verilmiş cinayət işləri istisna olmaqla)

Yaşıl Dəhlizə qoşulmağın qaydaları isə belədir:

Yaşıl Dəhlizə həm Vergilər Nazirliyinin, həm də vergi ödəyicisinin təşəbbüsü ilə qoşulmaq mümkündür. Vergilər Nazirliyi mütamadi olaraq qeyd olunan meyarlara cavab verən vergi ödəyicilərini müəyyən edir və onlara “Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə” unikal koda malik bildiriş verir.

Vergi ödəyicisi Partnyor vergi ödəyici statusunun əldə olunması üçün vergi orqanlarına müraciət etdikdə, həmin müraciət vergi orqanlarının müvafiq struktur vahidi tərəfindən araşdırılır, vergi ödəyicisinin fəaliyyəti göstərilən meyarlara uyğun gəldiyi halda ona “Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə” bildiriş verilir, uyğun gəlmədiyi halda isə onun fəaliyyətinin göstərilən meyarlara tam və ya qismən uyğun olmaması barədə məlumat verilir.

Hər halda bu məlumatlandırma bu gün iş adamlarımız üçün vacibdir və görünəni odur ki, DGK rəhbərliyi bu məlumatlandırmada o qədər də maraqlı deyil. Əgər belə olmasaydı, hər yerə pul tapan Səfər Mehdiyev məhz sahibkarların bilgiləndirilməsi məqsədilə adi sosial çarxları hazırlatdırıb televizalar vasitəsilə yayımladardı. Buna ciddi şəkildə ehtiyac var...

Geri qayıt