Əsas Səhifə > Sosial, Manşet > Heydər Əsədovun iflasa uğrayan taxıl siyasəti...

Heydər Əsədovun iflasa uğrayan taxıl siyasəti...


16-04-2018, 09:04
Heydər Əsədovun iflasa uğrayan taxıl siyasəti...
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 55 milyon 220,27 min ABŞ dolları dəyərində 316 min 131,69 ton buğda idxal edib.

Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatında qeyd olunub ki, bu, həcm baxımından 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə 110 min 858,94 ton və ya 54,0 faiz çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 16 milyon 995,31 min dollar və ya 44,46 faiz çoxdur. Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 38 milyon 224,96 min dollar dəyərində 205 min 272,75 ton buğda idxal edilib. 2018-ci ilin yanvar-mart aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 2,52 faizini təşkil edib.

Bir ölkənin taxıla olan tələbatının yarıdan çox hissəsi xarici idxal hesabına ödənilirsə, deməli, vəziyyət çox ciddidir. Kənd təsərrüfatının inkişafında taxıl istehsalı əkinçiliyin əsasını təşkil edir. Demək olar ki, dünyanın əksər ölkələrində əkinçiliyin əsasını taxılın becərilməsi tutur. Əgər taxılçılıq inkişaf etdirilməsə, kənd təsərrüfatının digər sahələrini inkişaf etdirmək qeyri-mümkündür. Odur ki, əhalinin ərzağa olan tələbatını ödəmək üçün taxıl istehsalının həcmi artırılmalı və keyfiyyəti yaxşılaşdırılmalıdır.

Azərbaycan ərzaq buğdasına olan tələbatını Ukraynadan, Rusiyadan və Qazaxıstandan təmin edir. Ölkənin taxıla olan tələbatı ildə 3-3,5 milyontondur. 2016-cı illə müqayisədə ötən il ölkə taxıl idxalını 20 faiz azaldıb. 2017-ci ildə Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclasında tərəflər Qazaxıstan taxılının Azərbaycana ixracının illik həcminin 1 milyon tona çatdırılması barədə razılığa gəliblər. Bütün bu faktlar ölkəni qida təhlükəsizliyi kimi ciddi bir dilemma qarşısında qoyur. Allah eləməmiş, birdən idxalçı ölkələr taxıl idxalının dayandırdı. Bəs onda?..

Məlumat üçün bildirək ki, 2016-cı ildə Azərbaycanda 1 milyon 210 min ton çörək və çörək-bulka məmulatları istehsal olunub. Bu isə 2015-ci ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 12 min ton çoxdur. Çörək-bulka məhsullarının pərakəndə satışı isə 2016-cı ildə 4,57 faiz və yaxud 55 min 297 ton təşkil edib. Əldə olunan rəqəmlərin müqayisəli təhlili göstərir ki, 2016-ci ildə Azərbaycanda 95.43 faiz və yaxud 1 milyon 154 min 703 ton çörək-bulka məhsulları israf olunub. Rəqəmlərin təhlili göstərir ki, əhalinin istehlak normasına uyğun un və un məhsullarının istehsalı ilə bağlı nəzarət mexanizmi yoxdur.

Ölkə üçün pambıq strateji məhsul sayılmasa da, hər il “ağ qızıl”ın becərilməsi üçün büdcədən milyonlarla vəsait ayrılır. Əksər taxıl sahələri mahlıc sahələri ilə əvəz olunur. Ekspertlər hesab edir ki, Azərbaycanda taxıl istehsalı da, pambıq istehsalı da kifayət qədər səmərəsiz sahədir. Çünki ölkədə əkilən taxıl insan istehlakı üçün uyğun hesab olunmur. Azərbaycan əhalinin istehlakı məqsədi ilə istifadə olunan taxılı əsasən idxal hesabına təmin edilir. Yerli istehsal olunan taxılın böyük əksəriyyəti texniki xarakterlidir.

Ümumiyyətlə, neft gəlirləri əhəmiyyətli dərəcədə azalandan sonra, ölkədə qeyri-neft sektorunun inkişafına prioritet istiqamət kimi diqqət yetirilməyə başlanıldı. Belə bir vəziyyətdə dövlət rəsmiləri alternativ gəlir mənbələri haqqında ciddi düşünmək üçün müxtəlif yollar axtardılar. Təbii ki, ölkə rəhbərliyi də bu məsələyə biganə qalmadı və xüsusi olaraq iki sahəni prioritet seçdi; kənd təsərrüfatının və turizmin inkişafını. Bunun üçün uzunmüddətli strateji yol xəritələri və tədbirlər planı qəbul olundu. Gözlənilirdi ki, azalan neft gəlirlərinin yerini qarşıdakı illərdə qeyri-neft sektorundan, xüsusilə kənd təsərrüfatından və turizmdən gələn gəlirlər hesabına doldurmaq mümkün olacaq.

Ancaq çox təəssüflər olsun ki, ötən müddət ərzində qarşıya qoyulan məqsədlərə nail olmaq mümkün olmadı. Aqrar sahənin inkişafı üzrə proqramlar icrasını kənd təsərrüfatına hazırda məsul olan nazirin uğurla həyata keçirməsi mümkün deyil. Ekspertlər bunun səbəbini hazırkı kənd təsərrüfatı naziri Heydər Əsədovun aqrar sahə ilə heç bir əlaqəsinin olmaması ilə əlaqələndirirlər. Artıq ölkənin kənd təsərrüfatı məhsullarından asılılığı pik həddə çatıb. Hökumət Heydər Əsədovun kənd təsərrüfatı sektorunda çevik uğura nail olmadığının fərqindədir. O, ölkə əhalisinin istehlak mallarına olan tələbatının təmin olunmasında tutarlı bir iş görməyib. Bəzən bu nazirin vəzifəyə gəldiyi ilk günlərdən başlayaraq, təmsil etdiyi qurumda Azərbaycan maraqlarına xidmət etməsi məsələsi insanda şübhə doğurur.

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri bitdikdən sonra hökumətin tərkib və strukturunda ciddi dəyişikliklər gözlənilir. Bir sıra nazirlik və dövlət komitələrinin ləğvi, yenidən təşkili və yenidən qurulması nəzərdə tutulur. Məlumata görə, struktur islahatı nəticəsində bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək. İlk olaraq Kənd Təsərrüfatı Nazirliyi ləğv edilərək, səlahiyyətlərinin Qida Təhlükəsizliyi Agentliyinə (QTA) verilməsi nəzərdə tutulur.

Hazırda Kənd Təsərrüfatı Nazirliyini işinin öhdəsindən gələ bilən nümunəvi bir qurum hesab etmək olmaz. Heydər Əsədovun vəzifədə olduğu müddətdə nöqsanların sayı-hesabı yoxdur. Demək olar ki, ölkə inkişafdan qalıb, qeyri-neft sektoruna yönəldilən vəsaitlərin təyinatı üzrə xərclənməsinə dair şəffaf hesabat yoxdur. Azərbaycan nə monopoliyadan xilas oldu, nə də şişirdilmiş qiymətlərin endirilməsi kimi hallar müşahidə olundu. “Azərbaycanda bir kərə qalxan qiymətlər, bir daha enmir” şüarı əhalinin həyat devizinə çevrilib. Dövlətin prioritet elan etdiyi sahəyə Heydər Əsədovun rəhbərliyi ilə çatmaq müşkülə çevrilib. Hazırkı dönəmdə daha böyük miqyasda öhdəlikləri öz üzərinə götürsə də, buna qane olacağına inananların sayı çox azdır. Ölkənin belə bir mühüm vəzifəsində təmsil olunan şəxslərin onlara edilmiş etibardan sui-istifadəsinə göz yummaq olmaz. Bu cür yarıtmaz məmurların “fəaliyyəti”nin necə olmasından asılı olmayaraq, Allah məhsulunuzu bol eləsin!

Geri qayıt