Əsas Səhifə > Sosial, Manşet > Ağdamda saxta diplomlu vəzifə sahibi kimdir?
Ağdamda saxta diplomlu vəzifə sahibi kimdir?17-08-2017, 09:32 |
Bu gün ölkə gündəmini daha çox zəbt edən mövzulardan biri də, saxta diplom sahiblərinin ayrı-ayrı təhsil müəssisələrində çalışmaları və atdıqları addımların müqabilində mənimsədikləri büdcə pullarının varlığıdır. Hətta, xeyli müddət bundan əvvəl rəsmi dövlət qurumları tərəfindən bu haqda açıqlamalar da yayılmışdı. Yəni, həmin açıqlamalarda qeyd olunurdu ki, müəyyən sayda insanlar saxta diplomlara sahibdirlər. Onlar müəyyən yollarla əldə etdikləri saxta sənədlər hesabına ayrı-ayrı təhsil müəssisələrində və digər sahələrdə çalışırlar. TQDK-nın (indiki DİM) 2014-cü ildə yaydığı məlumatda qeyd olunurdu ki, 1992-ci ildən 2014-cü ilə qədər diplom almış 24 mindən çox şəxs, adı çəkilən qurumun təşkil etdiyi imtahanlarda yetərincə bal toplamayıblar və onlar haqda elektron bazada lazımi məlumat da yoxdur. Yayılan belə bir açıqlamanı əslində adi bir xəbər kimi deyil, olduqca ciddi şəkildə qəbul etmək gərəkdir. Çünki, atılan addımlar birbaşa cinayət işidir, bənzəri olmayan qanun pozuntularıdır. Təkcə ona görə yox ki, həmin şəxslər saxta diplomlardan istifadə etməklə fəaliyyət göstərirlər, həm də ona görə ki, onlar belə bir addımlarını atmaqla, qanuni diplomu olan və işləmək hüququna sahib olanların haqlarını tapdalayırlar. Yaxşı olar ki, saxta diploma sahib olan müəllimləri işlərindən azad etməklə bərabər, həm də vaxtilə onları işə qəbul etmiş və saxta işlərə göz yummuş vəzifə sahibləri də işlərindən azad olunsunlar və tutduqları əməllərə görə, qanun qarşısında cavab versinlər. Ümumiyyətlə, hansı təhsil müəssisəsində saxta diplomla müəllim fəaliyyət göstərirsə, həmin məktəbin direktoru ilə bərabər, təhsil şöbəsinin müdiri də daşıdığı vəzifəsindən uzaqlaşdırılmalı və qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmalıdırlar. Əslində atılan addımlar birbaşa dövlətimizə qarşı düşünülmüş təxribat və ağır cinayət işi kimi də qiymətləndirilməlidir. Məsələn, bir müddət bundan öncə “Gündəm Xəbər”in redaksiyasına olduqca diqqəti cəlb edən belə bir məlumat daxil oldu ki, saxta diploma sahib olan “ziyalı”larımızdan biri də, Ağdam rayonunda fəaliyyət göstərən Hacı Tural kənd orta məktəbinin direktorudur. Düzdür, bu yöndə məlumat daxil olan kimi olduqca təəccübləndik və ilk andan informasiyanı dəqiqləşdirməyə çalışdıq. Həmin vaxt başqa bir media qurumu da bu haqda açıqlama ilə çıxış etdi və dərc olunan açıqlamda, adı çəkilən təhsil ocağına rəhbərlik edən Aslanov Pərviz Cəfər oğluna məxsus diplomun saxta olmasını da ictimailəşdirdi. “Gündəm Xəbər”ə daxil olan məlumatda qeyd olunur ki, Aslanov Pərviz Cəfər oğlu 1999-cu ildə orta təhsilini başa vursa da, respublikamızın heç bir ali təhsil müəssisələrində təhsil almaq ona müyəssər olmur. Bu haqda DİM-də şöbə müdirinin müavini vəzifəsini daşıyan Sahib Mərdanovun ünvanlanmış məktuba verdiyi cavabında qeyd olunur ki, “26 iyun 1982-ci il təvəllüdlü Aslanov Pərviz Cəfər oğlu, 1999-cu və 2000-ci illərdə TQDK-sı tərəfindən ali və orta ixtisas məktəblərinə keçirilmiş test imtahanlarında iştirak etmiş və o, heç bir ali təhsil müəssisəsinə qəbul olmamışdır. Barəsində TQDK-sı tərəfindən hər hansı təhsil müəssisəsinə qəbulla bağlı əmr də verilməmişdir”. Amma, bütün bunlara baxmayaraq adı çəkilən şəxs 2000-ci ildə kimlərinsə köməyi ilə Mingəçevirdə fəailiyyət göstərən və ölkənin ən qalmaqallı təhsil müəssisələrindən biri hesab olunan “San Marino” universitetinin birbaşa 2-ci kursuna daxil ola bilir. Faciəli hal o olur ki, adı çəkilən təhsil ocağı çox keçmir ki, fəaliyyətini dayandırır. Belə olan halda o, 2004-cü ildə başqa bir təhsil ocağından, adı daha çox qalmaqallarda və çoxsaylı qanunsuzluqlarda hallanan və bir neçə il bundan əvvəl fəaliyyəti dayandırılmış Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialından diplom əldə edə bilir. Maraqlı hal o olur ki, hansısa yollarla diploma sahib olan bu şəxs çox keçmir ki, rayonun Əfətli kəndindəki məktəblərdən birinə direktor müavini təyin olunur və adı qalmaqallarda hallandığına görə, 2011-ci ildə onu rəhbərlik daxili əmrlə Ağdamın Mingəçevirdə fəaliyyət göstərən təhsil ocaqlarından birinə müəllim təyin edir. Verilən məlumatlara görə, adı məktəbin ştat cədvəlində gedən və özü məktəb sifəti tanımayan, büdcədən adına əmək haqqı yazılan Pərviz Aslanov, həmin illər ərzində müəllimlik fəaliyyəti ilə deyil, həvəsində olduğu əczaçılıq fəaliyyəti ilə məşğul olur və hansısa aptekdə dərman da satır. Elə ki, 2016-cı il olur, onun iştahası daha da artır və vəzifə daşımaq istəyi ilə yaşayan bu şəxs, çox keçmir ki, kimlərinsə dəstəyindən yararlanaraq Hacı Tural kənd məktəbinə direktor təyinatı da ala bilir. Bəli, bütün bunlar onu söyləməyə əsas verir ki, digər saxta diploma sahibləri kimi Pərviz Aslanov da, bu gün qanunsuz yollarla daşıdığı vəzifəsini icra edir və təhsilimizin məhvə sürüklənməsində başlıca rol da oynayır. Yəqin ki, adı çəkilən şəxsin diplom problemi aidiyyəti qurumların diqqətini cəlb edəcək və Təhsil Nazirliyinin rəsmi şəxsləri, yaşanan olayla bağlı konkret mövqeyini də ortaya qoyacaq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Mövzuya qayıdacağıq. Geri qayıt |