Əsas Səhifə > Sosial, Manşet > “Borçalı masası”nda İranın “mövhumat plovu”

“Borçalı masası”nda İranın “mövhumat plovu”


18-05-2017, 09:06
“Borçalı masası”nda İranın “mövhumat plovu”
Orta Doğu anlayışına sadəcə ərəb ölkələri, körfəz dövlətləri deyil, həm də bu coğrafi məkana Qafqaz regionu da daxildir. Son illər İraq, Suriya və Fələstin böhranına görə ən çox varlanan ölkələrdən biri İran molla rejimidir. İncə siyasət yürüdən Tehran molla rejiminin əlindəki ideoloji silah “radikal şiəlik” düşüncə sistemidir. Azərbaycan Respublikası, Ermənistan və Gürcüstan üzərində qurulan, eyni zamanda “Böyük İran” modelinin tərkib hissəsi kimi son 25 ildə çox dərin şəbəkələşmə siyasətini quran Tehran rejiminin hədəfi “Türksüz Qafqaz” və “xurafatçı Azərbaycan modeli”dir. Ona görə də, dini təlimlər adı altında Borçalı üzərindən “radikal şiə”modelini gücləndirməyə çalışır.

Borçalıdan gələn məktubların izi ilə

“Xudafərin dərgisinin internet versiyası olan “Xudaferin.eu” saytının elektron poçtuna redaksiyamızın “Tiflis Bürosu”na ilginc məktublar və sənədlər daxil olub. Biz bunları incələdiyimizdə bəlli oldu ki, Azərbaycan Respublikasında inanclı əhalini İran molla rejiminin Bakıdakı nümayəndəliyi öz hədəfləri üçün onlardan necə istifadə edir. Fars dilində yazılan sənədləri bu dili bilən yurdsevər mütəxəssislərimizlə birlikdə xeyli müddət incələməli olduq. Dəyərli oxucularımız da bilsin deyə, həmin sənədlərin əsil mahiyyətini sizlərlə bölüşmək qərarına gəldik.

1979-ci il 23 Bəhmən İnqilabının sonucunda İranda hakimiyyətə gələn dindarlar qısa bir zamanda ölkəni şəriət qanunları idarə etmək üçün xüsusi dövlət strukturu yaratdılar. Düz 40 ildir ki, “Ali Dini Rəhbər” statusu ilə idarə olunan İran molla rejimi öz təlimlərini mövhumatçı dini siyasətlə bir sıra xalqları və dövlətləri öz təsirinə salmaq üçün “Dünya Müsəlmanları Lideri”nin nümayəndəsi adı altında şəbəkələr yaratmışdır. Azərbaycan Respublikasında “Dünya Müsəlmanları Lideri” Seyid Əli Əkbər Xamneyinin nümayəndəsi höccətülislam İbadulla Ocaqnəjad adlı birisidir. Bu nümayəndəliyin əsas təbliğat yuvası isə Bakıdakı “Zoopark”ın yaxınlığında yerləşən “Hüseyniyyə” mərkəzidir.

Redaksiyamıza daxil olan sənədlərdən aydın görünür ki, “Hüseyniyyə” mərkəzində 2008-2013-cü illərdə yerli 3200 nəfər dindar əhalidən “xüms” və “zəkat” adı altında xeyli miqdarda vəsait toplanılıb. Həmin sənədlərdə qeyd olunur ki, “Hüseyniyyə” mərkəzi həm də məscid rolunu oynayır. Burada Azərbaycan Respublikasının vətəndaşı olan dindarlar həftədə bir dəfə cümə namazlarında “Dünya Müsəlmanları Lideri” Seyid Əli Xamneyinin nümayəndəsi höccətülislam İbadulla Ocaqnəjadın radikal şiə ideologiyası üzərində köklənmiş moizələrini dinləyirlər. Beləliklə dini savadı olmayan vətəndaşlarımızı İran yönlü ideoloji hədəflərə yönəltmək kimi siyasət yürüdülür.

“Xüms” və “zəkat”lar haraya və necə xərclənir?

“Hüseyniyyə” məscidində əhalidən hər həftə toplanılan külli miqdarda pul vəsaitinin hara və necə xərclənməsi də redaksiyamıza daxil olan sənədlərdən bəlli olur. Biz bu barədə apardığmız araşdırmalar zamanı dəhşətə gəldik. Belə ki, imanlarına şübhə etmədiyimiz vətəndaşlardan toplanılan “xüms” və “zəkat”ın sayəsində toplanılan külli miqdarda pul vəsaiti sən demə, İran molla rejiminin ideoloji müstəvidə cəsus və kəşfiyyat maraqlarına yönləndirilir. Özəlliklə bu işə cəlb olunan Azərbaycan Respublikası vətəndaşlarından 250 nəfərin adının və soydaşının haqqında redaksiyamıza daxil olan sənədlərdə qeyd olunur ki, onlara hər ay “Hüseyniyyə” mərkəzinin adından müxtəlif işlərin müqabilində ayda 100-1000 manat arasında pul vəsaiti verilirmiş. Bundan əlavə, İbadulla Ocaqnəjadın birbaşa göstərişi ilə İran molla rejimini təbliğ etmək üçün hər ay 381 nəfər Azərbaycan Respublikası vətəndaşına 100-150 manat və ya 60-80 dollar civarında pul verilirmiş. Redaksiyamıza daxil olan digər sənədlərdən də aydın olur ki, təkcə 2011-ci ildə 19 nəfər Azərbaycan Respublikası vətəndaşına toplam 12850 manat pul vəsaiti verilibdir.

Araşdırmalarımız zamanı o da bəlli oldu ki, İbadulla Ocaqnəjadın rəhbərliyi altında bu paraların qarşılığında sadə və mövhumatçı dindar vətəndaşlar İran molla rejiminin xüsusi təlimatları əsasında fəaliyyət göstəriblər. Özəlliklə radikal və mövhumatçı dindar və şiəlik siyasəti başlıca hədəflərdən biri olub.

Bu məsələ ilə bağlı İranın dini məktəblərində təhsil almış mollalardan biri ilə söhbətimiz zamanı onun özü də etiraf etdi ki, bu ölkədə dini təhsil və təlimlər alaraq geri dönən Azərbaycan Respublikasının vətəndaşlarının hər birinə İbadulla Ocaqnəjadın rəhbərliyi altında ayda 150 manata miqdarında maliyyə yardımı olunur. Onların əsas funksiyası hüzr məclislərində, şiəliklə bağlı keçirilən mərasimlərdə, digər dini toplantılarda şiəliyin, şiə imamlarının, iranyönümlü dini siyasətin, qısacası İran molla rejiminin maraqlarının təbliğ edilməsidir. Hətta “Ocaqnəjad Ağa” deyə xitabən müraciət olunan İbadulla Ocaqnəjad həmin kadrların hər birini xüsusi qaydada nəzarətdə saxlayır.

“Borçalı masası”nda İranın “mövhumat plovu”

Kimsəyə sirr deyil ki, Gürcüstanın əvvəlki rəhbərlərinin Borçalıya ögey münasibəti sonucunda Marneuli, Dmanisi, Bolnisi, Qardabani rayonları sosial-iqtisadi və mədəni rifah baxımından xeyli dərəcədə geri qalırdı. Savadlı və təhsilli mütəxəssislər məcbur olub Azərbaycana, ya da Rusiya, Ukrayna, Belorus, Qazaxıstan və digər ölkələrə üz tuturdular. Beləliklə də bölgədə kütləvi savadsızlıq hökm sürürdü. Məhz belə bir durumu nəzərə alan İran molla rejimi ustufca burada kök saldı. İndi İran molla rejiminin dəstəyi ilə “Əhli Beyt”, “Zeynəbiyyə”, “Həzrəti Fatimə”, “Xanım Zəhra”, “Qüds”, “İmam Hüseyn”, “Beynəlxalq Cəfərilər Birliyi”nin Gürcüstan münayəndəliyi, “İran Mədəniyyət Mərkəzi”, “Kərbala Aşiqləri”, “İslam Fədailəri”, “Kataib Hezbollah”, “Vəhdət” və başqa radikal şiə qruplaşmaları son illərdə Borçalının ictimai-sosial həyatının tərkib hissəsinə çevrilibdir. Bunun əsas səbəbi Borçalı bölgəsində gerçək təhsil və mədəni təsisatların yoxluğudur. İran molla rejimi Borçalı xaricində azərbaycanlıların kompakt yaşadıqları Rustavi, Tiflis, Saqareco, Kaspi və digər bölgələrdə öz hədəfləri yönündə mövhumatçı dini şəbəkələri formalaşdırıb. Bununla yanaşı, həm də Borçalı üzərindən Azərbaycana “şəriət” və “mövhumat” adı altında dini siyasətini daha geniş şəkildə idarə etmək siyasətini qurub. Borçalı əhalisi genetik baxımdan işgüzar olduğu üçün maddi baxımdan daha yaxşı pul qazanmaq istedadına malikdirlər. Onların dini bilgilərinin zəif olmasından yararlanan İran molla rejimi “xüms” və “zəkat” adı altında külli miqdarda vəsaiti asanlıqla toplaya bilir. Həmin pullar isə bizim bilgisiz dindarlarımızın vasitəsi ilə əleyhimizə yönləndirilən dərin siyasətlərə sərf olunur. Bunun adı İranın “Qafqazda Azərbaycan” siyasətidir.

P.S. Bu yazımızla bağlı paylaşdığımız sənədlərin fotolarına lütfən diqqətlə baxın. Orada adları keçən soydaşlarımız İran molla rejiminin ideoloji qurbanlarıdırlar. Biz bir millət kimi ona görə daim problemlərimizin girdabında boğulub məhv oluruq ki, milli kimlik və varləğımız özgələrin, yəni yadların ideoloji təlimlərinin qurbanlıq siyasətinin parçasına çevrilirik.

Turqay Saburtala
Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

“Borçalı masası”nda İranın “mövhumat plovu”
“Borçalı masası”nda İranın “mövhumat plovu”
“Borçalı masası”nda İranın “mövhumat plovu”
“Borçalı masası”nda İranın “mövhumat plovu”
“Borçalı masası”nda İranın “mövhumat plovu”
“Borçalı masası”nda İranın “mövhumat plovu”
“Borçalı masası”nda İranın “mövhumat plovu”

Geri qayıt