Əsas Səhifə > Sosial, Manşet > Logman İbrahim Saracoğlunun məhsulları Bakıda od qiymətinə satılır
Logman İbrahim Saracoğlunun məhsulları Bakıda od qiymətinə satılır26-01-2017, 08:29 |
Türkiyəli loğman, kimyacı professor İbrahim Adnan Saracoğlu, Türkiyə ictimaiyyətində olduğu kimi, Azərbaycanda da tanınır. Şərq təbabətinə, təbii müalicəyə üstünlük verənlər bu loğmanı sevə-sevə dinləyir və tövsiyələrinə əməl edirlər. Onun Türkiyədən kənar ölkələrdə, o cümlədən də Azərbaycanda rəsmi destribütoru fəaliyyət göstərir. Alıcıya “gəl-gəl” deyən təqdimat Heydər Əliyev Sarayının yaxınlığında yerləşən professor Saracoğlunun bitki məhsullarının satış nöqtəsində biz də olduq. Səliqəli dizaynlı satış mərkəzində müalicəvi əhəmiyyətli bitkilərdən hazırlanmış məhsullar xüsusi qablaşdırılıb. Satışda bitki tərkibli şampunlar, gellər, kosmetik vasitələr və digər məhsullar da var. Qurudulmuş bitkilərin xüsusi, gözəgəlimli qablaşdırmada təqdimatı alıcını özünə çəkir. Amma qiymətlər fantastik şəkildə bahadır. 1 manat 30 qəpik hara, 70 manat hara? Məsələn, Türkiyədə Testere dişli Aslan pəncəsi kimi tanınan (latınca adı Alcemilla vulgaris) bitkisinin xüsusi şəraitdə qurudulmuşunun qiyməti 70 manatdır. Adətən, müxtəlif qadın xəstəliklərində tövsiyə olunan bu bitkini Türkiyədə ixtisaslaşmış bitki məhsulları dükanından 40 qramını 3 lirəyə (təxminən 1 manat 30 qəpik) əldə etmişdik. 70 manatlıq qutudakı çəkiylə maraqlandıq. Qutunun üzərində məhsulun neçə qram olması haqda məlumat yoxdur. Satıcı qız dedi ki, içərisində 30 ədəd paket var, amma məhsulun çəkisi haqda məlumat verilmir və bəzi qadın xəstəliklərinin müalicəsində geniş istifadə olunan bu məhsuldan çox hallarda 1 qutu deyil, 2 qutu alınması məsləhət bilinir. Ona görə də bir kurs müalicə üçün 2 qutu alınmalıdır, yəni 140 manat xərclənməlidir. Qiyməti Saracoğlu özü müəyyənləşdirir Bu qədər baha olmasına səbəb nədir? Satıcı xanım dedi ki, bu məsələ birbaşa professor Saracoğlunun səlahiyyətindədir və məhsulların başqa ölkədən gətirilməsi, gömrükdən keçirilməsi, vergi xərcləri də qiymətə öz təsirini göstərir: “Aslan pəncəsinin qiyməti əvvəl daha baha idi. Bir qutusu 94 manata. Bu bitkiylə alıcılar çox maraqlanır, əsasən də qadınlar. Amma alıcılıq qabiliyyəti aşağıdır. Ona görə buradan Saracoğlu ilə danışıqlar aparıldı ki, qiymətlərdə endirim etsin. O da dedi ki, yalnız bitki məhsullarının qiymətini endirə bilər. Belə də oldu, yalnız dərman bitkilərinin qiyməti aşağı salındı”. Dərman bitkilərinin adları belə tərcümə olunmur Satıcının əczaçı olub-olmaması ilə maraqlandıq, dedi ki, bəli, əczaçıyam. “Aslan pəncəsinin Azərbaycan türkcəsində adı nədir” sualımızın cavabında çiyinlərini çəkib, bilmədiyini söylədi. Türklərin “Kiraz çöpü” dediyi qara gilasın saplağının son vaxtlar müxtəlif xəstəliklərdə istifadəsi “dəbə düşüb”. Onun qiymətilə maraqlandıq. Qutunun üzərində 34 manat yazılıb. Tez-tez efirlərdən 39,90 qəpiyə reklam olunan, tərkibi əsasən bağayarpağından ibarət olan sinirotu isə 70 manatdır. Çöllərimizdə, bağ-bağatlarımızda olan bu bitkiləri, meyvələri, yarpaqlarını emal edib, satışını təşkil etmək bu qədərmi çətin prosesdir? Aslan pəncəsinin Azərbaycan türkcəsində adı Şehdurandır Məsələ ilə bağlı Mərkəzi Nəbatat bağının baş aqronomu Asif Mehrəliyevlə danışdıq. Baş aqronom öncə Aslan pəncəsinin Azərbaycan türkcəsində adını tərcümə etdi. Dedi ki, bu bitkinin bizdə adı Şehdurandır və bitki Böyük və Kiçik Qafqazın dağətəyi zonalarında yayılıb: “Daşkəsən rayonu, Gəncəbasar, Quba, Qusar rayonlarının dağətəyi hissələrində yayılıb. Bizim Nəbatat bağında da var. Sarılı, yaşıllı çiçəkləri aprel ayından iyuna qədər açır. Çiçəkləmə zamanı bütün olaraq toplanır, sonra isə yalnız yarpaqları. Əlbəttə, bu bitkini qurudub, tədarük etmək çətin proses deyil. Azərbaycanda bitki emal edən firmalar var və onlar bu işlə məşğul ola bilər”. 300 kilometr radiusa daxil olan bitkilərdən faydalanın! Mütəxəssis onu da dedi ki, 300 kilometr radiusa daxil olan ərazilərin bitkisindən istifadə daha faydalı sayılır: “Bir halda ki, Şehduran bitkisinin Azərbaycanda geniş arealı var, emal edib, tədarükünü təşkil etmək mümkündür, niyə xaricdən idxal etməliyik? Bunları araşdırmaq üçün Bakıda şəfalı bitkilərin biznesilə məşğul olan loğman müəssisələri var, onlarla əlaqə saxlasanız daha yaxşı olar”. Azərbaycanda şəfalı bitkilərin satışı ilə məşğul olan bir neçə satış nöqtəsilə əlaqə saxladıq, onlar da bu bitkini xaricdən, əsasən də Türkiyədən idxal etdiklərini dedilər. Professor Adil Qeybulla: Şərq təbabətiylə Qərb təbabəti sintez olunmalıdır Professor Adil Qeybula bildirdi ki, Türkiyədə təbabətlə bağlı həm xidmət, həm məhsullar, dərmanlar Azərbaycanla müqayisədə bahadır: “Türkiyədə dərman preparatlarının hazırlanması üzrə ixtisaslaşma bizim ölkədən çox-çox yüksəkdir. Hər halda, dərman bitkisi də birbaşa qurudulub istifadə olunmur, müəyyən qədər sterilzasiya edilir, rafinasiya olunur, xüsusi şəraitdə qurudulur və sair. Çox təəssüf ki, Azərbaycanda dərman maddələrinin hazırlanması üçün xammal bazası olduğu halda xaricdən gətirməli oluruq. Bunlardan ekstraktlar, müxtəlif cövhərlər və sair almaq mümkündür. Bu gün şərq reseptləri ilə hazırlanan Almaniya istehsalı olan xeyli dərmanlar var. Onların qabı üzərinə baxanda görürsən ki, bu dərman bitkilərinin böyük əksəriyyəti Azərbaycanda var. Şərq təbabətiylə Qərb təbabəti sintez olunmalıdır. Şərq təbabətinin sınaqdan çıxmış reseptlərindən istifadə oluna bilər. Əlbəttə, başqa ölkələrdən məhsul gətirən dərman firmaları öz ölkələrinin parametrlərinə uyğun bura qiymətlər qoyurlar. Üstəlik, gömrükdən keçəndə bu məhsullara qoyulan vergilərin baha başa gəlməsi də qiymətlərə təsir göstərir”. Hurriyyet.org Geri qayıt |