Əsas Səhifə > Sosial, Manşet > "Çovdarovun ömürlük susması çöldəkilərin də, içəridəkilərin də xeyrinədir..."
"Çovdarovun ömürlük susması çöldəkilərin də, içəridəkilərin də xeyrinədir..."11-11-2016, 08:34 |
Son günlər medidada şərti olaraq "MTN işi" adlandırılan cinayət dosyesi ətrafında yaşananları analiz edərək belə qənaətə gəlmək olar ki. Hacı Məmmədovun ölüsünə rəhmət oxutduran qanqster kimi adını Azərbaycanın kriminal tarixinə əbədi həkk etdirən general Akif Çovdarovun ölümcül xəstəlikdən əziyyət çəkməsi üzündən onun hər an dünyasını dəyişməsi xəbəri yayıla bilər. Sual olunur, onun ömürlük ağzını yumması general "trio"sunun - Eldar Mahmudovun, Hilal Əsədovun, Mövlan Şıxəliyevin xeyrinədir, ya ziyanına? Belə bir fikir də var ki, dünyasını dəyişəcəyi halda Çovdarovun kamerası boş qalmayacaq, Eldar Mahmudovun baş istintaqçısını - Şıxəliyevi onun yerinə basacaqlar, o da günlərin bir günü özünü assa, Hilal Əsədovun həbs təhlükəsi reallaşacaq. Yəni bu prosesin bir acı bağırsaq roluna bənzəyəcəyi qənaəti də var. Görəsən bu iddiaların həqiqət payı nə qədərdir və obrazlı ifadə edilsə, çox su aparacağı kimsədə şübhə doğurmayan bu dəyirmana nə vaxt "stop" deyiləcək...? Adının çəkilməsini istəməyən bir siyasi analitik hesab edir ki, cəmiyyətin intizarla gözlədiyi şok həbsləri və yeni cinayətlərin ifşa olunmasının məmnunluğunu yaşamaq şansı xeyli azdır: "Stalinin məşhur sözü var - “adam yoxdur, problem də yoxdur”. Siyasətdə, kriminal aləmdə, bəzən də məişətdə Stalinin məşhur deyimi çox zaman yerinə düşür və problemin ortadan qalxması təsadüfə, zərurətə, bəzən də məcburiyyətə bağlanır. 1937-ci ilin repressiyalarının başında Stalin dursa da iki-üç il ərzində icraçı liderlərin hamısını aradan götürdü. Yejovun adını çəkmək kifayətdir. Məşhur “troyka”nın ideyasını verən Robert Eyxenin özü 1940-cı ildə güllələnib. Məşhur filmdə deyilən kimi: “şahid olmamalıdır”. Tarixdən xeyli belə misallar gətirmək olar. Çoxsaylı cinayətlərdə ittiham olunan MTN generallarının işində təbii ki, heç kim təkbaşına fəaliyyət göstərməyib. Zəncirvari bağlılıq nazirliyin divarlarını keçib Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də sıçrayıb. İşi hələ şəffaflıqla aparsalar cəmiyyətə çox mətləblər bəlli olar, amma elə prosesin həm çöldəki, həm içəridəki iştirakçılarının da çəkindiyi, ehtiyyat etdiyi, qorxduğu da bəzi mətləblərin üzə çıxmasıdır. “MTN işi”nin üzdə olan hədəfi bu gün Çovdarovdur, çünki ideyaverici və icraçı kimi mərkəzi fiqur olub, amma, təkbaşına deyil. Ondan yuxarılar və aşağılar var. Ona görə də Çovdarovun səhhətindəki problemlərin yaranması və problemin sürətlə pis sonluğa getməsi, cinayətlərdə birbaşa və dolayısı ilə bağlı olanları sevindirir. Yəni Çovdarovun olmaması çöldəkilərin də, içəridəkilərin də xeyrinədir. Sabah Çovdarov olmasa ittiham olunanlar bu işdə yalnız Çovdarovu günahlandıra bilər və açığını deyək ki, bu zaman sübutun olub-olmaması istintaq və məhkəmə üçün prinsipial xarakter daşımıya bilər. Təkcə “inqilab balalarını yemir”, kriminal dairə də çox vaxt məcburi qaydada birini “yükləyib” boynuna qoymaqla (ölümü bahasına belə) problemi aradan qaldırmış olur. Bu mərhələ başa çatandan sonra adlarını çəkdiyimiz şəxslərin tutulmasından çox, başqa maraqlar əsasında onlara yeni ittihamlar irəli sürülə bilər. Kamera intiharları ssenarisinin arxada qaldığını demək olar. Elə fikir formalaşmasın ki, istintaqa cəlb olunanların danışdıqları ittiham tərəfi məmnun edir. Hadisələr o zaman daha gərgin fazaya daxil ola bilər ki, Eldar Mahmudovla bağlı sərt addımlar atıla. Yəni Eldar Mahmudovun həbsə atılması MTN işi"ndə yeni situasiya yarada bilər və həm yeni zərərçəkənlər ordusu, həm də cinayətkar dəstənin deşifrə olunmamış üzvlərinin tükürpədici əməlləri ifşa olunaraq yeni həbs dalğasına rəvac verilə bilər. Amma proseslərin idarəolunan olması onu iddia etməyə əsas verir ki, həm ittiham edənlər, həm də ittiham olunanlar olayların tez bir zamanda yekunlaşaraq ictimai müzakirələrdən çıxarılmasına çalışırlar. Amma buna nail olmağın o qədər də asan olmadığı ortada, o üzdən hər iki tərəf aşkar çaşqınlıq içərisində..." \\moderator.az\\ Geri qayıt |