Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > "Azneft" rəhbərliyi işçilərin hüquqlarını BELƏ POZUR

"Azneft" rəhbərliyi işçilərin hüquqlarını BELƏ POZUR


22-02-2026, 00:40

"​Mən, "Azneft" İstehsalat Birliyinin tabeliyində olan NQÇİ-lərdən birinin dəniz obyektlərində növbəli (vaxta) iş rejimində fəaliyyət göstərən əməkdaşı olaraq, hazırda minlərlə neftçinin üzləşdiyi ciddi bir hüquqi və maddi problemi diqqətinizə çatdırmaq üçün Sizə müraciət edirəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün SOCAR İnsan Resursları Departamenti və Hüquq İdarəsinə ünvanlanmış müraciətində sözügedən qurumun işçisi Rac Kərimov qeyd edib.
O daha sonra bildirir: "​Məsələnin mahiyyəti:
Biz, dəniz şəraitində çalışan işçilər, Bakı şəhərində yerləşən Təlim-Tədris Mərkəzlərində (TTM) keçirilən icbari təlimlərə cəlb olunuruq. Bu təlimlər sertifikatlarımızın yenilənməsi və fəaliyyətimizin davamlılığı üçün mütləqdir. Lakin bu prosesdə aşağıdakı qanunsuzluqlar baş verir:
​Maddi itki və Ezamiyyə xərcləri: AR Əmək Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, işçi ixtisasını artırmaq üçün təlimə göndərildikdə onun orta əmək haqqı saxlanılmalı və qanunla müəyyən edilmiş ezamiyyə xərcləri (gündəlik və otel xərci) ödənilməlidir. Lakin bu ödənişlər bizə ödənilmir.
​Yaşayış yeri problemi:
Rayonlardan və dəniz növbəsindən gələn işçilər təlim müddətində yataqxana ilə təmin olunmur, nəticədə öz maaşları hesabına otel və ya kirayə xərcləri çəkməyə məcbur qalırlar.
​Məntiqi ziddiyyət:
SOCAR-ın Baş Ofis və Azneft İB-nin əməkdaşları dəniz obyektlərinə gəldikdə onlara həm ezamiyyə xərci, həm də dəniz əmsalı ödənildiyi halda, işçilərin dənizdən TTM-nə göndərilməsi niyə ezamiyyə sayılmır? Bu, açıq-aşkar ikili standartdır.
Bir neftçi kimi sadə bir sual verirəm: İdarənin məni məcburi göndərdiyi kursda mən niyə öz maaşımdan hoteldə gecələmək üçün xərc çəkməliyəm? "Azneft" İB-nin bu yanaşması minlərlə işçinin hüququnun pozulması deməkdir.
​Sizdən bu sistematik qanun pozuntusuna son qoyulmasını, ezamiyyə xərclərimizin ödənilməsini və ya işçilərin təlim müddəti ərzində yaşayış yeri ilə təmin olunması məsələsinin dərhal həllini xahiş edirəm..."

Geri qayıt