Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Ağstafa nədən nəzarətsiz qalıb ki?..
Ağstafa nədən nəzarətsiz qalıb ki?..Bu gün, 07:53 |
Ağstafa rayon sakinləri ərazinin şəklini çəkib və sosial şəbəkədə paylaşıb. Mənzərədən görünür ki, rayon mərkəzində zibil və tullantılardan girmək mümkün deyil. Bu isə sakinlərin narazılığına səbəb olub. Mənzərə izləyicilər tərəfindən tənqid edilib. Ağstafa şəhər təsərrüfatı birliyi idarəsi rayonun təmizlik işlərinin öhdəsindən gələ bilmir. Şəhərdə istifadə olunan zibil maşınları köhnəlib, istismar müddəti başa çatıb. Bu avtomobillər zibilləri daşımaq əvəzinə çirkab içində batır, hərəkət etdikdə isə zibilin pis qoxulu sularını rayon mərkəzinə axıdır. Bu vəziyyət həm sanitar normaları pozur, həm də şəhər sakinlərinin gündəlik həyatını dözülməz hala gətirir.
Ağstafada küçələr zibilin içində batır. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, sosial şəbəkələrdə ictimai fəal insanlar rayondakı natəmizlikdən narazılıq edirlər. Özü də sözün gerçək mənasında… Bu məkandan yolu düşənlərin gözlərini şəhərin girəcəyindən ta çıxacağına qədər yolboyu kənarlardakı zibilliklər “oxşayır”. Abdulləzim Orucov Ağstafada yaşayır. Deyir, şəhərin səliqəsi, təmizliyi sovet dönəmində qalıb. O vaxtlar hər səhər o başdan zibilyığan maşınlar küçəbəgüçə dolaşar, sakinlər yuxudan qalxanadək zibilliklər təmizlənərdi. İndi zibil sakinin təbirincə desək, adamın ağzına girir: “Zibil yola qədər gəlib çıxır. Gəlib aparan yoxdur. Yağış yağanda kanalizasiyalar dolur, axır yola… Biyabırçı günlərdəyik. Zibilxanalarımız da şəhərimizin “yaraşığıdır”. İlin-günün bu vaxtında harda milçək var? Ancaq biz evlərimizdə milçək əlindən otura bilmirik. İti pişiyidə demirəm”. Rayondan cumhuriyyet.az-a verilən məlumata görə, bir neçə gün bundan əvvəl bu ərazidə quduzlaşmış it azyaşlı uşağa hücum edib. Sakinlərin sözlərinə görə, dəfələrlə məsələ qaldırılsa da, vəziyyətdə ciddi dəyişiklik yoxdur. Köhnə texnikanın yenilənməsi, zibil qutularının sayının artırılması və təmizlik işlərinin müasir standartlara uyğun qurulması təcili həllini gözləyən məsələlərdir. Ağstafa kimi qədim tarixi və mədəniyyətə malik bir rayonun mərkəzi küçələrinin bu vəziyyətə düşməsi həm yerli idarəetmənin məsuliyyətsizliyindən, həm də nəzarətin zəifliyindən xəbər verir. Geri qayıt |