Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Məktəb direktoru təyinatında KÖHNƏ ÜSULLAR...

Məktəb direktoru təyinatında KÖHNƏ ÜSULLAR...


Bu gün, 12:27

"DogruXeber.az" xəbər verir ki, iyun ayının kəskin istiləri ilə yanaşı, ölkənin təhsil sistemində də “qaynar” proseslər müşahidə edilməyə başladı. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nəzarətində olan bir sıra təhsil müəssisələrinə direktor təyinatları həyata keçirildi. Bu təyinatlardan biri də Xaçmaz rayonunun Seyidlər kənd ümumi məktəbinə edilən direktor təyinatıdır. Sözgedən təyinatın mərkəzində isə Kənan Məmmədli adlı bir şəxs durur.

Lakin məsələ təkcə bir təyinatla yekunlaşmır. Sosial mediada və bəzi xəbər portallarında yayılan məlumatlara əsasən, cənab Məmmədlinin bu vəzifəyə sahib çıxması üçün guya 4000 manat məbləğində “motivasiyaedici” təşəbbüsdə bulunduğu iddia edilir. Düzdür, bu cür yanaşmalar cəmiyyətin idrak səviyyəsində müəyyən rezonans doğurur. Lakin ədalət naminə qeyd edilməlidir ki, belə "şirinliklər" postsovet coğrafiyasının idarəçilik folklorunun artıq bir parçasına çevrilib.

Maraqlısı ondadır ki, iddialara görə bu məbləğ “tələb” kimi yox, sadəcə “kiçik bir şirinlik” kimi təqdim olunub. Görünür, təhsil sistemində artıq rüşvətin semantikası da dəyişməkdədir. Klassik “rüşvət” anlayışı get-gedə “şirinlik”, “hədiyyə”, “diqqət əlaməti”, “xeyir-dua haqqı” kimi yumşaldılmış formalar alır. Bu isə, öz növbəsində, korrupsiya ilə mübarizənin mədəni-etik çərçivəyə keçirilməsi kimi şərh edilə bilər (!)

Digər tərəfdən, “Xaçmaz Xəbər”in məlumatına əsasən, məsələ ilə bağlı Kənan Məmmədlinin özü ilə əlaqə saxlanılıb. O, ona ünvanlanan suallara cavab olaraq qeyd edib ki, yayılan məlumatlar əsassızdır və heç kəsə, heç nə verilməyib. Bu açıqlama, klassik “inkar mərhələsi”nin sosial-patoloji xüsusiyyətlərini özündə əks etdirir.

Əgər doğrudan da cənab Məmmədli bu vəzifəyə sırf şəxsi bacarığı, peşəkarlığı və menecment keyfiyyətləri əsasında təyin edilibsə – bu hal, təhsil sistemimizin real inkişaf göstəricisidir. Əgər deyil... bu zaman artıq məsələ “4 min manatlıq elmi araşdırma obyekti”nə çevrilə bilər.

Ümumilikdə, belə halların ictimai müzakirəyə çıxarılması bir daha sübut edir ki, cəmiyyətin rüşvət və korrupsiya məsələlərinə olan refleksi zəifləmir, əksinə, yeni formalarla özünü göstərir. Təəssüf ki, bəzi təyinatların “təhsil islahatı” deyil, “iqtisadi yatırım” kimi təqdim olunması, gələcək nəslin mənəvi inkişafı üçün təhlükə siqnalı verir.

"DogruXeber.az" olaraq sual edirik:

Əgər bu 4 min manat “şirinlik” idisə, bəs acı gerçək nədir?

Təhsil təyinatları üçün qiymət cədvəli varmı?

Və nəhayət, bu tip “kiçik jestlər”in böyüyü hansı mərhələdə təqdim olunur?

Cavabları biz yox, zaman verəcək. Ya da – növbəti təyinat dalğasında başqa bir “şirinlik” faktı.


Geri qayıt