Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Bu məktəblər ÖZBAŞINA QALIB...

Bu məktəblər ÖZBAŞINA QALIB...


Bu gün, 13:01

57 yaşlı Sabirabad rayon sakini, 32 il pedaqoji stajı olan ali təhsilli müəllim Bünyadov Elman Bünyad oğlu GundemXeber.Az saytının redaksiyasına müraciət edərək yaşadığı rayonun təhsil sferasında tüğyan edən qanunsuzluqlar barədə gileyini mediada ictimailəşdirilməsini xahiş edib.

Elman Bünyadov yazır: “İki zabit atası, dövlət qulluqçusuyam. Bundan öncə 5 il direktor müavini, 5 il məktəb direktoru, 6 il rayon təhsil şöbəsinin (RTŞ) müdiri vəzifəsində işləmişəm. 2016-cı ildə müdir vəzifəsindən azad olunduqdan (öz ərizəmlə) və 2 il işsiz qaldıqdan sonra, Sabirabad şəhər M. Muşfiq adına 4 nömrəli məktəbə təsərrüfat müdiri təyin edilmişəm. 2023-cü ildə məktəbdə baş verən bəzi neqativ hallara etirazımı bildirdiyim üçün qərəzli şəkildə işdən azad olunmuşam. Belə ki, məktəbdə məmur özbaşınalığı baş alıb gedir (indi də). 5 il işlədiyim müddətdə məktəbin kompyuter laborantının kim olduğunu bilmədim. Məktəbdə fakültativ məşğələlər və dərnəklər üçün ayrılmış pullar mənimsənir. Bildirmək istəyirəm ki, Sabirabadda ən savadlı və səriştəli müəllimlər bu məktəbdədir. Təsadüfi deyil ki, məktəbin bütün müəllimləri sertifikasiya imtahanlarında yüksək nəticə göstəriblər. Rayonda 9 şəhər məktəbi var. Bunların içində ən az şagirdi olan məktəb (378 şagird) 4 nömrəli məktəbdir. Səbəb isə məktəb rəhbərliyinin səriştəsizliyidir. Məktəbə rəhbərlik edənlər Mil-Muğan Regional Təhsil İdarəsinin bəzi rəhbər vəzifəli şəxslərinin himayəsindədir. Belə ki, 2022-ci ildə Fatma Quliyeva adlı şəxs "imtahandan" kecərək bu məktəbə direktor təyin edildi. 2024-cü il sentyabrın 15-də bilinməyən səbəbə görə qəflətən işdən azad edildi (qabaqcadan planlaşdırıldığı kimi). Elə həmin gün Sabirabad rayon Nərimankənd tam orta məktəbinin direktoru Mais Məmmədov ora direktor təyin edildi. Əvvəllər belə məktəblərə rəhbərliyi müvəqqəti olaraq RTŞ öz üzərinə götürürdü. Maraqlıdır, Mais Məmmədovu hansı nailiyyətlərinə görə gətirib evindən 35 km kənara direktor təyin ediblər? Onun əvvəllər işlədiyi Nərimankənd tam orta məktəbi rayonda göstəricilərinə görə ən zəif məktəb olub. Məktəbdə davamiyyət hec vaxt 50 faizdən yuxarı olmayıb. Bunun bir səbəbi var: Mais Məmmədovun Regional İdarənin bəzi rəhbərləri ilə "dostluğu". Gəldiyi gündən məktəbdə diktatura qurub. Bu adam təhsilin keyfiyyəti ilə məşğul olmaqdansa, yalnız müəllim və texniki işçiləri səbəbsiz yerə incitməklə məşğuldur...”

Elman Bünyadov sonda üzünü əlaqədar instansiyalara tutub xahiş edir ki, təhsildə baş verən bu özbaşınalıqlara son qoyulsun.

Ümid edirik ki, Mil-Muğan Regional Təhsil İdarəsinin yeni müdiri Bəhruz Nəbili Sabirabad şəhər M. Müşfiq adına 4 nömrəli məktəbdə baş verən qanunsuzluqlara son qoymağı bacaracaq. Axı necə də olsa, onun karyerasının ən mühüm səhifələrindən biri 2002-2016-cı illərdə coğrafiya müəllimi işlədiyi Biləsuvar rayon İsmətli kənd X.Qafarov adına tam orta məktəbdə 2019-2022-ci illərdə topladığı direktorluq təcrübəsidir. Bəhruz müəllim İsmətli məktəbinin sabiq direktoru qohumbaz, dostbaz Ağamməd İbayevdən miras qalan problemləri necə çözə bilmişdisə, Elman Bünyadovu narahat edən məsələlərin də həllini tapa edə biləcək.


Geri qayıt