Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > 'Azəriqaz'la nə edək... necə edək?..

'Azəriqaz'la nə edək... necə edək?..


Bu gün, 07:09

" "Azəriqaz", qış modundan ədəb moduna keç.." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində tanınmış jurnalist Aygün Muradxanlı qeyd edib.
"Məntiq neçə ildir şələ-küləsini götürüb Azərbaycandan gedib" deyə müraciətini davam etdirən jurnalist daha sonra bildirir: "Belə olmasaydı, quru sərhədlər açıq olardı, hər fürsətdə türkə qarşı soyqırım edən ermənini bağra basmaq humanizm sayılmazdı, 9 ay gün düşən torpağımızın nemətlərini tullantıya, mal yeminə çevirib Çindən geni dəyişdirilmiş alma, pomidor, düyü…, min bir adda zəhər gətirib ərzaq dükanlarımıza doldurmazdıq. Bunlar 1-2 saniyədə yadıma düşənlərdir.
Məntiqə, ağıla, hesablamalara sığmayan bir məsələ də var - əhaliyə təbii qaz satışı. Neft ölkəsində limit nədir? Bu ölkədə aşağı-yuxarı 6-7 milyon insan yaşayır. Sayımızın 11 milyona yaxınlaşdığını deyirlər, amma hər ailədən ən azı 1 nəfər xaricdədir. İşləməyə gedən, oxumağa gedən, ailə quran… Təbii qazı ən çox “yeyən” sənaye müəssisələridir. Sənayesi olan ölkələrdə… Bizdə sənaye o qədər zəifdir ki, iqtisadiyyatda payı birrəqənmli göstəricilərdə ilişib qalıb. Yaxşı, bəs bu neft-qaz ölkəsinin qazı hara pərvaz eləyir ki, millətə öz HALAL sərvəti limitlə verilir? Üstəlik hər ilin sonunda izaholunmaz fırıldaqla millət soyulur?
Kimsə “xaricə satırıq” dedi... Ölkənin ehtiyacları ödənmədən, xammal ölkəsi olmaqdan çıxmaq üçün addımlar atılmadan kənara qaz satmaq məntiqlidir?
Bizim evdəki qaz sayğacı rəsmi qurumların kabinetlərinə çöküb dövlət büdcəsi hesabına kef eləyən məmur həyatı yaşayır. Vallah… Sadəcə, qaz sayğacının dövlət büdcəsi mənim cibimdir. İlin 3-4 ayını Bakıda olmuram. Olanda da evdə çox az oluram. Mətbəx plitəsi qazan görəndə sevinir - jurnalistin vaxtı nə gəzir mətbəx işlərinə? Çaydan da 3-4 dəqiqəyə qaynayır. Kombim yayda bir əli yağda, bir əli balda gəlinlər kimidir - yarım saat işləyə-işləməyə. Yanvar, fevral, mart, oktyabr, noyabr, dekabr Bakıda olsam, kombinin işığı yanır. Günə 80 qəpik-1 AZN modunda. Yaxşı, bu dəhşətli “israfçılıqla” necə olur hər il limitim ilk 3-4 ayda qurtarır? Sonra sayğac olur elmə məlum olmayan riyazi hesablamalarla idarə olunan qurğu. Sentyabrda 30 manat yükləyirsən, balans 21 manat göstərir, yaxşı oktyabr-dekabrda bu iştah kimin iştahıdır ki, 20 manat yükləyəndə hop eləyib 10-nu udur?
3 gün qabaq baxdım sayğacda 4 manat qalıb smartkarta 15 manat yüklədim ki, ilin sonuna çatsın. Sayğac 7 manatını “uddu”… Ehtimal edirəm, 1 yanvar saat 00.00-a 1-2 manat qalsa, onu da yeyən tapılacaq və biz Azəriqazla həyata yeni səhifədən başlayacağıq.
Məni yandıran atmosferə qarışan 3-5 manatım deyil, ölkədə dövlət ədəbinin inadla, israrla formalaşmamasıdır. Sanki böyük, güclü, səlahiyyətli düşərgə buna qarşı mübarizə aparır. Hökumət vətəndaşı hər fürsətdə aldadır və vətəndaşın bunu sübut etməsi mümkün deyil.
Təəssüf… Min təəssüf…

Geri qayıt