Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı

Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı


Dünən, 11:02

Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi “Ağdam Kamp Otel” kompleksində ofis binası və yataq otaqlarının icarəsi xidmətinin satın alınması üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi tenderin nəticəsini açıqlayıb. Müsabiqənin qalibi fiziki şəxs Ramin Göyüşov Xəlil oğlu seçilib və tərəflər arasında 154.544,64 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 30.06.2025-ci ildə dərc edilib. Müqavilənin icrası 24.06.2025-ci ildən başlayır 20.11.2025-ci ildə bitir.

Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidmətinin 5 ay ərzində ofis binası və yataq otaqlarının hansı məqsədlə icarəyə götürməsi və ayda təxminən 30 min manat nələrə xərcləyəcəyini açıqlamayıb.

Qeyd edək ki, bu Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi ilə fiziki şəxs Ramin Göyüşov Xəlil oğlu arasında bağlanan ilk satınalma müqaviləsi deyil.

Ötən il, 17.07.2024-cü ildə Ağdam şəhərində İnzibati binanın icarə xidmətinin satın alınması üzrə tərəflər arasında bir mənbədən satınalma metodu tətbiq edilməklə 72.000 manat məbləğində müqavilə bağlanılıb. Bu müqavilənin icrasına 11.07.2024-cü ildə başlanılıb 11.01.2026-cı ildə bitəcək.

Bu məlumatdan göründüyü kimi Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti 11.01.2026-cı ilə qədər ofis sahəainin icarəyə götürülməsi ilə bağlı müqavilə bağlayıb. Maraqlıdır 24.06.2025-ci ildə başlayıb 20.11.2025-ci ildə bitəcək müqavilə hansı məqsədlə bağlanır?

Qeyd edək ki, apardığımız araşdırma zamanı məlum oldu ki, fiziki şəxs Göyüşov Ramin Xəlil oğlu Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidmətinin daha əvvəllər də içbirliyində olduğu “KÖRPÜ-BİNA-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyətin sahibi Xəlil Göyüşovun oğludur.

Xatırlatmaq istərdik ki, Ağdam rayonu, Xıdırlı kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması üzrə Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti 28.01.2025-ci ildə “KÖRPÜ-BİNA-TİKİNTİ” MMC ilə 29.983.233,73 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Daha əvvəl isə “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi “KÖRPÜ-BİNA-TİKİNTİ” MMC ilə Ağdam rayonu, Xıdırlı kənd yaşayış məntəqəsinin tikintisi məqsədilə I faza üzrə şaquli planlaşdırma və söküntü işlərinin satın alınması üzrə 8.560.614,98 manat dəyərində müqavilə bağlamışdır.

“Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 000 manat olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur. Xaliq Göyüşov iş adamı Xəlil Göyüşovun qardaşıdır. “Körpü-Bina Tikinti” MMC-nin əslində Xəlil Göyüşova məxsus iddia edilir.

Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovdu. O, bu vəzifəyə Prezident İlham Əliyevin 07 mart 2024-cü il tarixli Sərəncamı ilə təyin edilib. Daha əvvəl ləğv edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsini daşıyıb.

Xatırladaq ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 21 iyul 2022-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Xidmət adları çəkilən rayonlara əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Quruma icraçı direktoru Məmmədov Leysan Novruz oğludur. O, bu vəzifəyə bu ilin yanvarında təyin edilib.

Qeyd edək ki, Leysan Məmmədov 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunsa da, bir müddət sonra vəzifəsindən azad edilib. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.

Görsənən odur ki, Leysan Məmmədov əvvəlki vəzifələrində olduğu kimi burada da asan yolla pul qazanmağın yolunu tapıb.Dövlət Vergi Xidmətində hələ qeydiyyata alınmamış “Ağdam Kamp Otel” kompleksində ofis binası icarəyə götürür. Dövlət vəsaitlərini hannsı məqsədlərlə icarəyə götrdüyü otelə xərcləməsi də bəlli deyil.

Bir də görsənən odur ki, “Ağdam Kamp Otel”in Ağdamda iş adamı Xəlil Göyüşovun oğlunun adına tikilməsi həm də Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi ilə “Körpü-Bina-Tikinti” MMC işbirliyinin nəticəsidir. Yoxsa ağdamlıların hələ doğma rayonlarına tam gedə bilmədiyi bir vaxtda Xəlil Göyüşovun burada oğlunun adına otel tikməsi başqa heç cür ola bilməzdi.

Aktualinfo.org


Geri qayıt