Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Gömrük generallarının pensiya QALMAQALI
Gömrük generallarının pensiya QALMAQALIBu gün, 11:40 |
Xəbər verildiyi kimi Dövlət Gömrük Komitəsində 250 nəfər yüksəkrütbəli sabiq vəzifəli şəxsin təqaüdü ilə bağlı araşdırma aparılıb. Yerli mətbuatın iddiasına görə, araşdırma DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə həyata keçirilib. Araşdırma zamanı 250 nəfərə yaxın sabiq gömrük əməkdaşının artıq təqaüd aldıqları məlum olub. Onlar arasında təqaüddə olan sabiq sədr müavinləri (generallar), idarə rəsiləri (general, polkovnik və digər rütbəli) də var. Belə ki, həmin əməkdaşlardan bəziləri 30 il xidmət keçməyə görə təqaüd alıb. Araşdırma zamanı isə onların gömrük sistemində 20 il xidmət keçdiyi məlum olub. Həmin şəxslərin əmək fəaliyyətlərinin 10 ili isə başqa qurumlarda keçib. Beləliklə, həmin şəxslər 20 illik xidmətə görə təqaüdə çıxmalı olduqları halda iş stajlarını başqa qurumlardakı fəaliyyətlərinin hesabına 10 il artırıblar. Hazırda Dövlət Gömrük Komitəsi dövlət büdcəsindən kənar pensiya alan sabiq gömrük əməkdaşlarına sözügedən vəsaitləri geri qaytarmağı tələb edir. Həmin şəxslərin çox hissəsi sözügedən vəsaiti geri qaytarmadıqları üçün Komitə tərəfindən məhkəməyə verilib. Dəymiş zərər geri ödəniləcək? Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Dövlət Gömrük Komitəsi sədrinin addımı alqışalayiqdir: “Yəqin ki, qanunsuz şəkildə pensiya alanların pensiya hüququ ləğv olunacaq və dövlətə dəymiş zərər geri ödəniləcək. Hesab edin ki, 250 nəfərin hər biri 1000 manat pensiya alırsa, bu ayda 250 min, ildə isə 3 milyon manat vəsait deməkdir. O adamların heç birinin o pulu almağa nə hüquqi, nə də ki, mənəvi haqları yoxdur. Ona görə hesab edirəm ki, DGK sədrinin addımı tam doğrudur”. Müsahibimiz DGK-da aparılan islahatları dəstəklədiyini bildirib: “Bu orqan haqqında zaman-zaman cəmiyyətdə mənfi fikirlər yayılıb. Tək bir faktı deyim ki, bir vaxtlar Babək rayonun Nehrəm kəndindən DGK-də 9 general var idi. Onların çoxu bu rütbəni xidmətlərinə görə yox, şəxsi münasibətlərə görə alıblar. Çünki general olmaq üçün istənilən sistemdə 20-25 il can qoymalısan. Amma gömrükdəki sabiq generalların çoxu bu mərtəbəyə 5-10 ilə gəlib “çatmışdı”. Ona görə də iqtisadiyyatın əsas tənzimləyici orqanı olan DGK-də aparılan bu islahatları alqışlayır, bunun davamını gözləyirik”. Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu göndərsək də, qurumdan hər hansı cavab verilməyib. DGK-nin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |