Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..."

"Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..."


Bu gün, 02:36
"Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..."
Təhsil eksperti Kamran Əsədov müəllimlərin sosial-iqtisadi vəziyyətinin ağır olmasına diqqət çəkib.

AzToday.az xəbər verir ki, ekspert müəllimlərin hazırda aldığı maaşın onun sosial ehtiyaclarını ödəmədiyi fikrindədir:

Müəllimlərin biliklərini sertifikatla ölçürük, amma sosial vəziyyətlərini ölçməyə ehtiyac duymuruq. Elm və təhsilin əsas daşıyıcısı olan müəllimlərin qiymətləndirilməsi maaş artımı, iş şəraiti və ictimai statusla tamamlanmasa, bu proses nə dərəcədə ədalətlidir?

Kamran Əsədov sonrakı paylaşımında bir müəllimin yazdığı statusu paylaşaraq, ürəkağrıdan mənzərəni əyani olaraq göstərməyə çalışıb:

“Mən 93% nəticə ilə müəllim olmuşam, 400 manat maaş alıram. Amma hər dəfə mağazaya gedəndə övladımı qapıda gözləməyə göndərirəm. Ona deyirəm ki, içəridə sıxlıqdır, çox adam var. Amma həqiqəti deyə bilmirəm. Deyə bilmirəm ki, bəlkə də sən içəri girsən, gözlərin nəyəsə sataşar, nəyisə istəyərsən, amma mən sənə ‘yox’ demək məcburiyyətində qalaram. Çünki gücüm çatmaz. Mən öz övladımın qarşısında ‘yox’ deməyi bacara bilmirəm. Amma bacardığım o qədər dərsin, o qədər bilik yükünün altında qalmışam ki, sanki bu yük mənim insanlıqdan kənarlaşmağıma səbəb olub.

Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm. Övladım məni qapıda gözləyir, gözlərində ümid, üzündə təbəssüm. Mən isə yalnız bir şeyi düşünürəm: bu kiçik qəlbin böyüdükcə atasının imkansızlığını görüb sınmaması üçün nə edə bilərəm? Axı mən necə izah edim ki, ‘Oğlum, atan 93%-lə imtahanı keçib, amma sənin balaca arzularını belə qarşılamaqdan acizdir?’



Bizə deyirlər ki, müəllim müqəddəs peşədir. Bəli, müqəddəsdir. Amma müqəddəslik mənim ailəmi doydurmur, övladımın arzularını gerçəkləşdirmir. Mən hər gün sinif otağında şagirdlərimə böyük xəyallar qurmağı öyrədirəm, amma öz balama heç bir xəyal verməyə cəsarət etmirəm. Çünki bilirəm ki, mən onun üçün o xəyalları reallığa çevirə bilməyəcəyəm.

Mən sinfə girəndə onlara gələcəkdən, arzularından, imkanlardan danışıram. Amma evə qayıdanda övladıma niyə yoxsulluğun içində boğulduğumuzu izah edə bilmirəm. O, mənim gözlərimdəki çarəsizliyi hiss etməsin deyə üzümü başqa yana çevirirəm. Hər gecə başımı yastığa qoyanda bu sual məni boğur: ‘Axı mən harda səhv etdim? Axı mən bu xalqın gələcəyini yetişdirən müəlliməmsə, öz ailəmi necə yetişdirim?’

Mənim səsimi eşidən varmı? Yoxsa müəllimlərin yalnız dərs dediyini, ağrımadığını, utanmadığını, dözə bildiyini düşünürsünüz? Mən bir müəllim, bir ata, bir insan olaraq səsimi qaldırıram: övladımın xəyalını heç kimə satmayın!”
Geri qayıt