Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Maaş tələb edənlər işdən çıxarılmaqla hədələnir...

Maaş tələb edənlər işdən çıxarılmaqla hədələnir...


Dünən, 11:32
Maaş tələb edənlər işdən çıxarılmaqla hədələnir...
Naxçıvandakı Arkoz Holdinqin Daş Məhsulları Sənaye Kompleksində çalışanlar artıq 3 aydır maaşlarını ala bilmədiklərini bildirirlər. Şikayətçilərin sözlərinə görə, rəhbərlik hər dəfə əməkhaqqının “bu gün-sabah veriləcəyini” desə də, vəziyyət dəyişmir. Maaş tələb edənlər isə işdən çıxarılmaqla hədələnir.
İşçilər “Gündəlik Naxçıvan” bildirirlər ki, bu müddət ərzində borc alaraq, nisyə ərzaq götürərək və bank kreditləri ilə ailələrini dolandırmağa çalışıblar. Amma artıq vəziyyət çıxılmaz hal alıb.
Kompleks işçilərindən A. Məmmədov deyir ki, 3 ayda 1500 manat borca düşüb:
“Biz də insanıq, ailəmiz, uşaqlarımız var. Maaşımızı ala bilmirik. Hər gün deyirlər ki, pul yoxdur. Borc üstünə borc yığılır. İşdən çıxarsalar, maaş da verməyəcəklər, iş də tapmayacağıq. Çox çətin vəziyyətdəyik.”
Başqa bir işçi, O. Babayev isə deyir ki, kənd dükanından 700 manatlıq nisyə ərzaq götürüb, amma indi dükançı borc verməyi dayandırıb. İşçi vəziyyətin artıq dözülməz olduğunu belə izah edir:
“Nə dükan borc verir, nə də maaş ala bilirik. Məcbur qalıb bankdan 1000 manat kredit götürdüm, indi bank da sıxışdırır. Üstəlik, deyirlər ki, maliyyə yoxdur, kompleksi satıb pulumuzu verəcəyik. Amma o vaxta qədər biz necə yaşayacağıq? Kompleks satılmasa, yaxud satılması illərlə uzansa, bizim taleyimiz necə olacaq?”
Şikayətçilər aidiyyəti qurumlara müraciət etsələr də, hələ də maaşlarını ala bilməyiblər. İşçilər hökumətdən problemin həllinə müdaxilə etməyi və maaşlarının ödənilməsini tələb edirlər.

Geri qayıt