Əsas Səhifə > Şou-biznes > “Şahbaz bəy roluna məni çağırmışdılar, getmədim, yaxşı ki, Ənvər gedib filmdəki qızla evləndi”

“Şahbaz bəy roluna məni çağırmışdılar, getmədim, yaxşı ki, Ənvər gedib filmdəki qızla evləndi”


Bu gün, 02:20

“Ənvərlə bizim tanışlığımız təxminən 54 il bundan əvvəl, 1972-ci ildə başladı. Çünki o vaxt mən kinostudiyaya, Adil İsgəndərovun kinoaktyor kurslarına qəbul olmuşdum. Ənvər oranı bitirmişdi, gəlib gedirdi, yeni gələn uşaqlara diqqətlə baxırdı. Sonra tale elə gətirdi ki, biz ikimiz də “Bizim küçənin oğlanları” filmində sınaq çəkilişində olduq. Təbii ki, Ənvər sınaqdan keçdi və baş rolda çəkildi. Bu mənim ilk sınaq çəkilişim idi. O vaxtdan da Ənvərlə yaxınlıq etdik. Moskvada oxuyub gələndən sonra isə münasibətimiz daha da yaxın oldu. Müxtəlif işlərdə, dublyajlarda görüşürdük. Amma dost deyildik. Sonra gördük ki, biz bir-birimizlə dostluq edə bilərik. Baxdığımız filmlər haqda fikirlərimizi bölüşürdük. Kinostudiyanın iməcliklərində bir araya gəlirdik. Ənvər o vaxtdan aktiv bir şəxsiyyət idi. Dostluqda möhkəm idi. Gördüyü işə can yandıra bilirdi. Həmin bu canfəşanlığı Ənvəri insanın özünə cəlb edirdi. Bu yaxınlıq daha sonra ailəvi dostluğa çevrildi”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, görkəmli sənətkar Ənvər Həsənovun yaxın dostu, Əməkdar artisti Ötkəm İsgəndərov deyib.
O daha sonra əlavə edib:
“Ənvərlə tanış olmaq mənim üçün qürur hissi idi. Çünki Ənvər o dövrün ən məşhur aktyorlarından biri idi. “Uşağlığın son gecəsi” filmindəki Murad rolu onu bütün Azərbaycana tanıtmışdı. Ənvərlə söhbətləşmək, ona salam vermək böyük bir şərəf idi. Dostluq etmək isə başqa bir əhval-ruhiyyə idi. Biz “Ovsunçu” filmində daha da yaxın olduq. O ikinci rejissor idi, məni də köməkçi kimi dəvət etmişdi. Mən Moskvada oxuyanda “Dərviş Parisi partladır” filmində Şahbaz bəy roluna dəvət almışdım. Amma bu dəfə də həmin rola Ənvər çəkildi. Belə çıxır ki, hər zaman rol üzərində rəqabət aparmışıq, amma həmişə Ənvər qalib gəlib. O filmin çəkilişləri bitəndən sonra eşitdim ki, Ənvər həmin ekran işində Şərəfnisə roluna çəkilən Mömünat xanımla ailə həyatı qurub. Mömünat xanımı da universitetdə oxuyandan tanıyırdım. Onların izdivaclarına çox sevindim. Ürəyimdə fikirləşdim ki, nə yaxşı bu rola mən çəkilmədim, Ənvər çəkildi və onlar tanış olub ailə həyatı qurdular. Gözəl övladları da dünyaya gəldi. Mömünat xanım olduqca mehriban, istiqanlı xanım idi. Çox gözəl aktrisa idi. “Ovsunçu” filmində Mömünat xanıma görə Ənvər bir müddət çəkilişlərə gəlmədi. Çəkiliş vaxtı Ənvərin yoxluğu hiss olunurdu. 2-3 günlük Ənvəri orada əvəz etdim. Gələndən sonra dedi ki, “nə etmisən, işləri pis günə qoymusan”. Dedim ki, nə bacarmışamsa onu etmişəm. Ənvər kinosuz yaşaya bilmirdi, ömrünü kinoya həsr etmişdi. Çəkilməyəndə ikinci rejissor, asistent işləyirdi. İşlədiyi filmdə də uyğun rollara çəkilirdi. Ənvər həmişə çəkilmək istəyirdi. Bu da rejissordan asılı idi. Rejissor dəvət etsə çəkiləcəkdi, dəvət etməsəydi işsiz qalacaqdı. Mənə elə gəlir ki, Ənvərdən lazımınca istifadə olunmadı”.
Ötkəm İsgəndərov bildirib ki, Ənvər Həsənov həyat yoldaşını itirəndən sonra ömür-boyu onun həsrəti ilə yaşayıb:
“Mömünat xanımın faciəli ölümü Ənvərə çox pis təsir etdi. Özünü günahkar hesab edirdi, bağışlaya bilmirdi. Bəzən görüşəndə deyirdi ki, “Ötkəm onsuz yaşaya bilmirəm, inanmazsan, mən axşamlar Mömünatın portret şəkili ilə danışıb söhbətləşirəm, dərdləşirəm”. Ənvər Mömünat xanımı həddindən çox sevirdi. O cür həyat yoldaşını itirmək Ənvər üçün böyük bir faciə idi. Təbii ki, bu faciə onun psixologiyasına da təsirsiz ötüşmürdü. Bir az da əsəbi, kaprizli olmuşdu. Heç cür həyatla barışa bilmirdi, özünə qapanmışdı. Yavaş-yavaş xəstələnməyə başladı. Ənvər xəstə ola-ola yenə də istəyirdi ki, hansısa filmdə işləsin. 90-cı illərdə durğunluq vaxtı idi, o da çalışırdı ki, orada-burada işləməklə ailəsini dolandırsın. Ailə dolandırmaq hər bir kəsin problemi idi. Ənvər iş tapmadığına, çəkilmədiyinə görə bir az özünə qapandı. Maddi vəziyyəti çətinləşdi. Şəhərin mərkəzindəki evini satıb başqa yerdə ev aldı. Bu çətinlik bir az da Ənvəri sıxmağa başladı. Hərdənbir telefonla dərdləşirdik. Mən də evdən çıxıb onun yanına gedə bilmirdim. Tədbirlərdə görüşürdük. Amma hər gün zəngləşib, bir-birimizin halından xəbərdar olurduq. Mömünat xanımsız həyat həqiqətən də Ənvər üçün böyük bir faciə idi. Elə bu fikir onu “əritdi”. 2-3 dəfə infarkt keçirtdi, 2-3 əməliyyat olundu. Yanaşı xəstəlikləri də var idi. Mənim də səhhətim bir o qədər də yaxşı deyildi deyə gedib onu xəstəxanada ziyarət edə bilmədim. Onsuz da yanına buraxmırdılar. Ənvərin ölüm xəbərini eşidəndə çox pis oldum. Təsirləndim. Ənvər hələ yaşamalı, yaratmalı idi. Təbii ki, qoca yaşında da aktyorları çəkmək olar. Nədənsə filmlərdə bu gün qoca obrazları azdır. Ənvər mənim üçün mehriban və doğma bir adam idi. Onu təkcə mən yox, ailəsi yox, Azərbaycan kinosu da itirdi. Bu itkinin yeri görünür. Daha bundan sonra onun təkrarı olmayacaq. Onun Muradı, Cəlalı, Şahbaz bəyi, Siracı.. O kinoda bu adları qoyub getdi. Allah ona rəhmət etsin”.

Geri qayıt