Əsas Səhifə > Şou-biznes > “Bu hər sənətkara nəsib olmur, ömrümü gülüşlə, tamaşaçı alqışı ilə yaşamaq istəyirəm”

“Bu hər sənətkara nəsib olmur, ömrümü gülüşlə, tamaşaçı alqışı ilə yaşamaq istəyirəm”


Bu gün, 06:31

“İnsanın arzuları bitib-tükənməzdir. Sənətkar isə ömrünün sonuna qədər arzulayır. Yaxşı rollarla, obrazlarla, teatrda, kinoda, serialda tamaşaçı qarşısına çıxmağı arzulayır. Ömrünün sonuna qədər, sağlamlığı imkan verəcəyi təqdirsə səhnədə olmaq istəyir. Bu əlbəttə ki, bəzi sənətkarlara nəsib olur, bəzilərinə yox. Amma söhbət məndən gedirsə mən həyatımdan da, sənətimdən də, mənə olan diqqət və qayğıdan da çox razıyam. Bundan sonra özümə yalnız sağlam can, ömrümü gülüşlə, tamaşaçı alqışı ilə yaşamağı arzulayıram”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, “Şöhrət” ordenli aktrisa Afaq Bəşirqızı deyib. O daha sonra əlavə edib:

“Doğum günümü öz ailəmlə birlikdə qeyd etdim. Hələ də davam edir. Ötən il yubileyimi dostlarım və sənət yoldaşlarımın ətrafında qeyd etmişdim. Bundan əlavə 17 avqustda Bakı Mədəniyyət Baş idarəsi tərəfindən Xətai rayonunda sevənlərimlə görüş təşkil olunub. Həqiqətən də xoşbəxt aktrisayam ki, bu qədər sevənim var və onlar daim mənimlə görüşmək, mənə sarılmaq, ünvanıma xoş sözlər demək istəyirlər. Bu sevgi məni yaşadır, stimul verir” deyə o bildirib.

Afaq Bəşirqızı bugünlərdə hərbi xidmətə yola saldığı nəvəsi Əhmədpaşadan da danışıb:

“Məni bu gün yaşadan xalqın, tamaşaçıların, dostlarımın, ailəmin, nəvələrimin sevgisidir. Bugünlərdə nəvəm Əhmədpaşanı hərbi xidmətə yola saldıq. Ondan ayrılmaq çətin də olsa həm də qürurludur. Qürur duyuram ki, onu vətənə şərəflə xidmət etməyə yola salmışıq. Sağ-salamat gəlməyini arzulayırıq. Çox darıxıram. Nənə ürəyi belədir də. Vətənə xidmət edən hər bir övladın valideynlərinə sağlam qovuşmasını arzu edirəm” deyə sənətkar bildirib.


Geri qayıt