Əsas Səhifə > Şou-biznes > “Mahnılarım unudulmur, xarici ölkələrdən dəvətlər gəlsə də getmədim”

“Mahnılarım unudulmur, xarici ölkələrdən dəvətlər gəlsə də getmədim”


Bu gün, 10:04

“Heç vaxt doğum günlərimi təntənəli şəkildə qeyd etməmişəm. Son illər isə ümumiyyətlə qeyd etmək istəmirəm. 89 yaşım tamam olur. Bəzi mənbələrdə yaşımı düzgün qeyd etmirlər. Yenə də ailə içərisində qeyd edəcəm. Oğlum, nəvəm Elmira və Oqtayla birlikdə. Bilirəm ki, oğlum məni yenə də güc-bəla ilə evdən çıxarıb, harasa aparacaq (gülür). Məni təbrik edən tamaşaçılara öz dərin ehtiramımı, təşəkkürümü bildirirəm”.
Bunu Moderator.az-a özəl açıqlamasında Xalq artisti, görkəmli sənətkar Elmira Rəhimova deyib.
Müğənni arzularından da danışıb:
“Mənim nə arzum ola bilər ki? Əlbəttə ki, arzularım dövlətimlə, millətimlə, ailəmlə bağlıdır. Hər zaman demişəm, yenə də deyəcəm ki, bizim xalqdan, millətdən heç bir ölkədə yoxdur. İnsanlar həm musiqiyə, həm mədəniyyətə dəyər verirlər. Bu əlbəttə ki, məni çox sevindirir. Bilirsiniz ki, mən dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmuşam, musiqimizi təbliğ etmişəm. Hər getdiyim ölkədən mənə orada qalıb, sənətimi davam etdirmək təklifi gəlib. Mən heç vaxt gedib başqa ölkədə yaşaya bilməzdim. Ona görə də dəvətləri qəbul etməmişəm. Bu gün düşünürəm ki, vaxtında düzgün qərar vermişəm”.
Elmira Rəhimova mahnılarının bu gün sevilərək ifa olunmasından da danışıb:
“Uzun illərdir ki, mən oxumuram. Amma mahnılarım yaddan çıxmır, bu gün də ifa olunur. Sevinirəm ki, o mahnılar bu gün də dillər əzbəridir. Gənclər ifa edirlər. Özü də xoşuma gələnlər də çoxdur. Necə sevinməyə bilərəm?”.

Geri qayıt