Əsas Səhifə > Şou-biznes > "Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?"
"Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?"Bu gün, 07:22 |
|
Rasim Balayevin ölüm xəbərini reanimasiya otağında eşitmişdim. O dünyanı görüb, bu dünyaya qayıtdığım ilk saatlarda başımın üstündəki orta yaşlı tibb bacısı əlindəki telefona baxıb içini çəkdi: "Rasim Balayev rəhmətə gedib. Heyf... Yaraşıqlı kişi idi. Cavanlığımda sevirdim onu."
Mən Rasim Balayevin pərəstişkarı olmamışam. Amma sənətkar kimi ona həmişə hörmət etmişəm. Samballı sənətkar idi.
Bir dəfə bir televiziya layihəsində redaktor işləyirdim. "Nəsimi ili" ilə bağlı buraxılış hazırlayırdıq. Verilişdə qonaq siyahısında Rasim Balayev də var idi. Amma prodüser onu yola gətirə bilməmişdi.
Axırda özüm zəng vurdum. Yenə imtina etdi. Bu dəfə bir az əsəbi danışdım. Tökdüm ətəyimdəki daşları. Dedim
— Rasim müəllim, siz həmişə şikayət edirsiniz ki, efirə bayağı adamlar çıxır, bayağı verilişlər hazırlanır. Bəs sizin kimi sənətkarlar sanballı verilişlərə gəlmirsə, onda bu verilişlərdən şikayət etməyə haqqınız varmı? Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?
Bir neçə saniyə susdu.
Sonra dedi:
— Yol uzaqdır.
Dedim:
— Maşın göndəririk.
Razılaşdı.
Və həmin verilişdə iştirak etdi. Bu şəkil də həmin verilişdən bir xatirədir.
Sənətkarın həyatı kiminsə yaddaşında bir obraz, kiminsə gəncliyində bir sevgi, kiminsə peşə həyatında bir xatirə kimi də yaşayır.
Günel Qarayeva - "DİA-AZ"
Geri qayıt |