Əsas Səhifə > Şou-biznes > “Xarici görünüşləri üzərində işləyirlər, intellektləri üzərində də işləsələr yaxşı olar”

“Xarici görünüşləri üzərində işləyirlər, intellektləri üzərində də işləsələr yaxşı olar”


Bu gün, 05:55

Sosial şəbəkələrdə nitq inkişafı və efir estetikası ilə bağlı olan bəzi səhifələr və mütəxəssislər son günlər ard-arda ötən illərin aparıcılarının danışıqlarını, efir mədəniyyətlərini paylaşaraq, onların ünvanına xoş sözlər söyləyirlər. Həmin görüntülər çoxsaylı tamaşaçılar tərəfindən də bəyənilərək, yüksək baxış toplayır. Həmin görüntülərdə Roza Cəlilova, Ofeliya Sənani, Rafiq Hüseynli, Ceyran Rəhimova, Şərqiyyə Hüseynova, Həqiqət Əsgərzadə, Sabir Məmmədov və s. diktorların yüksək efir mədəniyyəti indiki aparıcılara nümunə kimi göstərilir. Adlarını qeyd etdiyimiz diktorların bəziləri dünyasını dəyişsə də, bir çoxları bu gün efirlərə gəlmir, müsahibə vermir. Amma yenə də onlara olan sevgi günbəgün artır.

Moderator.az olaraq tanınmış teleaparıcı, musiqi layihələrində böyük və danılmaz əməyi olan Ceyran Rəhimova ilə əlaqə saxlamağa müvəffəq olduq. Ceyran xanım bildirib ki, ona olan tamaşaçı sevgisindən xəbərdardır və onların hər birinə təşəkkür borcu var. Amma Ceyran xanımı bugünki efirlərlə bağlı narahat edən bəzi səbəblər də var:

“Qədirbilən tamaşaçıların hər birinə öz təşəkkürümü bildirirəm. Tez-tez sosial şəbəkələrdə yazırlar, mənim üçün darıxdıqlarını deyirlər, şəkillərimi paylaşırlar, yolda görəndə şəkil çəkdirirlər. Bu sevgini heç bir şeylə əldə etmək mümkün deyil. Biz zamanında bu sevgini, hörməti qazanmışıq. Mən deyə bilmərəm ki, heç bir aparıcını, heç bir layihəni bəyənmirəm. Xeyr, indiki aparıcılarda bəyəndiyim və bəyənmədiyim nüanslar var. Xoşuma gələn xüsusiyyətlərdən biri onların zövqlü geyimlərdən istifadə etmələridir. Stilistlərlə çalışırlar, vizual olaraq öz üzərində işləyirlər. Amma intellektləri üzərində də işləsələr çox yaxşı olar. Bilinmir ki, aparıcılar türkcə danışır yoxsa ingiliscə?! Elə sözlərdən istifadə edirlər ki, adam başa düşmür. Biz bunları desək də, deməsək də tamaşaçı hər şeyi çox gözəl bilir” deyə Ceyran Rəhimova bildirib.

O daha sonra bəzi sosial verilişlərin bağlanmasından danışıb:

“Problemlər hər zaman olub. Amma həmin problemləri verilişlərdə insanları biyabır edəcək səviyyədə həll edib, gündəmə gətirib, kimlərinsə özəl həyatını kino lenti kimi tamaşaçıya göstərmək ayıbdır. Biz heç vaxt öz millətimizin insanlarını, nümayəndələrini biyabır etməmişik. Bizim vaxtımızda da sosial verilişlər var idi. Amma hər şeyi həddində, qədərində edirdilər. Biz efirlə, televiziya ilə böyümüşük. Televiziya hər zaman güzgü rolunu oynayıb. Biz də televizora baxmaq istəyirik. Əlbəttə ki, arzulayırıq ki, normal, səviyyəli, xalqa və mədəniyyətə xidmət edən verilişlər olsun. Efirlərimizdə az da olsa baxımlı, əhəmiyyətli və cəmiyyətə lazım olan verilişlər də var” deyə Ceyran Rəhimova bildirib.


Geri qayıt