Əsas Səhifə > Şou-biznes > "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..."

"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..."


Bu gün, 09:13

"Bu il teatr mövsümünü çox gözəl, məhsuldar başa vurduq. Bilirsiniz ki, rejissoru Samir Qulamov olan "Mesenat" tamaşası hər kəsin böyük həvəslə, şövqlə seyr etdiyi bir səhnə əsəri oldu. Mən də bu tamaşada xeyriyyəçi və milyonçu Musa Nağıyevin obrazını yaratdım. Tamaşaçılar bizi zaldan buraxmırdılar. Tamaşaya olan sevginin yeni teatr mövsümündə də davam edəcəyini indidən demək mümkündür. Yeni mövsümdə yenə də iki səhnə əsəri hazırlanacaq, ikisində də oynayacam. Onların da rejissoru çox istedadlı, peşəkar Samir Qulamovdur. Televiziyalardan birinə aparıcı kimi dəvət gəlib. Allah hamını işindən yarıtsın, sevindirsin, biz də onun içində. Biz də çalışırıq ki, xalqa, dövlətə öz sənətimizlə xidmət edək".
Bunu Moderator.az-a açıqlamasında Akademik Musiqili Teatrın aparıcı aktyoru, Əməkdar artist Çingiz Əhmədov deyib.
O daha sonra bəzi sənət adamlarının görkəmli sənətkarlar haqqında danışan yalanlarından bəhs edib:
"Bir neçəsi var, deyir ki, Nəsibə xanımla belə çəkilmişəm, elə görüşmüşəm. Elə adamlar danışanda hətta ağzından da vurub demişəm ki, neçənci ildə olub bu? Sən axı onu heç normal görməmisən! Ola bilər sən Nəsibə xanımı çəkilişdə yox, yol gedəndə görmüsən! Mən 1984-cü ildən o teatrda çalışıram. Nəsibə xanımın şən, şux vaxtlarını görmüşəm. Onunla xırda rollarım da olub, konsert proqramlarında da bir araya gəlmişik. Lütfəli Abdullayevlə görüşməmişəm, yalan deyərəm. Amma Əliağa Ağayev mənim ustadım olub. Mobil Əhmədov, Əzizağa Qasımov, İmamverdi Bağırov, Nəcibə Behbudova, Şəfiqə Qasımova, Dağmara Seyidzadə, Bəhram Əliyev kimi nəhəng sənətkarlarla çalışmışam. Allah onların hamısına rəhmət etsin. Elə adam var ki, bu gün saysız-hesabsız titulları var, amma mən ondan əvvəl efirə çıxmışam. 10 yaşımdan uşaq verilişləri, daha sonra "Şəhər görüşləri", "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət", "Kitab köşkü" adlı ekran işlərində görünmüşəm. Mən bu işin içində olanda hələ onlar yox idi. Titulları necə aldıqlarını da bilirəm".

Geri qayıt