Əsas Səhifə > Şou-biznes > Tərbiyəsiz MOTSART...

Tərbiyəsiz MOTSART...


Bu gün, 07:16

Motsartın biədəb mahnılar bəstələdiyini bilirdinizmi?
Volfqanq Amadey Motsart "Sehrli fleyta", "Fiqaronun toyu", "Don Covanni" kimi ölməz əsərlərin müəllifi olmaqla yanaşı, dostlarını güldürmək üçün kobud zarafatlar edən, açıq-saçıq məzmunlu kanonlar yazan bir insan idi.
Məşhur "Leck mich im Arsch" adlı əsərinin adı bu gün də çoxlarını təəccübləndirir. XVIII əsr alman dilində işlənən bu ifadə kobud məcazi deyim idi ( Əsərin adı tərcümədə "Arxamı öp" deməkdir) və Motsart onu heç çəkinmədən əsərinin adına çevirmişdi. Sonralar isə bu ad senzura məqsədilə dəyişdirilərək daha "ədəbli" bir başlıqla nəşr olundu. Bu gün də həmin əsər bəstəkarın qeyri-ciddi və zarafatcıl xarakterinin simvollarından biri kimi qəbul edilir.
Maraqlıdır ki, Motsartın yumoru yalnız sözlərdən ibarət deyildi. O, "Musiqili zarafat" adlı əsərində qəsdən səhv notlardan, gözlənilməz keçidlərdən və dissonanslardan istifadə edərək dövrünün zəif bəstəkarlarını lağa qoyurdu. İroniya ondadır ki, zarafat məqsədilə bəstələdiyi musiqi eksperimentləri sonrakı dövrlərdə ciddi musiqi cərəyanlarının yaranmasına təsir göstərdi. Bu fakt bizə bir şeyi xatırladır: dahilər həmişə düşündüyümüz qədər ciddi olmurlar. Bəzən onların ən maraqlı tərəfi məhz qaydaları pozmaqdan çəkinməmələridir. Bəlkə də Motsartı ölməz edən yalnız onun dahiyanə melodiyaları deyil. Onu unudulmaz edən həm də bütün ziddiyyətləri ilə birlikdə canlı, səmimi və azad ruhlu bir insan olmasıdır.
Müəllif: Günel Musa - Mənbə: "DİA-AZ"

Geri qayıt