|
Media Masası"nın növbəti buraxılışını izlədim. Mirşahin Ağayev yenə də hər zamankı üslubunda idi: aqressiv ton, pafos və məntiqi əsaslandırılması çətin olan müqayisələr . Mirşahinin çıxışında müəyyən mənada haqlı fikirlər var. Xüsusilə rəqəmsal asılılıq, informasiya təhlükəsizliyi və milli medianın qorunması ilə bağlı dedikləri düşündürücüdür. Amma problem ondadır ki, həqiqətləri deyərkən birdən mövzudan yayınır, emosional və aqressiv ifadələrə keçir. Auditoriyanı ittiham edən, tənqid edən üslub isə əsas fikrin təsirini azaldır. Məsələn verilişdə səsləndirdiyi "televizora baxmıram demək tərbiyəsizlikdir" fikri özü-özlüyündə mübahisəlidir. İnsan hansı informasiya mənbəyini seçəcəyinə özü qərar verir. Kimsə televiziyaya baxır, kimsə kitab oxuyur, kimsə internet platformalarından istifadə edir. Bu, tərbiyə məsələsi deyil, seçim məsələsidir. Daha sonra bu seçimin dişini fırçalamayan insanla müqayisə etməsi artıq məntiqi analogiya deyil. Şəxsi informasiya seçimi ilə gigiyena vərdişini eyni müstəviyə qoymaq sağlam arqument deyil, sadəcə emosional təsir yaratmağa hesablanmış ritorikadır. Ümumiyyətlə Mirşahin Ağayevi dinləyəndə istər-istəməz Herman Melvillin "Mobi Dik" romanındakı Kapitan Ahab yada düşür. Ahab da dəyişən reallığı qəbul etmək əvəzinə, bütün enerjisini öz həqiqətini sübut etməyə sərf edirdi. Mirşahin Ağayev də televiziyanın auditoriya itirməsinin səbəblərini araşdırmaq əvəzinə, televiziya izləməyən insanları qınamaq yolu seçir. Keçmişə kor-koranə bağlılıq çox vaxt insanı həqiqətdən uzaqlaşdırır. Kapitan Ahabın faciəsi də məhz burada idi. Hər dövrün öz həqiqəti var və onu qəbul etməyənlər nə qədər yüksək səslə danışsalar da, zamanın istiqamətini dəyişə bilmirlər.
Müəllif: Günel Musa - Mənbə: "DİA-AZ"
Geri qayıt
|