Əsas Səhifə > Şou-biznes > Əməkdar artistdən TƏSİRLİ çağırış

Əməkdar artistdən TƏSİRLİ çağırış


Bu gün, 14:34

“Əvvəlki işimə geri qayıtmağım ilə bağlı video müraciətimdən sonra Akademik Milli Dram Teatrın rəhbərliyi tərəfindən bildirildi ki, aktrisa ştatı yoxdur. Qərəzli şəkildə. Bu qərəzli şəkildə mənə olan cavabdır”.

Musavat.com bildirir ki, bu barədə Əməkdar artist Mehriban Xanlarova son videomüraciətində danışıb.

Aktrisa 28 il fəaliyyət göstərdiyi doğma teatrına qayıtmaq istəyinin qarşısının alınmasından narazılığını ifadə edib və məsələnin onun üçün prinsipial xarakter daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, teatrda yenidən işləmək istəyi ilə bağlı müraciətindən sonra ona “ştat yoxdur” cavabı verilib və bu yanaşmanı qərəzli hesab edir: “İndi bəlkə hər kəs təəccüblənəcək. Yox, təəccüblənməyin. Artıq mən buna qərar verdim. Məni Akademik Milli Dram Teatrında xadimə vəzifəsinə götürsünlər. Mən buna razıyam, təki mən teatrıma qovuşum, öz doğma teatrımda işləyim. Mən buna razıyam. Mən xadimə vəzifəsində işləyənlərdən artıq deyiləm. Namusla, qeyrətlə çörək qazanıb evə gətirmək mənim üçün ayıb deyil. İndi görüm buna nə bəhanə gətirəcəksiniz? Buyurun, sizdən cavab gözləyirəm”.

Xatırladaq ki, Mehriban Xanlarovanın bundan əvvəl işinə qayıtmaqla bağlı müraciətinə cavab olaraq Dövlət Akademik Milli Dram Teatrından bildirilib ki, hazırda teatrda müvafiq vakant ştat mövcud deyil. Qurumun açıqlamasında, həmçinin, qeyd olunub ki, Mehriban Xanlarova əvvəlcə yenidən işlə təmin olunması ilə bağlı müraciət edib və onun müraciəti nəzərə alınaraq, peşə fəaliyyətini davam etdirməsi məqsədilə alternativ imkanlar da təklif edilib. Bildirilib ki, ona digər dövlət teatrlarında iş imkanları, eləcə də Mədəniyyət Nazirliyinin “Teatral Akademiya” layihəsi çərçivəsində gənc aktyorlar üçün ödənişli əsaslarla ustad dərslərinin aparılması kimi təkliflər irəli sürülüb.

Lakin aktrisa yalnız Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmaq istədiyini bildirərək təqdim olunan alternativ variantları qəbul etməyib. Teatr tərəfindən vurğulanıb ki, onun işə bərpası ilə bağlı son müraciətinə cavab olaraq bir daha izah edilib: əmək münasibətlərinə xitam onun öz yazılı müraciəti əsasında verilib və hazırda teatrda müvafiq vakant ştat mövcud deyil.


Geri qayıt