Əsas Səhifə > Şou-biznes > “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar”

“Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar”


Bu gün, 13:14

“Görün atam neçə illərdir dünyasını dəyişib, biz hələ də onun yaşadığı binanın qarşısına memorial lövhəsini vurdura bilmirik. Atamın Xəqani küçəsində, yaşadığı binanın qarşısında lövhəsi yoxdur. Niyə? 30 ildir ki, memorial lövhənin ora vurulması uğrunda sözün əsl mənasında mübarizə aparırıq. Yanvar ayında Mədəniyyət Nazirliyində qəbulda da oldum, cənab nazirin özü ilə də bu mövzu barədə danışdım. Aidiyyatı orqanlarla da görüşmüşəm. Bu nə mövzudur ki, mən daha da yuxarı dairələri narahat edim?! Məktublar gəlir, Memorial və Abidə qorunması ekspert komissiyasının üstünə atırlar ki, onlar həll etməlidirlər. Baxmayaraq ki, o ekspert komissiyası da Mədəniyyət Nazirliyinin nəzdindədir. Mən heç nə başa düşmürəm. Yenə də sona qədər gedəcəm. Mən sonuncu övlad borcumu yerinə yetirəcəm. Eybi yox, Mədəniyyət Nazirliyi bunu qoy düşünməsin, amma mən düşünəcəm. Təəssüf ki, bizim nazirliyin yanaşması budur”.

Bunu Moderator.az-a özəl açıqlamasında görkəmli sənətkar Məlik Dadaşovun qızı Gülnarə Dadaşova deyib.


O daha sonra əlavə edib:

“Təbii ki, muzey də istərdim. Bütün bunlar hamısı maddiyata bağlıdır. Sponsor lazımdır. Muzey haqqında heç fikirləşmirəm, çünki memorial lövhəsini belə vurmurlar. Film çəkmək də maddiyata bağlıdır. Maddi imkanım olsaydı əlbəttə ki, bütün bu işlərin hamısını özüm təşkil edərdim. Yaxşı rejissorlar da, aktyorlar da tanıyıram. Eybi yox, mən bu dünyada olmasam da onunla bağlı filmi övladlarım, Məlik müəllimin digər nəvə və nəticələri həyata keçirə bilər. Mənim əsl istəyim memorial lövhədir” deyə o bildirib.

Gülnarə Dadaşova deyir ki, atasının 100 illik yubileyi də qeyd olunmayıb:

“100 illik yubiley mövzusu isə açıq qaldı.. Nazirlikdə də dedim, amma özlərini eşitməməzliyə vurdular. Təbii ki, bu mənə çox pis təsir edir. Mənim gözümün qabağında atam bu sənətin qurbanı oldu. Özü də o nəhəngliyində nadir bir aktyor idi. Ona görə də mən istəmirəm ki, bizim nəslin uşaqları aktyor olsunlar. O həm mənfi, həm müsbət, həm də dramatik rollar oynadı. 50 il səhnədə 100-dən çox obrazlar yaratdı. Keçmiş Sovet ölkələrinin 15 filmində atam çəkilib. Bizdə hansı aktyor başqa dövlətin kinostudiyasında çəkilib?! 15 ölkənin 15-də də səhnəyə çıxıb, filmlərində çəkilib. Onu Rusiyanın məşhur xalq artistləri teatrlarına dəvət edirdilər. Atam vətənini sevirdi, ona görə də getmirdi. Deyirdi ki, “mən burada doğulmuşam, burada da öləcəyəm. Başqası olsaydı bəlkə də qaça-qaça gedərdi” deyə aktyorun qızı bildirib.


Geri qayıt