Əsas Səhifə > Şou-biznes > “Atam Hollivudda çəkilməyə hazırlaşırdı, faciə baş verdi, səhnədə yıxıldı və...”
“Atam Hollivudda çəkilməyə hazırlaşırdı, faciə baş verdi, səhnədə yıxıldı və...”Bu gün, 10:25 |
|
“Mən atam Məlik Dadaşovla bağlı tez-tez paylaşımlar edirəm. Fikir vermişəm hər fotoda atamın üzü gülür. İzləyicilərim də bununla bağlı mənə suallar ünvanlayırlar. Məlik müəllim həqiqətən də həm özgüvənli insan idi, həm də hər kəsə qarşı çox pozitiv davranırdı. Hər bir tərəfdən şansı gətirmişdi. Bu həqiqətən də belədir. Artıq onun 102 yaşını qeyd edirik. Özü bu dünyada olmasa da övladları, nəvələri, nəticələri var. Təbii ki, biz hamımız onu xatırlayırıq. Bir saniyə də olmur ki, atamı mən unudum. O hər zaman mənim yadımdadır, ürəyimdədir. Mən bir övlad kimi danışıram, amma əminəm ki, bu hər bir tamaşaçı üçün də belədir”.
Bunu Moderator.az-a özəl açıqlamasında görkəmli sənətkar, xalq artisti Məlik Dadaşovun qızı Gülnarə Dadaşova deyib.
O daha sonra atasının arzularından danışıb:
“Hər insanın böyük bir arzusu yaxud da arzuları var. Təbii ki, incəsənət insanlarının arzuları lap çox olur. Onların fantaziyaları zəngindir. Məlik Dadaşovun ən böyük arzusu teatr səhnəsində Şekspirin “Kral Lir” əsərində Kral Lir obrazını canlandırmaq idi. Bu arzu ilə yaşayırdı və həmişə deyirdi ki, “artıq mən bu obrazın yaşına çatmışam”. Təəssüflər olsun ki, bu arzusu yarım qaldı. O Akademik Milli Dram Teatrının səhnəsində Maqbet rolunu canlandırdı. Deyirdi ki, “Maqbeti oynadım, Kral Lir-ə keçmək istəyirəm”. Gözəl bir rejissor və quruluş istəyirdi. Siz bilirsiz ki, Şekspir zəngin bir yazıçı idi. Onun əsərlərini səhnələşdirmək asan deyildi. Bir ata kimi, baba kimi, ailə başçısı kimi arzuları böyük idi. O evdə sənətkar deyildi, bir sadə ata, baba, həyat yoldaşı idi. Təbii ki, biz övladlarının uğurlarını görməyi arzulayırdı”.
Gülnarə Dadaşova atasının filmlə bağlı arzularından da danışıb:
“Məlik Dadaşovun kinoda böyük bir arzusu da var idi. O da başqa bir ölkə ilə bağlı idi. Rusiyanın tanınmış aktyoru Aleksandr Abdulov Rüstəm İbrahimbəyovun əsəri əsasında bir film çəkəcəkdi və baş rolu orada Məlik müəllim oynamalı idi. Çəkilişlərin müxtəlif ölkələrdə olması planlaşdırılmışdı. Hollivud şəhərində də çəkilişlər olacaqdı. Layihənin həyata keçməsi ilə Məlik Dadaşov bu günə qədər Hollivudda çəkilən yeganə azərbaycanlı aktyoru olacaqdı.. Kastinq baş tutdu və sınaq çəkilişləri oldu. Aleksandr Abdulov o vaxt dedi ki, “Məlik Dadaşov üçün mən sınaq çəkilişi düşünmürəm, çünki o elə zəngin aktyordur ki, baş rolda ancaq o oynamalıdır”. Hətta bizə Amerikadan zəng edib atamın hesab nömrəsini də istəmişdilər. Təəssüflər olsun ki, biz o ərəfədə Məlik Dadaşovu itirdik. Siz bilirsiniz ki, Məlik müəllim uzun illər Mədəniyyət və İncəsənət universitetində dərs deyirdi. Universitetin Səda Tədris Teatrında tələbələrlə məşq zamanı qəfil təzyiqi qalxıb və yıxılaraq dəmir stola dəyib. Güclü beyin travması almışdı. O travmaya əsasən 6 gün yaşadı və sonra komaya düşdü. Məlik müəllim qəfil həyatla vidalaşdı. Təbii ki, bu planlar həyata keçmədi. Aleksandr Abdulov da, Rüstəm İbrahimbəyov da atamın dəfninə gəldilər. Onlar da baş vermiş bu hadisəyə çox təəssüfləndilər. Atamgilin nəsli uzunömürlüdürlər. Həyatında o faciə olmasaydı atam çox yaşaya bilərdi. Atam sağlam insan idi. Hər şey qismətə bağlı idi. Bu da Allahın işidir. Statistika da göstərir ki, öz sənətini sevən peşəkar aktyorlar iş prosesi zamanı ya çəkilişdə, ya da teatrda tamaşa vaxtı dünyasını dəyişir. Atam da o fədakar aktyorlardan biri idi”.
Geri qayıt |