Əsas Səhifə > Şou-biznes > "Sağ olsun, həmin gecədə mənim yanımda oldu və..."
"Sağ olsun, həmin gecədə mənim yanımda oldu və..."Bu gün, 06:32 |
|
Səhnənin zərif simalarından biri olan Əməkdar artist Hüsniyyə Mürvətova 55 illik yubileyini sevənləri ilə birgə keçirib. Sənətkar “Gəl sənə həzin bir şeir söyləyim” adlı poeziya gecəsi ilə sevənlərinin qarşısına çıxaraq sözün, duyğunun və sənətin sehrini bir daha yaşadıb. Şeir və musiqinin harmoniyasında keçən gecədə aktrisanın sənət dostları, ictimaiyyət nümayəndələri və onu sevən tamaşaçılar bir araya gəlib. Kövrək duyğular, nostalji anlar və vətən sevgisinin hakim olduğu poeziya axşamı iştirakçıların yaddaşında xüsusi iz buraxıb. “Cebheinfo.az” yubiley gecəsinin təəssüratları və düşüncələri ilə bağlı Hüsniyyə Mürvətova ilə həmsöhbət olub. – Hüsniyyə xanım, 55 illik həyat yolunuza həsr olunan “Gəl sənə həzin bir şeir söyləyim” adlı poeziya gecəsinin ideyası necə yarandı? – Əslində, sənət adamı həmişə istəyir ki, yubileylərini, doğum günlərini səhnədə qeyd etsin. Çünki bu, onun üçün ən böyük hədiyyədir. Bu ideya da elə buradan yarandı. Düşündüm ki, illər ərzində səhnədə nə etmək istəmişəm, amma etməmişəm? Yadıma düşdü ki, neçə illərdir bir poeziya gecəsi keçirmək istəyirəm - poeziyasevərləri, şeirsevərləri başıma yığım. Bu barədə dostum, aktyor və rejissor Bəhruz Vaqifoğlu ilə məsləhətləşdim. O da dedi ki, çox gözəl olar. Sağ olsun, həmin gecədə mənim yanımda oldu və tədbirin rejissoru da məhz Bəhruz Vaqifoğlu idi. Onu da qeyd edim ki, bunun televiziya variantını vaxtilə “Xəzər TV”də “Söhbət musiqidən gedir” verilişində etmişdik. Amma bu dəfə istədim ki, həmin duyğunu canlı şəkildə tamaşaçılarla bölüşüm. Səsləndirdiyim şeirlər mənim illərdir söylədiyim və sevdiyim əsərlərdir. Siyahıya başqa şeirlər də daxil idi. Sadəcə istədim proqram çox uzun olmasın, tamaşaçı doymasın. Elə belə də oldu - tamaşaçı doymadı. Hətta mənə çox gözəl rəylər gəldi. Dedilər ki, Hüsniyyə xanım, üç saat da davam etsəydi, biz sizə qulaq asardıq. İnanın, o qədər xoş rəylər aldım, hamı arzulayır ki, bunu yenidən edim. İnşallah, bunu yenidən təşkil edəcəyik. Yəqin ki, həmin məkanda, biletlər isə “iTicket” üzərindən satışa çıxarılacaq və bu artıq daha geniş tamaşaçı auditoriyasına təqdim olunacaq. Bu dəfə isə mənim üçün əziz və yaxın olan insanları dəvət etmişdim. Sənət adamları, incəsənət və ictimai xadimlər gəlmişdilər. Sağ olsunlar, iştirak etdilər. Hər kəsə bir daha dərin təşəkkürümü bildirirəm. Mənə bu şəraiti yaradan, həmin səhnəni ərməğan edən “Show Gallery”nin rəhbərliyinə, Elmira xanıma, pianoçu Nərgiz Əliyevaya, skripka ifaçısı Azadə Həbibovaya və Bəhruz bəyə dərin minnətdarlığımı çatdırıram. – Poeziya gecəsi ilə tamaşaçıya hansı mesajı vermək istəyirsiniz? – Tamaşaçılara nostalji hisslər yaşatdığımı düşünürəm. Çünki hər kəsin gözləri dolmuşdu. Orada həm gənclər, həm yaşlı nəslin nümayəndələri, dostlarımız və dəyərli tamaşaçılarımız var idi. Hamısı mənə eyni sözü dedi: “Bizi kövrəltdiniz”. Tədbiri “Ana”, “Vətən” və “Azərbaycan” şeiri ilə bitirdik. Gecəni vətənpərvər ruhda bitirməyi özümə borc bildim. – Bu gün səhnəyə çıxan Hüsniyyə Mürvətova ilə sənətə ilk addım atan Hüsniyyə xanım arasında hansı fərqlər var? – Əslində, iç dünyamda elə də böyük fərq yoxdur. Bir status paylaşmışdım ki, illər üst-üstə gəlsə də, içimizdəki uşaq həmişə yaşayır. Yəni içimizdə o uşaq hər zaman var. Orada zarafatla da qeyd etmişdim ki, yəqin Uşaqlar Günündə dünyaya gəldiyim üçün belədir. Mən bacardığım qədər içimdəki o uşağı qorumağa çalışıram. O təmiz ruhlu, saf mənəviyyata sahib uşağı... İstəmirəm ki, kimsə ona toxunsun. Çünki o həmişə yaşamalıdır. O mənim vicdanımdır, ruhumun təmizliyidir, uşaqlığımdır. Amma əlbəttə ki, 18 yaşında sənətə gələn Hüsniyyə ilə 55 yaşındakı Hüsniyyə arasında fərq var. O da təcrübədir - keşməkeşli həyat və qazanılan sənət təcrübəsi. Şükürlər olsun bu günə. Mən Allaha çox şükür edirəm. Bu döyüşdə, bu mübarizədə Allah həmişə başımın üstündə oldu və mən heç nədən qorxmadan irəli getdim. Nə qədər maneələr olsa da, heç vaxt ümidimi itirmədim. Həmişə Allaha, eyni zamanda özümə inandım, güvəndim və iri addımlarla irəliləməyə çalışdım. Bu gün gördüyünüz, tanıdığınız Hüsniyyə Allahın köməyi və ətrafımda olan yaxşı, istedada və sənətə dəyər verən insanların dəstəyi sayəsində formalaşıb. – Bu gün cəmiyyətin poeziyaya və teatra marağını necə qiymətləndirirsiniz? – Çox gözəl qiymətləndirirəm. Tamaşaçılarımız, xalqımız poeziyanı həmişə sevib. Bu, əslində, bizim milli ruhumuzdan gəlir. Çünki xalqımızın dahi şairləri və yazarları həmişə olub və biz onların yaradıcılığından mənəvi qidalanmışıq. Biz onların şeirlərini öyrənə-öyrənə böyümüşük. Şeiriyyat nədir? Mənəviyyatın qidalanmasıdır. İnsan bəzən deyə bilmədiyi sözü bir bənd şeirlə ifadə edə bilir. Şeirin gücü də elə bundadır. Bizim xalqımız həmişə poeziya ruhlu olub, şeiriyyatı sevib. Ona görə də düşünürəm ki, bu gün poeziya da, teatr da inkişafdadır və tamaşaçıları məmnun edir. Geri qayıt |